«Azərbaycanda mətbuat, ifadə azadlığının vəziyyəti Avropa Ittifaqında narahatlıq doğurur»
Ştefan Füle Bakı səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi
Bakıda iki günlük səfərdə olan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle mayın 2-də siyasi liderlərlə – AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, El hərəkatının sədri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Liberal Partiyasının sədri Əvəz Temirxanlə görüşüb.
Eldar Namazov “Turan”a bildirib ki, 3 saatadək davam edən görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri, ölkədə yaranmış durum, ictimai-siyasi proseslərin gedişi, prezident seçkisi, vətəndaş cəmiyyətinə, gənclərə, ümumilikdə demokratik düşərgəyə qarşı sərt siyasət və fəalların həbsi ilə bağlı müzakirələr aparılıb.
Mayın 3-də isə o, vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib. Görüşdə hüquq müdafiəçiləri Rəsul Cəfərov, Emin Hüseynov, Arzu Abdullayeva, sosioloq Anar Məmmədli, iqtisadçılar Qubad İbadoğlu, Vüqar Bayramov, Zöhrab İsmayıl və ekoloq Aytəkin Əsgərova iştirak edib.
Rəsul Cəfərov “Turan”a deyib ki, diqqəti insan hüquqları ilə bağlı problemlərə yönəldiblər, repressiyalara laqeyd qalmamağa və demokratik seçkilərin keçirilməsinə yardım etməyə çağırıblar.
Mayın 3-də Füle həmçinin, Azərbaycan Diplomatik Akademiyasında məruzə edib, daha sonra mətbuat konfransı keçirib.
Avropalı komissar Diplomatik Akademiyada tələbələr, universitet rəhbərləri qarşısında çıxışında bildirib ki, Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır və bu əməkdaşlıq strateji xarakter daşıyır. Brüssel bu münasibətlərin dərinləşməsini istəyir və bu istiqamətdə fəal iş gedir. Amma prosesi sürətləndirmək və gücləndirmək yaxşı olardı.
Avropa Ittifaqının komissarı daha sonra jurnalistlər üçün mətbuat konfransı keçirib. Azərbaycanla assosiasiya sazişi, o cümlədən viza rejiminin sadələşdirilməsilə bağlı danışıqların başa çatmaq üzrə olduğunu deyən Füle bildirib ki, bu da Azərbaycan vətəndaşlarına Avropaya daha asan səfər etmək imkanı yaradacaq.
Ştefan Füle qeyd edib ki, Azərbaycanla münasibətlərlə enerji ilə yanaşı, insan hüquqları və demokratiya prinsipləri də Avropa Ittifaqı üçün çox vacibdir: “Demokratik prinsiplər, insan hüquq və azadlıqları bizim tərəfdaşlığımızın əsasını təşkil edir. Azərbaycan demokratiya sahəsində, o cümlədən azad və ədalətli seçkilərin keçirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması istiqamətlərində götürdüyü öhdəliklərə əməl etməlidir”.
Avropa Ittifaqının komissarı qarşıdan gələn prezident seçkisini Azərbaycan üçün sınaq kimi qiymətləndirib: “Bu seçki ölkədə demokratiya olub-olmadığını nümayiş etdirmək üçün bir sınaqdır. Istərdik ki, seçki Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq, azad, şəffaf və ədalətli keçirilsin. Onu da deyim ki, bu proses təkcə seçki günü səslərin sayılmasına aid deyil. Eyni zamanda, qeydiyyat və seçkiqabağı kampaniya da standartlara cavab verməlidir”.
Azərbaycan seçkiqabağı durumla bağlı sualı cavablandıran Ştefan Füle bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun seçkilərlə bağlı Azərbaycan hökumətinə tövsiyələri hələ də yerinə yetirilməyib. Söhbət seçki komissiyalarının tərkibi, qeydiyyat və şikayətlərin baxılmasıyla bağlı tövsiyələrdən gedir.
Bu tövsiyələrə əməl olunmaması məsələsi Avropa Ittifaqının Azərbaycanla bağlı martda açıqladığı hesabatda da öz əksini tapıb: “Hökumət qurumları bu tövsiyələr haqda kifayət qədər məlumatlıdır və nə etməyin lazım olduğunu bilirlər”.
Azərbaycanda söz və mətbuat azadlığının durumumu ilə bağlı sualı cavablandıran Füle bildirib ki, martda açıqlanan hesabatda bu sahədəki çatışmazlıqlar öz əksini tapıb. O, Avropa Ittifaqının Azərbaycanda bu sahə ilə bağlı narahatlığını ifadə edib: “Azərbaycanda media, ifadə azadlığının vəziyyəti Avropa Ittifaqında narahatlıq doğurur. Azərbaycan xalqının azad və müstəqil medianın xidmətlərindən istifadə edə bilməsi üçün burada çox iş görülməlidir. Avropa Ittifaqı bu sahədə baş verənləri diqqətlə izləyir. O cümlədən müxalifət qəzeti (”Azadlıq” qəzetini nəzərdə tutur-red.) ətrafında baş verənləri də yaxından izləyirik. Bu ölkədə jurnalistlərin özünüsenzura məcburiyyətində qalmasından narahatıq. Internetə azad çıxışın məhdudlaşdırılması, internetə nəzarət olunması haqda səslənən fikirlərlə bağlı da narahatlığımız var”.
Onu da qeyd edək ki, Azərbaycanda son vaxtlar həyata keçirilən repressiyalar, o cümlədən gənc fəalların həbsilə bağlı istər Diplomatik Akademiyadakı çıxışı zamanı, istərsə də mətbuat konfransında Ştefan Füleyə suallar ünvanlansa da, o, konkret cavab verməyəcək, ümumi fikirlər söyləməklə kifayətləndi.
Aytən Məmmədova