Xaricdəki soydaşlarımız beynəlxalq təşkilatlara müraciət etdi: «Azərbaycanla münasibətlərdə insan hüquqları və demokratik dəyərlərdən əl çəkməyin!»
«Bu ölkə hazırkı avtoritarizmilə dünyanın cəhənnəmidir. Cəhənnəmdə nəyinsə düzələcəyinə ümid etmək sadəlövhlükdür»
Xaricdə yaşayan soydaşlarımızın yaratdığı Avropa Azərbaycanlılarının Milli Birlik Şurası ölkədə artan repressiyalar, gənclərin həbsi kimi məsələlərlə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
3034 nəfərin imzaladığı müraciətdə bildirilir ki, 20 ildir ki, Əliyevlər ailəsi Azərbaycanı özəl şirkətləri kimi idarə edir. Avtoritar rejim ölkənin təbii sərvətləri hesabına, hətta dünyanın demokratiya mərkəzləri hesab olunan dövlətlərdə də böyük bir lobbi strukturu formalaşdıraraq, bu şəbəkə hesabına Azərbaycan xalqının səsini nəinki daxildə, hətta xaricdə, o cümlədən demokratiya və insan hüquqları kimi ümumbəşəri və tarixi dəyərləri qorumalı olan beynəlxalq təşkilatlarda da boğmağa müvəffəq olub: “Avropa Şurası Parlament Assambleyasının deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı bu ilin yanvarında təqdim etdiyi hesabatda 85 nəfər siyasi məhbusun adı keçirdi. Yuxarıda qeyd etdiyimiz lobbiçilik və AŞ PA rəhbərliyi tərəfindən də etiraf edilən, şərti adı ”kürü diplomatiyası” olan Əliyev rejiminin fəaliyyəti nəticəsində hesabat qəbul edilmədi. Bunu avtoritar rejim mənsubları böyük sevinclə qarşıladı. Bu, eyni zamanda, Azərbaycandakı avtoritarların insan hüquqlarını boğmaq istiqamətində əl-qolunu daha da açdı. Qısa zaman kəsiyində (son 3 ayda) siyasi məhbusların siyahısı xeyli şişdi. Onların sıraları Quba üsyanı, “Binə” Ticarət Mərkəzindəki etirazlar, Ismayıllı hadisələrinə görə həbs olunanlar, eləcə də “NIDA” Gənclər Hərəkatının üzvləri və digər fəalların hesabına sürətlə artmaqdadır”.
Beynəlxalq təşkilatların diqqətinə çatdırılır ki, Azərbaycan hakimiyyətindən islahat gözləmək sadəlövhlükdür: “Azərbaycan bugünkü avtoritarizmilə bu dünyanın cəhənnəmidir. Cəhənnəmdə nəyinsə düzələcəyinə ümid etmək sadəlöhvlük olardı. Bu mənada son 20 ildə keçirilən hər bir seçkidən sonra beynəlxalq təşkilatların ”Azərbaycanın bir addım demokratiya ilə bağlı irəli, yaxud arxaya” getməsi haqqında bəyanatları gözdən pərdə asmaq xarakteri daşıyır. Cəhənnəm elə cəhənnəmdir. Orada bir addım geri və ya irəli söhbətləri yoxdur”, – deyə müraciətdə qeyd olunur.
Xaricdəki soydaşlarımız beynəlxalq təşkilatların nəzərinə çatdırır ki, bu ölkədə insan hüquq və azadlıqları addımbaşı pozulur: “Kütləvi agentura şəbəkəsi və telefon qulaqasmaları adi haldır. Şəxsi həyata müdaxilə, vətəndaşların yataq otaqlarında gizli kameraların qurulması faktları ortadadır. Güc orqanları öz vəzifələri ilə məşğul olmur, bütün resurslarıyla rejimin qorunub saxlanılmasına səfərbər ediliblər. Əhali qorxu içində yaşayır, real müxalifətin fəaliyyəti dözülməz hala gətirilib. Buna baxmayaraq, hətta belə bir şəraitdə minlərlə insan demokratik ideallar və xalqın hüquqları uğrunda özünün həyat rifahını, sağlamlığını, bəzən də həyatını qurban verirlər”.
Qeyd olunur ki, Azərbaycanda təqib metodlarından biri də etiraz edənləri çörəklə imtahana çəkməkdir: “Avtoritarizmə qarşı çıxanların özü, yaxın qohumları dərhal işdən çıxarılır, küçəyə atılır. Belə adamın bir yolu qalır: ölkəni tərk etmək. Ölkəni tərk etməyib etirazı davam etdirən isə həbsə atılır. Ölkə həbsxanaları belə məhbuslarla doludur”.
Müraciətin sonunda soydaşlarımız beynəlxalq təşkilatlara çağırış edib: “Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Avropa Şurasını, Avropa Ittifaqını, ATƏT-i, BMT-nin müvafiq strukturlarını Azərbaycanla münasibətlərində insan hüquqları və demokratik dəyərlərdən əl çəkməməyə, beynəlxalq hüquq-müdafiə təşkilatlarını bu ölkədə siyasi məhbuslar məsələsini diqqətdə saxlamağa və onların tezliklə azadlığına nail olmaq üçün cəhd göstərməyə çağırırıq”.
Informasiya şöbəsi


