«Dünyaya müqavimətin nə demək olduğunu və hansı fəsadlar verə biləcəyini şərh etməyə ehtiyac yoxdur»
Gültəkin Hacıbəyli: «Dünyada öz xalqlarının iradəsi ilə formalaşmayan avtoritar idarəetmənin siyasi perspektivləri tükənmək üzrədir»
Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli ölkənin siyasi gündəminin əsas mövzularıyla bağlı “Azadlıq” qəzetinin suallarını cavablandırıb.
– Hazırda gündəmin əsas mövzularından biri Ramiz Mehdiyevin Irana səfəri, orada Qərb əleyhinə verdiyi bəyanatlar və Tehran rejiminə etdiyi jestlərdir. Bununla bağlı dəyərləndirməniz necədirr? Qərbə qarşı belə münasibətin səbəbi nədir? Belə sərt bəyanatların verilməsi və Irana jestlərin edilməsi nədən xəbər verir?
– Prezident Administrasiyası rəhbərinin Irana səfəri və bu səfər ətrafında baş verən hadisələr çox ciddi mətləblərdən xəbər verməklə simptomatik xarakter daşıyır. Ilk öncə, bu səfərin özü bir çox önəmli məqamlara işıq salır. Bu səfərin ABŞ-Iran münasibətlərinin indiki kritik durumunda həyata keçirilməsi Azərbaycan hakmiyyəti ilə ABŞ arasında münasibətlərin hansı səviyyədə olmasının göstəricisidir. Əslində, Azərbaycan rəsmisinin orada səsləndirdiyi fikirləri ABŞ-a və Qərbə qarşı demarş kimi də dəyərləndirmək olar.
Bu səfər, ilk öncə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Israilə səfərinin doğura biləcəyi fəsadları aradan qaldırmaq məqsədi ilə həyata keçirilmişdi və Iranın “könlünü almağa” hesablanmışdı. Adətən, region üçün belə həssas məqamlarda bu məqsədlə Iran siyasi dairələri ilə birbaşa rəsmi təmaslar yox, bu dairələrə çox ciddi təsiri olan cənub qonşumuzun strateji tərəfdaşı Rusiyanın yardımından istifadə etmək daha məqsədəuyğundur. Lakin, hər şeydən göründüyü kimi Rusiya ilə münasibətlərdə yaranmış və artıq dərin adlandırıla biləcək çatlar Azərbaycan hakimiyyətini bu imkandan məhrum edib. Düzdür, Irana, dövlətimizin yüksək ranqlı rəsmisi deyil, Administrasiya rəhbəri göndərilmişdi, ancaq bu fakt hadisənin mahiyyətini dəyişmir. Bu mahiyyət isə ondan ibarətdir ki, Iran rəsmilərinə Ramiz Mehdiyevin timsalında ABŞ-dan şikayət edən hakimiyyətə cavab özünü gözlətmədi: Iran bu cavabı IRNA və Aran agentlikləri vasitəsilə, görüşlərdə səsləndirilən fikirlərin konfidensiallığını pozmaqla və faktiki olaraq, Azərbaycan tərəfini ABŞ-ın və Qərb ölkələrinin qarşısında çox çətin bir duruma salmaqla verdi. Demək, elə təkcə bu faktdan aydın olduğu kimi, ABŞ, Qərb dövlətləri, Rusiya və Iranla münasibətlərdə çox ciddi gərginlik, etimadsızlıq yaşanır və dialoq mühiti çox sərtdir.
Bu isə, Azərbaycanın xarici siyasətinin heç də ən xoş günlərini yaşamadığının göstəricisidir.
İsrail və İranın Azərbaycan Vikiliksi
– Ramiz Mehdiyevin Irana səfərindən öncə Elmar Məmmədyarovun Israilə səfəri reallaşmışdı. Bu səfəri uğurlu saymaq olarmı?
– Hər bir siyasi addımın uğuru onun nəticəsinə görə hesablanır. Bu, Azərbaycan xarici işlər nazirinin Israilə ilk və belə demək mümkünsə, tarixi səfəri idi. Bir tarixi addım olaraq, bu, sözsüz ki, əlamətdar hadisədir. Ancaq gəlin digər faktorlara da nəzər yetirək. Istər Ramiz Mehdiyevin Iran, istərsə də Elmar Məmmədyarovun Israil səfərlərinin Azərbaycanda seçki maraqlarına hesablanması şübhəsizdir. Burada əsas məqsəd, Iran və Israilin siyası dairələrinin həssas seçki ilində hakimiyyətə beynəlxalq dəstəyini təmin etmək idi. Israildən dəstək daha çox onun güclü ABŞ lobbisindən olan gözləntilərlə bağlıdır. Israilə səfərin çox uğurlu olduğunu və bu dövlətin tam səmimiyyətlə öz lobbi imkanlarını Azərbaycan hakimiyyətinin maraqları üçün səfərbər edəcəyini ehtimal etsək belə, Ramiz Mehdiyevin Iran səfərindən sonra bu səfərbərliyin Iran məsələsində həmrəy olan ABŞ siyasi elitasında hansı effekt doğuracağını təxmin etmək çətin deyil. Eyni zamanda, Israil prezidenti Şimon Peresin səfər çərçivəsində səsləndirdiyi bəzi fikirlər bu dövlətin səmimiyyətinə də kölgə salır. Israil prezidentinin “Türkiyə ilə münasibətlərimizin ən kritik vaxtlarında Azərbaycanla əlaqələrimiz yüksək səviyyədə inkişaf edirdi” və “Azərbaycan Iranın yaxın şərqdə genişlənməsi yolunda bir maneədir” kimi fikirlərini, razılaşarsınız ki, Azərbaycan-Türkiyə və Azərbaycan-Iran münasibətlərinə töhfə və Azərbaycana olan sevginin ifadəsi kimi dəyərləndirmək çətindir. Əslində, bu, Iran rəsmilərinin son səfərdə sərgilədikləri davranışa bənzər bir münasibət idi və onu Israil və Iranın Azərbaycan Vikiliksi də adlandıra bilərik.
Israil səfərində Azərbaycan obrazlı desək, Israili qazana bilmədi, əksinə, Iran və Türkiyə ilə münasibətlərinə sərinlik gətirə biləcək bəyanatları dinləməli oldu.
“Göy muncuq diplomatiyası”
– Baş verənlərdə diqqət çəkən daha bir məsələ Ramiz Mehdiyevin Irana səfərinin reallaşdığı bir ərəfədə Azərbaycan prezidentinin strateqlərindən ibarət nümayəndə heyətinin ABŞ-da tam fərqli mövqedən çıxış etməsidir. ABŞ-da Azərbaycanlı strateqlər Iranı hədəf göstərərək, Azərbaycana ciddi təhdidlərin olduğunu bəyan ediblər. Bu hakimiyyətdə fikir ayrılığıdır, yoxsa çaşqınlıq?
– Bu diplomatik münasibətlər, ölkənin beynəlxalq imici baxımdan utancverici bir haldır və xarici siyasətdə sistemsizliyin, prioritetlərin düzgün müəyyən edilməməsinin təzahürüdür. Qardaş Türkiyəyə münasibətdən belə görünür ki, bu prioritetlər, ümumiyyətlə, mövcud deyil. Daha öncə, bir qrup deputat ABŞ-a səfər çərçivəsində Azərbaycanın Iran və Rusiya arasında sendviç kimi sıxıldığını bəyan edərək bu ölkədən açıq mətnlə prezidentə kömək istəyirdi. Sonra Ramiz Mehdiyev Tehranda Azərbaycan prezidentinin Əhmədinejadın tərəfdarı olduğunu və onu dəstəklədiyini bəyan edir! Özü də, bu Iran prezidenti Mahmud Əhmədinejadın siyasi taleyinin qüruba yaxınlaşdığı və hətta, həbsi ilə bağlı söhbətlərin yayıldığı bir məqamda edilir! Eyni vaxtda, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Vaşinqtonda yenə Iranı ittiham edir! Bu addımların normal, sağlam məntiqlə heç bir izahı yoxdur. Türk folklorunda məşhur göy muncuq, mavi muncuq səyyar süjeti var. Çox sayda adama göy muncuq paylayırsan və deyirsən ki, göy muncuq kimdədirsə, mənim də ən çox sevdiyim odur. Son addımları da “göy muncuq diplomatiyası” adlandırmaq olar. Xəbərin at sürətilə, çaparlarla ötürüldüyü orta əsrlərdə, lap elə kommunikasiya imkanlarının indiki ilə müqayisədə çox məhdud olduğu ötən əsrin ortalarında bu siyasəti anlamaq və bəlkə də müəyyən məqamlarda ona haqq qazandırmaq da mümkün idi.
Ancaq xəbərin sürətinin işığın sürətini üstələdiyi indiki yüksək texnologiya əsrində bu siyasətə sığınmaq heç bir müsbət perspektiv vəd edə bilməz.
Siyasətdə təsadüflər baş vermir
– Mehdiyevin səfərinin ABŞ dövlət katibinin müavini Tomas Melianın Azərbaycana gəlişindən sonraya Avropa Birliyinin komissarı Ştefan Fülenin isə səfəri ərəfəsinə təsadüf etməsini necə qiymətləndirmək olar? Bu təsadüfdürmü?
– Təbii ki, təsadüf deyil. Həyatda təsadüflər çox az olur. Siyasətdə isə, bir qayda olaraq, təsadüflər baş vermir. Azərbaycan böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişikliklər özündə siyasi, iqtisadi, hüquqi, sosial sistemlərin köklü islahatlarını ehtiva edir. Islahatlar qaçılmazdır. Bu bir dünya prosesidir və dünyaya müqavimətin nə olduğunun və hansı fəsadlar doğura biləcəyinin, zənnimcə, şərhə ehtiyacı yoxdur. Bu prosesin qarşısını nə Iran, nə də Rusiya almaq gücündə deyil. Azərbaycan hakimiyyətinin mədəd umduğu Iran rejimi özü onun üzərinə gələn dəyişikliklər dalğasının ağırlığını hər gün daha çox hiss etməkdədir və məhkumdur. Rusiya isə artıq dəyişir. Bu dəyişiklik hələ gözlə görünməsə də, Rusiya hakimiyyəti bu dalğanın altında əzilməkdənsə, yavaş-yavaş müəyyən məsələlərdə kompromis yolunu tutur. Bu gün bir çox hallarda, Rusiya-Qərb əməkdaşlığı göz önündədir. Bu əməkdaşlıq son parlament və prezident seçkilərində Gürcüstanda və Ermənistanda özünü açıq şəkldə göstərdi. Serbiya ilə Kosova münasibətlərində istiləşmə, həm də, bu əməkdaşlığın sayəsində gerçəkləşməkdədir. Eyni zamanda, Rusiyanın Qəbələdən qəfil gedişi də məhz bu proseslə bağlı idi. Bütün bunlar ona görə baş verir ki, artıq klassik anlamda Şərq-Qərb qarşıdurması transformasiyaya uğrayaraq öz mahiyyətini dəyişib. Bu gün artıq cəsarətlə formalaşmaqda olan yeni dünya düzənindən-birqütblü dünyadan danışa bilərik. Dünyanın siyasi taleyi ilə bağlı qərarlar, təbii ki, tərəfdaşlarla və digər aktorlarla məsləhətləşmələrdən sonra Vaşinqtonda verilir və Moskva Qərblə konfrontasiyanın yaxşı heç nə vəd etmədiyini hamıdan daha tez anladığı üçün artıq bir çox məsələlərdə ən praqmatik varianta- qarşılıqlı-faydalı əməkdaşlığa üstünlük verir. Təsəvvür edin, Moskva bu yeni sistemə adaptasiya yolunu tutub, biz isə ABŞ-ın dominatlığı üzərində formalaşan monopolyar geosiyasi münasibətlər düzənində xarici siyasətimizi Iranla balanslaşdırırıq! Özü də Iran rejiminin beynəlxalq münasibətlərdə artıq oyundankənar vəziyyətə düşdüyünü, təbii strateji tərəfdaşımız olan qardaş Türkiyənin bu sistemin önəmli bir aktoruna çevrilməsini, Avrointeqrasiya kursunun cumhuriyyətimizin 95 illik tarixə malik strateji seçimi olduğunu, böyük iqtisadi, siyasi perspektivləri və s. faktorları nəzərə almadan!
Dialoq yolu onu getmək istəyən hər kəsə açıqdır. Təbii ki, istək səmimidirsə. Burada imitasiyalarla, “göy muncuq diplomatiyası” ilə uğurlu sonuc əldə etmək mümkün deyil. Şərtlər, siyası konyuktur, şərait, zaman faktoru fərqli ola bilər. Tələb isə hər yerdə eynidir: xalqın iradəsi ilə hesablaşmaq! Artıq müasir dünyada öz xalqlarının iradəsi ilə formalaşmayan avtoritar idarəetmənin siyasi perspektivləri tükənmək üzrədir.
Xəyal



