Tanrını öldürənlərin hakimiyyəti

Azərbaycanın «Fironun sarayındakı rahiblər»in  idarəçiliyindəki tablosu

Ideal şəxslər avtoritarizm, “tanrı” isə diktatura qurur. Bu fikirlərin yaranmasına Monteskiyenin “Qanunun ruhu” əsərindəki bir məqam səbəb oldu. O yazır: “Elm adamları qanunlardan uzaqlaşınca, ideal nəzəriyyəçilər artır və despotizmin ilk qapıları açılır”. Təbii ki, arxasında analiz, elmi güc dayanmayan düşüncənin yaratdığı norma və qaydalar birtərəfli idarəetməyə səbəb olmalıdır. Buna görə də çox zaman parlaq şəxsiyyətlərə ehtiyac duyan toplumlar başlarını xaos bəlasından çıxarıb, avtoritarizmin Dar ağacı sallancağına salmış olurlar.
Ictimai münasibətlər sisteminin əsas fiqurları – alimlər, yazarlar, filosoflar hər şeyi bir ideal nəfərin şəxsiyyəti (əslində isə şəxsi niyyəti) ilə əlaqələndirməyə çalışırlar. Dövlət, bu ali varlığın şəxsiyyəti və yaxın ətrafının mülkiyyətinə çevrilir. Çünki “o olmasaydı, hər şey məhv olardı”…
Beləliklə, biz şəxsiyyətin mülkiyyətinə çevrilmiş dövlətin maraqları və bu maraqların qurbanları haqda yazırıq.

Lenin, Stalin və Əliyevçilik

Şəxsiyyətin adına bağlanmış quruluşlar bizim yaxın tariximizdə olub. Leninin rəhbərliyi altındakı Sovet hakimiyyəti, daha sonra Stalin diktaturasına keçid və müstəqillik dövründəki Əliyevçilik ənənəsi.
Mahiyyətcə, ideya totalitarizmi quran Lenin həm də çevik bir avtoritet idi. Islahatlara meylli və tələbləri nəzərə alan şəxsiyyət idi. Onun üçün hakimiyyəti qorumağın yolu inandırdığı adamların gücündən istifadə etmək idi.
Stalin diktaturası isə “tanrı” qorxusu altında bərqərar olan  böyük bir kabusla yatıb-qalxan milyonların ölkəsi idi. Stalin də şəxsən varlanmağı hədəfləmirdi. Onun sadəcə, yeyib-içməyən tanrılara məxsus qorxu hakimiyyəti var idi. Insanlar onun üçün yaşayır, işləyir, yeyib-içir və qurban gedirdilər. O, fəaliyyətdə olan xarici işlər nazirinin xanımını casusluqda ittiham etdirərək, həbs elətdirmişdi. Amma tanrının hər buyruğu “böyük nizamın qorunması” üçün idi…
Müstəqillik illərində isə Azərbaycan bu cür idarəetmənin daha qorxulu formasını gördü. Bu artıq ölmüş tanrıların əvəzinə hökm verən rahibin hakimiyyəti idi. O, yeyib-içirdi, talayırdı və bunu tanrı əzəməti ilə eləməyə cəhd göstərirdi. Qorxu yaratmaq üçün insanlara hər cür zülm eləyir, hətta öldürür, hər bir sosial qrupdan bir asi seçib cəzalandırır, görk edirdi…
Əliyevçilik idarəçilik forması deyil. Ənənədir. Bu ənənə tarixin müxtəlif dövrlərində olub. Qədim Misirdə Fironun sarayında yaşayıb, tanrı üçün yemək-içmək istəyən rahiblər də öz dini hakimiyyətlərindən belə istifadə edirdilər. Təbiətin talançıları ilə cəmiyyətin talançıları arasındakı bu ibtidai fərq min illərdir davam edir. Təbiətin yırtıcıları yemək istədikləri nəsnənin sahibini qovmaqla kifayətlənsələr də, insanlar onu öldürməklə rahat olurlar. Əliyevçilik idarə formasında da sahibini öldürüb talamaq yolunu tuturdular. Çünki onlar məhz sahiblənmək, dövləti əmlaka çevirmək yolundadılar.
Əslində isə müasir tarix həm də insanların ibtidai instinktlərinə nə qədər sadiq olduqlarını ortaya qoyan zəngin hadisələrin səhnəsinə çevrildi. Amma daha pis olan odur ki, heç kim bu ibrət dolu səhnələrdən bir dərs çıxarmaq istəmədi və istəmir.
Bernard Şou “Tarix onu öyrədir ki, heç nə öyrətmir” deyimində həm də insanların ətraflarına nə qədər biganə olduqlarını göstərir. Bütün bu olayların mərkəzində isə bəşəriyyətin mədəni inkişafının qoruyub saxladığı qızıl qaydalar durur. Bunu Azərbaycan dilində belə ifadə etmək olar: “Su səhəngi bulaq yolunda sınar”. Yəni, hər bir despot özündən əvvəlkinin axmaq olduğunu iddia edərək, yayı daha da möhkəm sıxmağa cəhd edir və daha vəhşət dolu bir sonluq nümunəsi yazır tarixə – təbii ki, öz şəxsində.

Milli liderin, yoxsa millətin marağı?

Bir şəxs dövlət qura və ya qurtara bilərmi? Bu suala “hə” cavabı verən bütün toplumlar tarixlərinin böyük hissəsini maddi və mənəvi borc içində yaşamağa məhkum olublar. Şəxsiyyətlər öz xalqlarından çox öndə olanda xalqın şikəst olduğu, çox parlaq olanda isə xalqın gözünə qaranlıq çökdüyü şübhəsizdir. Ona görə də “xilaskar” hər şeyi öz həyat qatarının təkərlərinə uyğun quraraq reysə oturdur. O, hər kəsin əvəzinə qurur, yaradır, düşünür, danışır, qoruyur və ya cəzalandırır. Onun iradəsi milli iradədir.
Əslində isə bir diktatoru həqiqi dövlət başçısından fərqləndirən özəlliyi budur ki, o, özünə tabe olanların sayında siyasi-mənəvi ölünü təmsil edir, onların adından çıxış edir. O, bu minvalla milləti öldürüb, onun liderinə çevrilir. Çünki olmayanları təmsil və idarə etmək daha asandır. Millət isə fiziki anlamdan daha çox, mənəvi-siyasi anlam daşıyır. Onun ölümü də mənəvi-siyasi anlamda baş tutur. Bu qətldən sonra isə milli maraq öz yerini milli liderin marağına verir.

Ölən əsgər niyə diri idi?

Hərbi xidmətdə “dedovşina”nın qurbanı olan əsgərin ölümünə etiraz dövlət maraqlarına zərbə idi. Belə olmasaydı, Ilham Əliyev bu etiraza çıxanları “anti-milli ünsür” adlandırmazdı. Amma azərbaycanlılar öz həmvətənlərinin ölümünə etiraz edirlərsə, onlar kimin üçün anti-millidilər? Buradan da aydın olur ki, Ilham Əliyev “milli” anlayışını  öz şəxsində xüsusiləşdirib.
Yeni dövrdə “milli” termini bir çox hallarda məsxərə və tənqid obyektinə çevrilir. Çünki o, faktiki deyilişi ilə insanlığın qəniminə çevrilmiş despotu simvolizə edir. Insan amili milli amildən öndədir. Milli maraq fərdin sarsılmaz müdafiəçisinə çevrildikcə əhəmiyyətlidir. Bundan uzaqlaşdıqca milli təhlükəsizlik üçün daxili çürüməni sürətləndirən siyasi kimyəvi maddəyə çevrilir.
Hakimiyyət üçün bu etirazlar ona görə həyəcan yaratdı ki, onlar ölkədə bu qədər dirinin olduğunu təsəvvür etmirdilər. Və hər ölüm xəbəri ətrafında yaranan ajiotaj fironun sarayında belə bir sual yaradır: “Bu niyə diri idi ki, ölsün də?”

Pullar və qullar

“OffşorLeaks” bu məsələni qlobal müstəvidə təqdim etsə də,  Azərbaycan kontekstində də “qazananlar” və “yeyənlər”  arasında ciddi bir uçurum yarandığı ortaya çıxdı. 48  milyard pulu oğurlanmış dövlətin vətəndaşları əslində, qul statusundadır. Çünki bu pullar onların əməyi və ya haqqıdır. Qul isə əməyi və haqqı istismar olunan təbəqədir. Üstəlik, öz əməyini və haqqını tələb etmək imkanında deyillərsə, bu,  aşkar şəkildə böyük müharibələr üçün səbəb yetişdirən amildir. Artıq Azərbaycan xalqı ilə hakimiyyəti arasında böyük bir mübarizənin maddi əsasları meydana çıxıb. Söz və ifadə azadlığının olmaması işin mənəvi-siyasi tərəfidirsə, 48 milyard pul milyonlarla qulun əməyinin yaratdığı sərvət təpəcikləridir.
Bu yüksəkliklər uğrunda savaş həm də ona görə qaçılmazdır ki, artıq qullar öz alın tərlərində boğulurlar. Işləmək onları yaşatmır. Bu situasiyada isə dövlət bir təsisat kimi gözə görünmür. O, vətəndaşların ortaq təsisatıdırsa, niyə eyni sistemin daxilində istismar edən və edilən var? Niyə birinin əməyi başqasının sərvətidir? Qanunlar yalnız bir qrupun vəziyyətini yaxşılaşdırmağa xidmət edirsə, bu təsisatın adı niyə dövlətdir?
Bu mənada, “dövlət” və ya “dövlət marağı” anlayışı sadəcə, vətəndaş qarşıdurmasının şifrələnmiş adıdır. Bu şifrə çözüldüyündə sözügedən hər “maraq”ın bir talan olduğu ortaya çıxar.

Ədalət kəsilən başlarda təcalla edirsə…

Ədalət yalnız cəzada özünü göstərəndə, bu tərəzinin o biri tərəfi də cazasızlıqla ağırlaşır. Çünki ancaq cəzalandıran orqan artıq cinayətin alətidir. Bu Makiavellinin bəşəriyyətə görk olaraq qoyub getdiyi əsas düşüncə tərzindən biridir. Ədaləti “yaratmaq”, yəni, hamını cinayətə bulaşdırmaq…
Həqiqi ədalət onsuz da mövcuddur. Yalnız doğru olan var. Yanlış olan zatən yoxdur, amma onu yaratmaq məhz cinayətdir. Buna görə də məhz Azərbaycan kimi dövlətlərdə insanları əvvəlcə vətənə xəyanətdə ittiham edib, sonra “dövlət maraqları naminə” ona narkotik istifadəçisi və ya satıcısı kimi həbs cəzası verirlər. Çünki bu “dövlət maraqları” doğrunun üstünü pərdələməkdir. Insanlar bir dəfə ədalətin bərqərar olduğunu görsələr, ondan zövq alsalar, bunun ardını arzulaya bilərlər. Bu isə “dövlət maraqları”na ziddir. Bir dövlətdə ki, on illərdir məmur-vətəndaş çəkişməsilə bağlı minlərlə iş üzrə məhkəmələr bir vətəndaşın xeyrinə qərar qəbul etməsin, bu quruluşa müasir leksikada “dövlət” adını vermək əxlaqa və ağıla, insanlığa və Tanrıya hörmətsizlikdir…

Ölü knyaz olmaq…

Puşkin Dubrovskinin dəfnini belə təsvir edir: “Insanlar həm kədərli, həm də sevincli idilər. Ona görə kədərli idilər ki, onların ədalətli ağası ölmüşdü. Bu, böyük itki idi, hər kəs hüznlü idi. Ona görə sevinirdilər ki, onlar sağ idilər. Çünki Dubrovski onlar üçün savaşarkən ölmüşdü”.
Azərbaycanda bu gün belə bir ictimai fikir hakimdir. Insanlar ədalətsizliyi görür, ədalətsizi tanıyırlar. Ədalət uğrunda savaşanlara da can yandırırlar. Amma öz canlarının yanmamasına görə də hələ ki, kənardan kədərlənirlər. Amma bütün böyük inqilabi proseslərin ilk səhnəsi budur. Sonrakı pərdələrin necə olacağını təsəvvür etmək elə də çətin deyil.  Insanlarım maddi maraqları təmin olunmayanda qəzəbli, eyni zamanda, təmkinli ola bilirlər. Amma düşünmək haqqı alınmışlar həm də idarəolunmaz vəhşilərə çevrilirlər.
Cəngəllik yaratmağın sonu bir yırtıcıya yem olmaqdır. Bunu da tarix hər dövrdə bir nümunə ilə sübut edib…