Azərbaycanda qiymətlər əhalinin maaşı ilə müqayisədə çox yüksəkdir
Ziya Məmmədovun ictimai nəqliyyatda qiymətlərin qaldırılması təklifi şəxsi maraqlara xidmət edir
Bu günlərdə Nəqliyyat Nazirliyi Azərbaycan ərazisində şəhərdaxili və şəhərlərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması təklifi ilə Tarif Şurasına müraciət etdi. Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, avtobuslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar iş adamlarından mövcud gediş haqlarının onların çəkdiyi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə müraciətlər daxil olur. Bu səbəbdən Nəqliyyat Nazirliyi gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etmək qərarına gəlib.
Tarif Şurası bu təklifi qəbul etmədi. Ancaq hər halda nazirliyin bu müraciəti diqqətdən kənar qala bilməzdi. Iqtisadi əsaslandırma olmadan belə bir təklifin verilməsi də anlaşılan deyil. Baxmayaraq ki, Azərbaycanda əsaslandırmadan atılan addımlar artıq heç kimi təəccübləndirmir. Hər halda Azərbaycanda gediş haqqı əhalinin gəlirləri ilə müqayisədə onsuz da yüksədir. Hərçənd ki, rəsmi dairələr Azərbaycanda qiymətlərin başqa ölkələrlə müqayisədə aşağı olduğunu iddia edir. Bəs digər ölkələrdə bu sahədə vəziyyət necədir?
Avropada əhalinin maaşı ilə müqayisədə gediş haqqı çox ucuzdur
Avropa ölkələrində sərnişindaşımadakı tariflərə nəzər salmazdan öncə qeyd edək ki, Avropa Birliyinə üzv olan ölkələrdə orta aylıq əmək haqqı 1500-3000 avrodur. Buna qədər “Azadlıq”da dəfələrlə müxtəlif sahələrdə çalışanların, o cümlədən təqaüdçülərin aldığı məvacib, bu ölkələrdəki yaşayış minimumu ilə bağlı yazılar dərc olunub. Bütün hallarda Azərbaycandakı durum bu ölkələrdən müqayisəolunmaz dərəcədə pisdir. Sərnişindaşımadakı tariflərə baxanda da eyni mənzərə ilə rastlaşmaq olur.
Məsələn, Niderlandda vahid şəhər nəqliyyat sistemi fəaliyyət göstərir. Bura tramvay, trolleybus və avtobuslar daxildir. Bütün nəqliyyat vasitələrində vahid bilet sistemi mövcuddur. Biletlər isə gündəlik, bir necə gunlük, hətta aylıq olur. 15 gedişli talonun qiyməti 5 avrodur. Bir gediş 33 sentə başa gəlir. Bir gün ərzində etibarlı olan və gedişlərə məhdudiyyət qoymayan bilet 6 avrodur. Yəni gün ərzində sərnişin bu biletlə istədiyi qədər avtobus, tramvay və digər nəqliyyat vasitələrindən istifadə edə bilər. 9 günlük belə bilet 22 avrodur. Niderlandda orta aylıq əmək haqqının 2500 avro olduğunu nəzərə aldıqda bu məbləğ böyük sayıla bilməz.
Almaniyada da vahid nəqliyyat sistemi mövcuddur və bütün nəqliyyat vasitələrində eyni biletlərdən istifadə olunur. Sərnişinlərə qənaət etməyə imkan verən bir sıra bilet növləri də mövcudddur. Gediş haqlarına gəldikdə, bir günlük bilet 5, həftəlik isə 20 avrodur. Biletsiz gedişə görə cərimələr isə çox yüksədir. Azərbaycandan fərqli olaraq neft idxal edən Almaniyada orta aylıq əmək haqqı 2500 avrodan artıqdır.
Taksilərə gəldikdə, şəhər daxilində hərəkətin qiyməti təxminən 7 avrodur. Bəzi şəhərlərdə axşam saatlarında qadınlar üçün xüsusi güzəştlər nəzərdə tutulub. Bu ölkədə benzinin qiyməti 1,58 avrodur.
Ispaniyada avtobusla ölkə daxilində ən uzaq məsafə üçün gediş haqqı 30 avrodan artıq olmur. Şəhər daxilində isə digər Avropa ölkələrində olduğu kimi vahid bilet sistemidir. 10 gedişli biletin qiyməti 4-5 avrodur. Benzinin bir litri isə 1,41 avrodur.
Böyük Britaniyada da nəqliyyatda tariflər digər Avropa ölkələrindən fərqlənmir. Taksilərə gəldikdə, bir kilometr məsafə üçün sərnişin 1 avro ödəməlidir. Ancaq məsafə artdıqca qiymətdə azalma olur. Benzinin qiyməti 1,60 avrodur. Avropanın və dünyanın ən inkişaf etmiş ölkələrindən olan Ingiltərədə qiymətlər əhalinin gəlirləri ilə müqayisədə yüksək deyil.
Polşada da tramvay və avtobuslarda vahid biletlər istifadə olunur. Bu ölkədə nəinki gündəlik, həftəlik, aylıq biletlər almaq olar, hətta bir neçə saatlıq biletlər də mövcuddur. Bir günlük biletin qiyməti 12 zlotı, təxminən 2,9 manatdır. Bütün nəqliyyat vasitələrində istifadə olunan bir aylıq biletin qiyməti isə 90 zlotı, təxminən 22 manatdır. Tələbələr üçün 50% endirim nəzərdə tutulub. Benzin 1,37 avroyadır.
Avstriyada geniş avtobus, tramvay şəbəkəsi bütün şəhərləri əhatə edib. Bütün nəqliyyat növləri üçün vahid bilet istifadə olunur. Bir günlük biletlər 1,8 avroyadır. 72 saatlıq biletin qiyməti 13 avrodur. Bir saatlıq gediş 18 sentə başa gəlir. Bir neçə günlük bilet etibarlı olduğu günlərdə istifadə olunmasa, sonrakı günlərdə ondan rahat şəkildə istifadə etmək mümkündür. Bu ölkədə benzinin bir litri 1,41 avrodur.
Fransada ictimai nəqliyyat üçün 10 gedişlik bilet 12,5 avrodur. Əgər sərnişin bir günlük bilet almaq istəyirsə, bunun üçün 9 avro ödəməlidir. Məktəb yaşlı uşaqlar üçün 50 faiz endirim var. Benzinin qiyməti 1,62 avroyadır.
Digər Avropa ölkələrində də vəziyyət oxşardır. Yəni benzinin qiyməti Azərbaycandan xeyli baha olsa da, (Azərbaycanda benzinin qiyməti 0,58 avrodur) ictimai nəqliyyatda gediş haqları təxminən eyni, bəzən isə ölkəmizdən ucuzdur. Həmçinin bu ölkələrin hamısında orta aylıq əmək haqqı və yaşayış səviyyəsi Azərbaycandan xeyli yüksəkdir.
Israildə şəhər nəqliyyatı əsasən avtobuslardan ibarətdir. Gündəlik biletin qiyməti təxminən 6 şekel, yəni təxminən 1,30 manatdır. Bir çox şəhərlərdə aylıq biletlər istifadə olunur. Bu da gündəlik biletlə müqayisədə xeyli ucuz başa gəlir.
Israildə iki növ taksi xidməti mövcuddur. 12 yerlik marşrut taksilərində qiymətlər avtobusdan ucuzdur. Ənənəvi taksilər isə bir qədər bahadır. Hər kilometrə görə 5 şekel, yəni təxminən 1 manat hesablansa da, məsafə artdıqca, məbləğ azalır.
Qonşu dövlətlərdən Türkiyə və Gürcüstanı misal çəkmək olar. Hər iki ölkədə benzinin qiyməti Azərbaycandan iki dəfə baha olsa da, avtobus və taksilərdə gediş haqqı iki dəfə ucuzdur.
Azərbaycandanâôòò neft alan ölkələrdə gediş haqqı burda ucuz olduğu halda Nəqliyyat Nazirliyinin qiymətlərin ucuzluğundan şikayət etməsi heç bir məntiqə sığmır.
Ərəb ölkələrində pensiyaçılar və əlillər üçün xüsusi imtiyaz var
Neft ölkələrinə gəldikdə, Birləşmiş Ərəb Əmirliyinin nümunəsində Azərbaycanla bu ölkələr arasında fərqi görmək olur. BƏƏ-nin şəhərlərində ictimai nəqliyyatda qiymətlər fərqlidir.
Məsələn, Dubayda ən sərfəli nəqliyyat avtobus hesab olunur. Bir gedişin qiyməti 1 dirhəmdir (20 qəpik). Uzaq məsafəyə, yaxınlıqdakı şəhərə getdikdə gediş haqqı 3,50 dirhəm (70 qəpik) olur. Dubayın nəqliyyat sistemi inkişaf səviyyəsinə görə Avropa şəhərlərini də geridə qoya bilər. Şəhərdə 79 marşrut üzrə avtobuslar gündə 310 min sərnişin daşıyır. Əsasən 50-60 yerli iri tutumlu avtobuslar sərnişinlərə xidmət göstərir. Şəhərdə 1860 avtobus dayanacağı var.
Dubayda taksi xidməti də keyfiyyət və ucuzluğu ilə seçilir. Bu şəhərdə səhər saat 6-dan gecə saat 23-ə qədər 3 dirhəmə (60 qəpik) şəhərin istənilən yerinə getmək olar. Gecə saat 23-dən səhər saat 6-a qədər qiymət bir qədər baha, 4 dirhəm olur (80 qəpik). Sərnişin getdiyi taksi ilə geri qayıtmaq niyyətində olsa, taksi gözlədiyi ilk 10 dəqiqəyə görə ödəniş almır. 10 dəqiqə keçəndən sonra sərnişin əlavə 0,50 dirhəm (10 qəpik) ödəməlidir. Əgər taksi sürücüsü sayğacı qoşmağı unudubsa, sərnişin gediş haqqı ödəmir.
Abu-Dabidə 1360 avtobus hər gün səhər saat 5-dən gecə 12-yə qədər, istirahət günləri isə demək olar ki, fasiləsiz sərnişinlərə xidmət göstərir. Birtərəfli gediş 1 dirhəm, aylıq biletlər isə 40 dirhəmdir (8 manat). Pensiyaçılar və əlillər üçün xüsusi imtiyazlar var. Abu-Dabidə taksilər qiymətlərinin ucuzluğu ilə fərqlənir. Bu şəhərdəki taksilər ağ və gümüşü rənqlidir. Gediş haqqı isə 3 dirhəmdir (60 qəpik).
Göründüyü kimi, inkişaf və əhalisinin rifah səviyyəsinə, əmək haqqı və imtiyazlara görə nəinki Azərbaycanı, dünyanın bir çox ölkələrini geridə qoyan Birləşmiş Ərəb Əmirliyində nəqliyyat tarifləri demək olar ki, simvolik xarakter daşıyır. Digər neft ölkələrində də vəziyyət oxşardır.
Fizzə


