Müsavat başqanı Isa Qəmbər Milli Şura ilə bağlı verdiyi müsahibədə ilk dəfə olaraq, siyasi böhran dövründə Əliyev iqtidarının ayrı-ayrı üzvləri müxalifət sıralarına üz tutacağı təqdirdə, qapıları aralı saxlamaq haqda danışdı. Sitatı olduğu kimi verirəm: “Milli Şuranın tərkibi də geniş deyildi. Ancaq ilkin tərkib 50 və ya 51 nəfərdən ibarət olsa da, mənim qənaətimə görə, qurum yeni üzvlərin qəbulu üçün açıq olmalıdır. Bəllidir ki, bu gün passiv mövqedə olan insanlar sabah prosesə qoşulmaq istəyi ilə çıxış edə bilər, həm də siyasi böhran dövründə hakimiyyət komandasından müxalifətə keçməsi ehtimal olunan qüvvələr də nəzərə alınmalıdır”.
Mən geniş mənada bu fikirlərin əleyhinə deyiləm. Yalnız “siyasi böhran dövründə hakimiyyət komandasından müxalifətə keçməsi ehtimal olunan qüvvələr” ifadəsi mənə bir az qəribə gəlir. Hansı qüvvələrdir bunlar? Niyə biz onları görə bilmirik?..
Məsələyə bir az ironik və özünütənqid tərzində yanaşsaq, təxminən belə bir mənzərəni təsəvvür etmək mümkündür. Fərz edək ki, seçki başa çatıb və müxalifət seçkiləri saxtalaşdırmış iqtidarın getməsini tələb edir. Ölkəni nümayişlər dalğası bürüyüb. Daha aydın olsun deyə, 1992-ci ilin martını – Ayaz Mütəllibovdan sonrakı siyasi böhranı gözlərimiz önündə canlandıraq. Belə bir şəraitdə müxalifət qərargahına zəng gəlir. Dəstəyi AXCP funksioneri… Ramiz Kamal götürür. Zəng edən isə Sumqayıt Şəhər Polis Idarəsinin rəis müavini, “Çakır” ləqəbli Süleyman Nemətov olur. Deyir ki, Ramiz bəy, mən depressiyadayam, müxalifəti dəstəkləyir və onun sıralarına keçmək istəyirəm…
Dialoqun sonrakı hissəsini təsəvvür edə bilərsinizmi? Yalnız onu əlavə edə bilərəm ki, mən qəsdən Müsavat rəsmisini bu dialoqda “görməyi” lazım bilmədim. Dialoqun yumşaq keçməsi təsəvvürünü yaratmaq üçün…
Və yəqin ki, “Çakır”ın bu xəyali zəngetmə zərurətindən yola çıxaraq, həmin ərəfədə ölkədəki vəziyyəti atalar sözü ilə təxminən belə ifadə etmək mümkün olacaq: “Lələ köçüb, yurdu qalıb”.
Əlbəttə hazırda mövcud hakimiyyətin uzunömürlülüyünə inanmayan və gələcək taleyi haqda ciddi düşünən məmurlar var. Lakin bu o qədər ani baş verir ki, biz bunu hiss etmirik. Əksinə, iqtidarın bu çətin günündə belə, elələri var ki, bir mandata, adi bir vəzifəyə görə nəyə desən hazırdılar. Eynulla Fətullayev və Hafiz Hacıyevin xalq artisti Nazpəri Dostəliyeva haqqında fikirləri ilə yəqin ki, çoxunuz tanışsınız. Müxalifət liderinin oğlunun toyunda oxuduğuna görə adıçəkilənlərin hər ikisi bu xanımı “xalq düşməni” elan etdi.
Bu həqiqətdir ki, 20 ildə qeyri-qanuni yolla ağlasığmaz sərvət toplayan məmurların hamısı indiki hakimiyyətin son dəqiqələrinə qədər mübarizə aparacaqlar. Məğlub olduqları halda isə, ölkəni tərk etməyə çalışacaqlar. Loru dildə desək, onlar siyasi böhran-filanın nə olduğunu belə, dərk etmirlər.
Bəli, istisna deyil ki, kiminsə ölkədən çıxmaq istəyi olmaya və yaxud vəlvələyə düşərək, əks cəbhəyə üz tuta bilər. Bu, mütləq olacaq. Amma bunu siyasi böhran kimi qələmə vermək, fikrimcə, xalqın gücünə şübhə ilə yanaşmaqdır.
Oxşar hadisə Misirdə baş verdi – Hüsnü Mübarəkin partiyası, o, formal hakimiyyətdə ola-ola ondan imtina etdi. Hətta səhv etmirəmsə, partiyanın prezident seçkilərində namizədi də oldu. Lakin bu da həqiqətdir ki, Mübarəkin komandasından yaxın qohumlarını çıxmaq şərtilə, yalnız bir neçə nəfər ittiham edildi. Onlara qarşı irəli sürülən korrupsiya ilə bağlı ittihamlarda hədd bir milyon dolları belə keçmədi.
Oxşar vəziyyətdə ölkədən qaçan Tunisin prezidenti Bin Əli və arvadı bu gün özü ilə apardığı 28 milyon dollara görə ittiham edilir. 23 il ərzində Tunisə rəhbərlik edən bir adama diktator deməyə adamın dili gəlmir. Adi bir stadionun tikintisindən 300 milyon qabağa düşən, xaricdə mülkləri olan Azərbaycan məmurlarının siyasi böhrana düşəcəyini təsəvvür etmək üçün, qeyri-adi fantaziya belə yetməz.
Ölkədə milyonlarla insanın hər an ayağa qalxıb, vəziyyəti dəyişəndən sonra bir neçə yüz məmurun müxalifətə qoşulması nəyi dəyişə bilər?..
“Dədə Qorqud” dastanında Qazan xanın qələbəsindən sonra “köməyə gələn” müttəfiqi Aruz xanın ilk sualını yəqin ki, xatırlayırsınız…

Ağ bayraqlı… Əliyev məmurları
•


