Baş nazirin müavini hakimiyyətin 2003 “sirlərini” açdı

“Hərə öz hayında idi, öz sabahını düşünürdü, fikirləşirdi ki, görəsən, taleyim necə olacaq?”

Sabiq prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev mənim həyatımda” adlı kitabın təqdimetmə mərasimində Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov şok açıqlama ilə çıxış edib. Moderator.az-ın xəbərinə görə, məhdud sayda media nümayəndəsinin olduğu mərasimdə Əli Həsənov 2003-cü ildə hakimiyyətdaxili vəziyyətə toxunub:  “Heydər Əliyev Azərbaycanda yox idi. Ölkədə sabitlik təhlükə altında idi. Məmurlar çaşqınlıq içində idi. Bilinmirdi nə olacaq. Açığını deyim ki, hamının da mövqeyi sabit deyildi. Hərə öz hayında idi. Öz sabahını düşünürdü. Məmurların bir qisminin də ayağı başqa yerdə idi. Bəziləri fikirləşirdi ki, görəsən hakimiyyətə kim gələcək, mənim taleyim necə olacaq? O zaman İlham Əliyev prezident səlahiyyətlərini də icra etmirdi. Sevindirici hal oldu ki, İlham Əliyev siyasi hakimiyyətə rəhbərlik etdi. Sonradan xalqın dəstəyi ilə prezident seçilməklə ölkəni bu təhlükədən qurtardı”. Əli Həsənovun sözlərinə görə, 2003-cü ildə Azərbaycandakı vəziyyət 1993-cü ildən də ağır olub. O, bildirib ki, bu, cəmiyyətdə açıq formada hiss olunmasa da amma mürəkkəb durum olub.