Suriya XİN-i İsrail HHQ-nin Dəməşk ətrafındakı hərbi obyektlərə zərbəsini müharibənin elan olunması kimi qiymətləndirib və Tel-Əvivi buna cavab verəcəyi ilə hədələyib. CNN telekanalına müsahibəsində Suriya XİN başçısının müavini İsraili terrorçularla əlbir olmaqda günahlandırıb. «Əgər İsrail təcavüzkar hərəkətlərini davam etdirsə, bu regiondakı vəziyyəti bir qədər də gərginləşdirəcək və genişmiqyaslı müharibəyə səbəb olacaq», – deyə Suriya tərəfinin bəyanatında deyilir.
Suriya XİN-i BMT TŞ-a məktub göndərərək İsrailinin təcavüzünün insan tələfatına və dağıntılara səbəb olduğunu bildirib. Jerusalem Post qəzetinin yaydığı məlumata görə isə İsrailin hücumuna cavab olaraq Suriya bu ölkəyə qarşı raket hücuma hazırlaşır.
İsrailin Dəməşkə hava zərbəsinin miqyası və nəticələri barədə yayılan məlumatlar fərqlidir. Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, mayın 5-ə keçən gecə İsrail Suriyanın Jamraya elmi-araşdırma mərkəzinə hava zərbələri endirib. Məlumatda ölən və yaralananlar barədə heç nə deyilmir. Al-Arabiya telekanalı kompleksdə yarım saat ərzində səkkiz partlayışın baş verdiyi barədə məlumat yayıb.
Gecə hücumu barədə ən geniş məlumatı isə müxalif syriatruth.org saytı yayıb. Saytın məlumatına görə, gecə zərbələri nəticəsində 300 ölən və yaralı var, 18 İsrail təyyarəsi 43 hərbi obyektə zərbə endirib.
Ancaq bütün mənbələr İsrail təyyarələrinin Suriya ərazisinə daxil olmadığını, Livan hava məkanında zərbə endirdiyini bildirir.
azadliq.info


