Hakimiyyətin bir ailənin başına gətirdikləri…

Şirinbacı Rzayeva: «Gecələr yatmıram, hönkür-hönkür ağlayıb, başıma bu müsibətləri gətirənlərə qarğış edirəm…»

«Gecə-gündüz dua edirəm ki, kim gəlir gəlsin, təki bunlar çıxıb getsinlər»

Bir ildir ki, həbsdə olan Ilqar Rzayevin Hüquqlarını Müdafiə Komitəsi onu “Eurovision məhbusu” adlandırır. Bu da səbəbsiz deyil. Çünki ötən ilin mayında “Eurovision” ərəfəsində Ictimai Palatanın keçirdiyi mitinqdə Şirinbacı Rzayeva çıxış edərək, vətəndaşların mülkiyyət hüququnu tapdadığına görə hökuməti tənqid etməsindən bir neçə gün sonra onun oğlu Ilqar Rzayev həbs olundu. Özü də adətən siyasi motivli həbslərdə şərləmə üçün istifadə olunan ittihamla – narkotiklə təqsirləndirilərək.
Qeyd edək ki, mülkiyyət hüququ hökumət tərəfindən tapdananlar sırasında Rzayevlər ailəsi də var. Onlar şəhərin “Beşmərtəbə” adlanan ərazisində, Mirzağa Əliyev küçəsində yaşayırdı. Lakin “Qış bulvarı” tikintisi adı altında yüzlərlə ailə kimi, Rzayevlər də zorla evindən çıxarıldı…
Rzayevlərə baş çəkib, Şirinbacı xanımla həm ailənin problemləri, həm də Ilqar Rzayevin durumu haqda söhbətləşdik. Amma söhbətə Ilqar Rzayevin Açıq Cəmiyyət Partiyasından (ACP) istefa verərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) üzv olması haqda sualla başladıq:

“Oğlumu şərləyib həbs elədilər”

– Ilqar Rzayev hansı səbəbdən ACP-dən çıxıb AXCP-yə üzv oldu? Bundan xəbəriniz var idimi?
– Düzü, mənim xəbərim olmayıb. Bu məsələdə ona heç bir təsirim də olmayıb. Ola bilsin ki, hazırda saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində digər cəbhəçi yaxşı təbliğat aparıb. Yaxud da görüb ki, ACP-dən ona dəstək yoxdur, ona görə də AXCP sədri Əli Kərimliyə məktub yazaraq, cəbhəyə üzv olub. Bildiyimə görə, ACP onu tamamilə nəzarətsiz qoymuşdu, heç kim maraqlanmırdı. Yanına gedib-gələn yoxdur.
Mən özüm də xəbəri qəzetdən oxuyub öyrəndim. Internetdə də gördüm ki, Əli bəyə ərizə yazıb, partiyaya üzv olmaq istəyib.

– Cəzaçəkmə müəssisəsində Ilqar Rzayevin vəziyyəti necədir?
– Axırıncı dəfə görəndə bir az arıqlamışdı. Onun alnında qırışlar gördüm. Açığı, bundan sarsıldım. Soruşdum ki, niyə arıqlamısan? O, mənə məhbusları göstərdi, dedi ki, bura düşən kökəlir ki?! Hamısı arıqlayır da.
Bilirsiz, onun şərlənib ora düşməsi mənə pis təsir edir. Biri var, nəsə eləsin ora düşsün – bu, adamı yandırmazdı. O, heç nə eləməyib. Günahsız biri olduğuna görə özünə sual verir ki, mənim burada nə işim var? Onun ailəsi, uşağı var. Uşağı üçün darıxır.
Fikirləşir ki, Rusiyadan gəzməyə gəlmişdi. Neyləyib? Öz mülkiyyətimizi qorumuşuq, haqqımızı tələb etmişik. Nə cinayət törədib ki, indi dəmir barmaqlıqlar arxasındadır? Olmayan bir şeyi evimizə yerləşdirib oğlumu şərlədilər.
Ilqar balamın Teymur adlı balaca bir oğlu var. Oğlum ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. O vaxt evimizi sökmək istəyəndə biz razı olmurduq, ona görə Ilqargil gəlmişdilər. Gecə saat 3-də gəldilər evi sökməyə. Ekskovatoru vurdular bizim damın üstünə, nəticədə Ilqargilin otağı yararsız hala düşdü. Körpə uşaq daşların arasından çıxdı. Təsəvvür edin ki, onlar ölüm təhlükəsilə üz-üzə qalmışdılar. Gəlinim çox sarsıldı. Dedi ki, bura yaşanılası ölkə deyil, burada hər gün ölüm təhlükəsilə üzləşmək olar. Ona görə də nəvəmi də götürüb getdi Rusiyaya – öz ailəsinin yanına. O getdi və Ilqara da dedi ki, buradakı işləri həll edib gələrsən. Bu da alınmadı, oğlumu həbs elədilər.

“Allah bu zülmü götürməyəcək”

– Bütün bunlar mülkiyyət hüququnuzun müdafiəsinə qalxdığınıza görə başınıza gəldi. Son nəticədə mülkiyyətinizi də qoruya bilmədiniz…
– Bu yaxınlarda Hacıbala Abutalıbov belə bir söz dedi: “Istədilər mülkiyyətlə bağlı işləri siyasiləşdirsinlər, onların qəlbində şeytan var və mən o şeytanı çıxaracam”. Mən Hacıbala Abutalıbovun bu fikirləri haqda çox düşündüm. Ona cavab olaraq deyirəm ki, şeytan elə Abutalıbovun özüdür. Hamı onun ağlına bələddir. Biz oğru, quldur, xalqın sərvətilə varlananlardan deyilik. Onlar bizim evimizi başımıza uçurdular, oğlumu həbsə atdılar, digər oğlumu və məni işdən çıxartdılar. Prezident çıxıb dedi ki, bu məmurlar qudurublar. Halbuki, onlar üçün bu şəraiti yaradan elə prezidentdir. Onlar bizim arzularımızı, xəyallarımızı oğurladılar. Bu xalqı, bizi səfil gününə qoyublar. Əliyevlər ölkəyə rəhbərlik edəndən sonra pis günə qaldıq. Mən şəhərin mərkəzində yaşamış adamam. Indi gəlib düşmüşəm Binəqədiyə. Niyə öz prezidentliyindən istifadə edərək, mənim evimi əlimdən almalısan? Niyə kasıb əhalini şəhərdən uzaqlaşdırmalısan? Sən gecələr necə yatırsan? Başıma bu müsibətləri gətirənlərə hər gecə qarğış edirəm. Yurd sökənin yurdu olmaz. Allah bu zülmü götürməyəcək. Bunlar mənim evimi üç dəfə yandırmaq istəyiblər. Evimi daşqalaq ediblər. Bu daşqalağa görə oğlum Əlirzanın hamilə xanımı uşağını itirdi.
Bütün bunları yazıb Abutalıbova göndərmişəm. Bunlar mənim evimin 9 kvadrat metrini ölçüb, pulumu vermədilər. Ilham Əliyev xalqını sevən olsaydı, evimi sökürdüsə də, yeni bir binada bizə ev verərdi. Biz də bu qədər əziyyətləri çəkməzdik. Bir il kirayə evdə qaldıq. Indi də bu evi almışıq, yağış yağan kimi evə su dolur. Kanalizasiya sistemi işləmir. Bərbad gündə yaşayırıq.
Indi də mayın 10-na hazırlaşırlar. Milyonlarla pul xərcləyirlər. Mən öz evimi, öz yurdumu bunlara hala eləmirəm. Mənə park yox, mülküm lazımdır. Azərbaycanda haqq-ədalət, azadlıq yoxdur. Mən çarəsizlikdən çıxıb mitinqdə öz sözümü demişəm. Görün məni nə hala saldılar… Gecə-gündüz bu hakimiyyətin dəyişməsi üçün dua edirəm. Kim gəlir gəlsin, təki bunlar çıxıb getsinlər.
Oğlum həbs olunandan mən gecələr yata bilmirəm, hönkür-hönkür ağlayıram. Bu hakimiyyət bizim yaşamaq əzmi ilə parıldayan gözümüzü söndürüblər. Yaşamaq həvəsimizi əlimizdən alıblar.

Bəyim Həsənli