“Vahid, mütəşəkkil, tək piramidalı bir qurum kimi xalqın istinad nöqtəsinə çevrilməyi bacarmalıyıq”
KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli müxalifət liderlərinə birliklə bağlı müraciət edib. Müraciətin qısa mətnini təqdim edirik:
“Son günlər demokratik düşərgənin canlanması və toparlanması istiqamətində çabalar göstərilməsini ictimaiyyətin bir nümayəndəsi kimi yaxından izləyirəm. Bu bizim hamımızda ümid yaradır ki, gec də olsa siyasətçisi, alimi, şairi, ziyalısı ilə bu xalq bir yerdədir və növbəti 5 ili də “dəmir qəfəsdə” yaşamaq istəmir, hürr, demokratik, azad yaşamaq haqqı olan bir millət kimi yaşamaq arzusundadır. Buna görə də böyük birliyin alınması, xalqımızın azadlıq və rifah içində yaşaması naminə birləşmək üçün Sizlərə müraciət etməyi özümə vətəndaşlıq borcu bilirəm. Bu borcun mahiyyətində ölkəmizi gözləyən ağır sınaqlardan və təlatümlərdən çıxmaq məqsədi dayanır. Sizlərin hər birinizin müdrikliyi, siyasi dünyagörüşü buna imkan verir. Ona görə də böyük birlik yeganə çıxış yolumuz, hüquqi dövlət,azad və demokratik cəmiyyət qurmaq amalımız, dövlətimizin müstəqilliyini qorumaq isə millətimiz və tarix qarşısında vəzifəmizdir.
İtirdiyimiz hər gün gələcək nəsillərin taleyinə,perspektivinə vurulan bir zərbə, işğal altında olan torpaqlarımızın bizdən bir az da uzaqlaşması deməkdir. Elə bütün bunları nəzərə alaraq yalnız və yalnız Azərbaycan naminə vahid güc mərkəzini formalaşdırmaq, ölkəmizi xilas edənə qədər birgə mübarizə aparmalıyıq.
Hörmətli dostlar! Əziz liderlər!
Siyasi İdarəetmə nəzəriyyəsi və praktikası onu deməyə əsas verir ki, vahid rəhbərliyi olmayan qurumların ömürü qısa, taleyi isə çox vaxt Siam əkizlərinin taleyi kimi olur. İkibaşlı orqanizmlərin yaşama perspektivi məhdud olduğu kimi müxalifət düşərgəsində də bu günə kimi yaranmış ikibaşlı qurumlar movsümi xarakterli olmuş və heç bir uğur qazanmamışdır. Reallığı, mövcud siyasi mühitin şərtlərini, daxili və xarici konyunkturanı nəzərə alaraq vahid, mütəşəkkil, tək piramidalı bir qurum kimi xalqın istinad nöqtəsinə çevrilməyi bacarmalıyıq. Böyük qələbə böyük birlikdən keçir!
Hər şey azad və demokratik Azərbaycan naminə!”.


