İş və çörək insanın yeganə ehtiyacıdırmı?

Təzəcə girmiş may ayı, həm də bugünlərdə haqqında xeyli danışılan bir olay (bu haqda bir qədər sonra…) yadıma 1968-ci ilin mayında Fransada baş vermiş hadisələri saldı.
Doğrudan da çox qəribə idi. Çaş-baş qalan tək hökumət adamları deyildi, hamı çaşıb qalmışdı – kommunistlər, anarxistlər, mötədil solçular, hətta sağlar… Sonradan hamı o proseslərdən yararlanmağa cəhd etsə də, heç kim onun mahiyyətinə vara bilmirdi.
Olduqca maraqlı bir situasiya yaranmışdı. Ölkə böyük templərlə inkişaf edir, müasirləşir, sənayeləşirdi, kosmik proqramlar, nüvə tədqiqatları böyük vüsətlə aparılırdı. Amma birdən-birə az qala, bir ölkənin sərhədlərindən çıxıb bütün Avropanı bürüyən etiraz dalğası…
Sosialist etirazlarına alışmış və daim təhlükəni soldan gözləyən Fransa təlatümlü günlər yaşayırdı. Prinsipcə, etiraz üçün sosial-iqtisadi zəminlər yox idi. Amma nədən bütün ölkə çalxalanırdı? Bunu heç kim bilmirdi?
Yalnız həmin hadisələrdən bir neçə il ötəndən, onların ətrafındakı duman çəkiləndən sonra sosioloqlar və politoloqlar konkret mülahizələr irəli sürməyə başladılar.

45 il əvvəl Fransada nə baş vermişdi?

Sonradan qənaət belə oldu ki, ölkə sürətlə modernləşsə də, insanların rifahı yüksəlsə də, Fransa hələ də keçmiş siyasi dəyərlərlə yaşayırdı.
Bəli, ölkədə senzura hələ də qalırdı, siyasətdə və ictimai həyatda az qala, müharibə vaxtı tətbiq olunan yasaqlar hələ də götürülməmişdi.
Yalnız bunu düşünəndən sonra anlaşıldı ki, 1968-ci ilin mayında tələbələr heç də çörək istəmirdilər, onlar yalnız bir şey istəyirdilər və onun da adı “Azadlıq” idi.
O dövrün şüarları indi siyasi zərb-məsələ çevrilib. Bir görün, onlar nə deyir və nə tələb edirdilər?
Onlar deyirdi ki, insanların acından ölməmək üçün darıxmaqdan ölməyə razı olduğu ölkədə yaşamaq istəmirik!
Onlar deyirdi ki, fəhlə, sənin 25 yaşın var, amma sənin həmkarlar təşkilatın ötən əsrdən qalıb!
Bəli, məlum oldu ki, bir rus məsəlində deyildiyi kimi, insan tək çörəklə tox olmur. Başqa nələrsə istəyir. Həmin nələrinsə ümumi adı azadlıq idi. Dəyər də təkcə maddi mahiyyət kəsb etmirdi, onun həm də mənəvi məzmunu vardı.
Bunları başa düşəndən sonra artıq nə etmək lazım gəldiyi haqda baş sındırmağa ehtiyac qalmadı – sahibkarlar da bundan öz paylarını götürdü, o vaxtkı prezident də, universitet rektorları da, siyasi partiyalar da…

Özümüz üçün sığınacaq qazanaq!

Artıq göydən yerə enməyin vaxtı çatdı. Keçək Azərbaycana. Bəli, neçə illərdi ki, media əhli diffamasiya haqqında qanunun qəbulunu gözləyir və bununla bağlı uzun müddətdir aramsız müzakirələr gedir.
Amma budur, ölkə hakimiyyəti gözlənilənlərin əksinə olaraq, internetdəki çıxışlara görə də cinayət məsuliyyəti tətbiq etməyi planlaşdırır.
Sosial şəbəkələrin böyük həvəskarı olmasam da, insanları yaxşı anlayıram. Elə bir qədər əvvəl Qərbdə 1968-ci ilin mayında baş verən proseslərdən bəhs etdik. O vaxt gənclərin bir şüarı da vardı: əgər cəmiyyəti dəyişə bilmiriksə, özümüz üçün Günəş altında bir yer qazanaq!..
Sosial şəbəkələr insanlar üçün məhz həmin yer rolunu oynayır. Onlar real həyatda deyə bilmədiklərini məhz bu şəbəkələrdə deyirlər. Yadıma gəlir ki, bir vaxt, hələ sosial şəbəkələrin dəbdə olmadığı vaxtlar, gənclər hər gün bir ünvanda – “Azadlıq” qəzeti və AXCP-nin köhnə qərargahında toplaşırdı. Onlar deyirdi ki, bura özümüzü azad hiss etdiyimiz yeganə ünvandır.
Indi bu sözləri eynilə sosial şəbəkələr, ümumiyyətlə, internet haqqında da demək olar – son vaxtlar insanlar yalnız burada özlərini azad hiss edirlər…
Çox maraqlıdır, Ilham Əliyev həmişə öyünürdü ki, Azərbaycanda internetə heç bir nəzarət yoxdur. Bəs nə baş verdi? Nə oldu? Internetin verdiyi azadlıq hakimiyyət mənsublarının gözünə çoxmu göründü?
Başa düşmək həm asandır, həm də çətin. Ona görə asandır ki, bura Azərbaycan adlanır, burada hər şey nəzarətdə olmalıdır ki, məmurlar rahatca bu ölkəni öz bildikləri kimi idarə edə bilsinlər.
Ona görə çətindir ki, məgər bu ölkəni idarə edənlər başa düşmür ki, modernləşmə tək texniki mahiyyət kəsb etməməli, həm də mənəvi dəyərlərə də toxunmalıdır? Ən gülməlisi isə budur ki, bu il “Informasiya texnologiyaları ili” adlandırılıb. Bəlkə internet informasiya texnologiyalarına aid deyil?