“AMEA-nın Nizami adına Ədəbiyyat Institutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib. Ramiz Mehdiyevin Iran səfəri ərəfəsində Təbrizdə həbs olunan həmyerlimizi mətbuat belə təqdim edir: ”Ədəbiyyat Institutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid”.
Şəxsən mən Xalidə xanımı tanımıram. Yəni bir ədəbiyyatşünas kimi. Ancaq bu, heç nəyi dəyişmir. Fakt faktlığında qalır. Bir Azərbaycan vətəndaşı Təbrizdə həbs edilib. Bu gün mətbuatın borcu haqlı olaraq bu həbs və həbslə bağlı bundan sonrakı proseslər haqda bilgi verməkdi. Dövlətin borcu isə, bu həbsi araşdırmaq, Iran dövləti ilə danışıqlar aparmaq, nəhayət, vətəndaşının azad edilməsi üçün bacardığını eləməkdi. Yəqin ki, hərə öz işilə məşğul olacaq və nəticəni də hər birimiz görəcəyik.
Ötən il iki gənc şairin Irandakı həbsi yəqin ki, heç kimin yadından çıxmayıb. Sonunda məlum oldu ki, onların həbsə əsas verəcək heç bir suçu olmayıb. Axı bu cür faktlarla nəyə nail olmaq olar? Yalnız öz ölkən haqda mənfi imic yaratmış olarsan. Ölkənə maraq göstərən xarici vətəndaşları xoflandırmaq heç də dövlətin xeyrinə deyil.
Nə isə, mövzudan uzaqlaşmayaq. Xalidə xanım həbs edilib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun vitse-konsulu Nəriman Orucəliyevin APA-ya bildirdiyinə görə, onlar bu barədə mətbuatdan xəbər tutublar: “Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır”. Xarici Işlər Nazirliyi də konsulluğa bu haqda tapşırıqlar verdiyini deyir.
Məni dəhşətə gətirən isə Ədəbiyyat Institutunun direktor müavini Məhərrəm Qasımlının yaydığı açıqlamadı: “Xalidə Xalid aprelin 26-da institutdan özbaşına, heç bir razılıq olmadan, ezamiyyət verilmədən gedib”. Bunu deməklə Məhərrəm Qasımlının nəyə nail olmaq istədiyini başa düşmək olmur. Yəni nə? Bilmirsən, direktor müavini institut əməkdaşının işini yüngülləşdirmək istəyir, ya daha da ağırlaşdırmaq? Mən demək istəmirəm ki, o, əməkdaşlarının ezamiyyətə rəsmi şəkildə getdiyini deməliydi və ya işdən iznli olduğunu. Hər halda, ümumiyyətlə, bu haqda ən azı susmaq olardı. Buna görə, Iran Ədəbiyyat Institutunu bombalamazdı.
Bu iki cümlədən həmin xanım haqda dərhal mənfi fikir formalaşır. Nizam-intizam tanımayan, müdiriyyəti saya salmayan biri… Əlbəttə, şübhə yoxdu ki, bu açıqlamadan sonra Xalidə xanımın işi bir az çətin olacaq və o, daha da şübhə altına düşəcək.
Ardıyca gələn cümlələr daha dəhşətdi. “Şöbə müdiri elə bilib ki, o, xəstədir. Lakin məlum olub ki, işdən icazə almadan Irana gedib”. Sanki Ədəbiyyat institutu Iranın tabeçiliyndədi, işçinin hansısa əməlinə görə tənbeh olunmaqdan qorxur və özünü təmizə çıxarmaq üçün işçinin “yoxa çıxdığını” tələm-tələsik diqqətə çatdırır.
Qasımlı əlavə edib ki, Xalidə Xalid kiçik elmi işçidir və heç bir elmi dərəcəsi yoxdur. Sanki onun həbsini qüvvətləndirmək üçüm elmi dərəcənin yoxluğunu xüsusi ilə gözə soxmaq lazımdı. Yəni təxminən belə çıxır ki, işinizdə olun, o xanımsız da işimiz pis getmir. Bu qənaəti qüvvətləndirən daha bir hissə var: “Onu ciddi Şəhriyarşünas kimi kim qəbul edib ki? Düşünürəm ki, onun elə bir ciddi elmi fəaliyyəti yoxdur. (…) O, Irana instituta heç bir məlumat vermədən gedib”.
Kəsəsi, o, heç kimdir. Istədiyinizi eləyin. Ən əsası bizim suçumuz yoxdu! Tutubsan, əccəb edibsən, ver, əlini də öpüm!
Dəhşətə gəlsəm də, təəccüblənmirəm. Bu açıqlama Azərbaycan hakimiyyətinin vətəndaşına verdiyi qiymətdi.

Ver, vuran əlini öpüm, Iran…
•
•