İsveç diplomatı Malena Mard Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib. Bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.
Malena Mard bu təyinatadək İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə departamentinin direktoru olub. O, əvvəllər Sankt-Peterburq, Dakka və Brüsseldəki diplomatik nümayəndəliklərdə də çalışıb.
Diplomatların akkreditasiya qaydasına görə, Azərbaycana bu barədə məktub göndərilməlidir. Rəsmi Bakının təsdiqindən və bəzi inzibati proseslərdən sonra diplomat yeni vəzifəsinin icrasına başlaya bilər.
Qeyd edək ki, 2009-cu ilin noyabrından Aİ-nin Azərbaycandakı nümayəndəsi olan Rolan Kobianın səlahiyyət müddəti bu il başa çatır.


