“Ey bəni-Üməyyə! Qısa bir vaxtda biləcəksiniz ki, hakimiyyətiniz və dünyadakı dövlətiniz qeyrilərinin əlinə düşəcək və düşmənlərinizin sarayına köçəcək” – Əli ibn Əbu Talibin “Nəhcül-bəlağə”sində yazılıb.
Dəfələrlə bu rejimə vurğunluğumdan yazmışam. Onun seviləsi məziyyətlərindən söz açmışam. Yəqin heyrətləndiniz ki, yəni bu yırtıcıda hansısa seviləcək bir yan, vurulacaq bir yön varmı?..
Biz yazırıq, deyirik, göstəririk. Dediklərimiz o qədər əsərsiz ki, xalqın bir tükü çatdırdıqlarımızdan tərpənə, ya tərpənməyə. Sanki dünya vecinə deyil. Sanki, hər şey – bütün qanunsuzluqlar, talançılıqlar, rüşvət, korrupsiya, amansızlıq, zalımlıq, qəddarlıq, böhtan, xof, xalqın düz gözünün içinə söylənən yalançı nağıllar, elə beləcə də olmalıymış. Burda nə qəbahət bir iş varmış, nə savaşılacaq bir səbəb. Həm də bizim dediyimiz sözün nə qədər tirajı var ki, xalqa əsər də eləyə – 7-8 min adama yayılan sözdən nə kəsər gözləyəsən? Çox yox, bir həftə haqqı yazan qəzetlər 7-8 min yox, 7-8 milyon tirajla xalqa dağıdılsa, hesab eləyin ki, bəni-Üməyyənin taxtı dağıldı. Bu tirajla kimsəni ifşa eləyə bilməzsən. O 7-8 min oxucunun cəmi əlli faizi sənin daimi oxucundu və elə səninlə bir yolda addımlayanlar, savaşanlardı ki, sən yazdın-yazmadın onlar yenə də savaşacaqlar. Sadəcə, sənin yazmağın bu kəsimə onun savaş əzmini sağlayacaq yeni bilgilər verir. Bəs xalq? Kütlə? Çoxluq? Yaxşı, onlarla necə işləməli? Onları necə uyqudan bidar eləməli? Əlində tam efirli televiziyan yox, radion yox. Ümid yenə də Allahamı qalır? Xeyr. Allah yer məsələlərilə uğraşmır, ayrıca da Allah, Azərbaycanın işinə heç qarışmır.
Elə isə ümid kimədi?
Bax, elə savaşdığımız bu rejimin özünədi ümid. Mən Azərbaycanda xalqı ayağa qaldıra biləsi yeganə güc tanıyıramsa – o da elə bu rejimin özüdü. Onun mahiyyətində olan bir özəllikdi. Bu, ÖZÜNÜIFŞA özəlliyidi. Az əvvəl dediyim kimi, bizim bunları ifşa eləməyimiz hələ ən azı tirajsızlıq üzündən tam effekt vermir. Hakimiyyətin tirajı isə azı 8 milyondu. Bu yolda dövlət başçısından adi, xırda, bapbalaca bir məmuracan hamı əzmlə, yorulmadan, usanmadan çalışır ki, rejim məhv olsun. Bizdən daha maraqlı metodlarla.
Dövlət başçısının rayonlara səfərləri hər dəfə bir rayonun əhalisini ayıldır. Xalqın gözünün içinə deyilən yalanlarla.
Müxalifət və biz yazarlar nə qədər bağırsaq da ki, ölkə üzü diktaturaya, monarxiyaya, sülalə hakimiyyətinə gedir, söz azadlığı pozulur, sözümüz Biləcəridən o yana getmir. Hələ məmur-akulaları atıram bir qırağa, hələ süpürgəpulu yığmaq üzrə nazirliyi də başqa bir yana atıram, dövlət başçısı, tək başına, maddə-maddə dəyişəcəyi konstitusiya üçün referendum keçirməklə, KIV haqqında qanuna elədikləri düzəlişlərlə xalq kütlələrini ayıldır. Son parlament seçkisiylə də xalqa bir daha başa saldılar: Sən heç kimsən. Biz sənin səsini sən evdə otura-otura da, istəsək səsvermə qutusuna, istəsək zibil qutusuna atırıq.
Qarşıdan gələn prezident seçkisi isə, bu rejimin sonuncu gözəl addımı olacaq. Seçki məntəqəsi seçki yox, ayıltma məntəqəsi funksiyasını yerinə yetirəcək və xalqın biryolluq ayılmasını təmin edəcək. Bu addımın adı fəlakətqabağı ÖZÜNÜMƏHVETMƏ adlanır. Start verilib. Düymə basılıb. Geriyə sayım başlayıb.

Ayıltma məntəqəsi
•
•