İTV-də nələr baş verir?

Baş direktorun baş-ayaq islahatları

İctimai televiziya içdən çalxalanır. Şirkətin sıravi əməkdaşlarından baş verənlər barədə maraqlı xəbərlər almışıq. Görünəni, Cəmil Quliyevin ITV rəhbərliyinə təyin edilməsi yaxşılığa doğru dəyişiklik yaratmayacaq. Direktorun ilk günlərdən atdığıÿaddımlar belə düşünməyə əsas verir. Atalar demiş, “ətyeyən quş dimdiyindən bəllidir”.
Kadr məsələlərində tələskənlik etməyəcəyi vədi versə də o, direktorluğun ilk günü heç bir əsas gətirmədən maliyyə idarəsinin rəisi Şəfəq Nəcəfovanı və ümumi şöbənin müdiri Namizər Musayevanı işdən uzaqlaşdırıb. Efirdə islahatlar gözə dəyməsə də, direktorun kino sevgisi və kadrları təzələməkdə qərarlı olduğu özünü göstərir. Cəmil Quliyev barədə söylənən “savadlı, mədəni insan” epitetləri hələ ki, özünü doğrultmayıb. Əksinə, barəsində “saman altdan su yeridən” fikri formalaşıb. “Ilanı seyidəhməd əliylə tutmaq”- deyimi bu gün ITV-də baş verənlərə tam uyğundur. Cəmil Quliyev AzTV sədri Arif Alışanovun, Mənsur Bayramov Cəmil Quliyevin göstərişilə hərəkət edir, tapşırıqlarını yerinə yetirir.
Əldə etdiyimiz məlumatlara görə bu gün Ictimaidə sevilməyən “yeni AzTV-çilərin” siyahısına kadrlar idarəsinin rəisi Mansur Bayramov başçılıq edir. O bu münasibəti ilk günlərdən sərgilədiyi kobud davranışıyla qazanıb. Kadrlar idarəsinin rəisi kadrların təftişinə “haralısan, kimin adamısan, səni bura kim gətirib” sualları ilə başlayıb. Əməkdaşların taleyilə bağlı qərar bu sualların cavablarından, Bayramovun mövqeyindən asılı olaraq verilir. O, ölçüsüz davranışlarıyla Ictimai TV yaranandan burda çalışan əməkdaşlara televiziyada ikinci adam olduğunu göstərməyə çalışır. Gündəlik efir yükünü çiyinlərində daşıyan əməkdaşlar bu qədər kobud, qəddar və “ağa”larına itaətcil adamı ən sıravi işdə çalışmağa belə layiq bilmirlər. O isə şirkətə rəhbərlik iddiasındadır.

AzTV-nin filialı

Ictimai televiziyanın siyasəti, proqramları, verilişlərin, aparıcıların dəst-xətti yaranan gündən AzTV-yə yaxın olub. Ictimaiyyətə, hakimiyyətə münasibətləri də fərqlənməyib. Cəmil Quliyevin direktorluğa gətirilməsi ilə ITV-ni AzTV-nin filialına çevirib. Necə ki, AzTV-də Arif Alışanovun ətrafında olanlar həm Mədəniyyət, həm də Idman Azərbaycan kanallarına nəzarət edir, indi onlar üçün bu nəzarət imkanı ITV-də də yaradılıb. A.Alışanov “ələkdə qalan” kadrlarını ikibir-üçbir Ictimaiyə göndərir. Məsələn, ITV-nin proqram direktoru Rafiq Nəbiyevin yerinə AzTV-dən 74 yaşlı Fuad Vəlixanov gətirilib. Ictimaidə F.Vəlixanov yaşda olanı yoxdur. Bu o Vəlixanovdur ki, deyilənə görə, qızı Yerevanda erməni polkovnikində ərdədir. “Indən belə Ictimai televiziyanın proqram siyasətini erməni məmurun qaynatası müəyyənləşdirəcək” fikri ITV-çiləri rahat buraxmır. Ictimaiyyətə xidmət etməli olan televiziyada bunca məsul vəzifə yiyəsinin ermənilərlə bağlığı olması gerçəkdən ciddi məsələdir. Dövlət qurumları bu faktı araşdırmalıdır.
Cəmil Quliyevin texnika və maliyyə məsələləri üzrə müavini də AzTV-dən gətirməsi Ictimaini bütünlüklə AzTV-ləşdirmək planının tərkib hissəsidir. Bu vəzifəyə gətirilən Əlabbas Quliyev maliyyəni gizli və aşkar sənədlərlə bölüşdürməyin yollarını yaxşı bilir. 2006-cı ildən bəri bu məsələdə Alışanovun “sağ əli” olub. Arif Alışanov strateji postlara öz adamlarını yerləşdirməklə faktiki televiziyada idarəçiliyi ələ keçirib. Bu onu göstərir ki, maliyyəçi sədrin “ağalarını” məhz kadrlar, kadrların yürütdüyü siyasət və maliyyə maraqlandırır. Yaradıcılıq, ictimai maraqlar onları düşündürmür.

Təzə direktordan AzTV standartlı qaydalar

ITV-dəki mənbənin bildirdiyinə görə, Cəmil Quliyevin komandası şirkətdə yeni qaydaların tətbiqinə ilk gündən başlayıb. Əməkhaqqı hesabına dolanan işçilər indiyəcən şirkətin yeməkxanasında 1 manat 50 qəpik-2 manata nahar edə biliblər. Yeməkxanada qiymətlərin ucuzluğu Mansur Bayramovu qəzəbləndirib. O, “naharı 5 manata qaldırın” göstərişi verib. ITV əməkdaşlarından şirkətin girəcəyindəki avtodayanacağa görə haqq alınmaması da eks AzTV-çilərin xoşuna gəlməyib. Burda da yeni qaydalar qoyulub: hər maşına 1 manat dayanacaq pulu.
Ən maraqlısı odur ki, hər il mayın 1-dən növbə ilə Ictimai televiziya və radio yayım şirkətinin Qubadakı pansionatında ailəlikcə dincələn əməkdaşların istirahət hüququ da əlindən alınır. Deyəsən, onlar pansionata həsrət qalacaqlar. Təzə qərar elan olunub: bir gün üçün 50 manat ödənməsə, heç kim Qubanın adını çəkə bilməz. Xatırladaq ki, bir zamanlar AzTV-nin də Nabranda 12 kottecdən ibarət istirahət mərkəzi vardı. Əməkdaşlar ailələri ilə birgə çox ucuz qiymətə – 10 manata bir həftə orda dincələ bilirdilər. Elə ki, Arif Alışanov sədr gəldi, istirahət mərkəzini özəlləşdirdi, satdı, bağışladı – bilən olmadı. Heç soran da olmadı. Yeddi ildə kimsənin yolu ordan düşməyb. Deyəsən, ITV-nin istirahət düşərgəsini də AzTV-ninkinin aqibəti gözləyir.

Kadrlara ögey-doğmalıq var

Cəmil Quliyevin Ictimai televiziyanın kollektivinə təqdim edilməsi zamanı Prezident administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov çaşıb sözün düzünü deyib: “Cəmil Quliyev Ictimai televiziyaya baş direktor təyin edilib”. Əgər bu təyinat AzTV sədrinin ITV-ni ələ keçirməsinə xidmət edəcəksə, əməkdaşlar yaxınlarda dövlət büdcəsindən Ictimaiyə 15 milyon yox, 35 milyon AZN ayırılacağı xəbərinin gerçəkləşməsini heç arzulamırlar. Çünki bu artımın ITV-nin yox, Arıf Alışanov və keçmiş AzTV-çilərin xeyrinə olacağı kəsindir. Büdcədən pullar artdıqca Alışanovun imperiyası da genişlənir, güclənir. AzTV-dən kənar kadrlar isə ikinci, üçüncü dərəcəli vəzifələrə yerləşdirilir. Məsələn, ictimai radioya.

A. Akifoğlu

P.S. Cəmil Quliyev ayrı-ayrı qruplarla qısamüddətli görüşlərdə eyni fikri səsləndirir: “Şayiələrə inanmayın. Necə işləyibsizsə, elə də işləyin”. ITV-çilərsə çaş-baş qalıblar. Bilmirlər baş direktora inansınlar, yoxsa gözləri ilə gördüklərinə.