Hakimiyyətin beyni çökdü

Ramiz Mehdiyev və komandasının qeyri-ciddi duruma düşməsinin pərdəarxası məqamları…

Ramiz Mehdiyevin Iran səfəri bitdi. Amma söz-söhbətlər hələ indi başlayır. Məsələn, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov indi bəyan edir ki, Ramiz Mehdiyevin adından onun səsləndirmədiyi fikirlər yayılıb. “IRNA” agentliyi məlumat yaymışdı ki, Azərbaycanın faktiki ikinci şəxsi – Ramiz Mehdiyev deyib ki, Əhmədinejadın adı tarixə qızıl hərflərlə düşməlidir. Bu bəyanat yayılan anlarda mətbuat Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun ABŞ-da keçirilən bir tədbirdən bəyanatlarını dərc etdi. Məlum oldu ki, Fərhad Məmmədov ABŞ-da Iranı Azərbaycan üçün təhlükə mənbəyi sayıb və Amerika xalqının diqqətinə bu faktı həyəcanla çatdırıb.
Məlumat üçün deyək ki, Fərhad Məmmədov Ramiz Mehdiyevin çətiri altında işləyən gənc kadrlardandır və onun bu addımı heç də düşünülmüş parçalanma görüntüsü yaratmaq sayılmamalıdır. Elə isə, bu proseslərin mahiyyətcə izahı nədir?

“Boz kardinal”ı xərcləyirlər

Əslində, Ramiz Mehdiyev Iranda nə qədər aciz görünürdüsə, onun gənc kadrı ABŞ-da bir o qədər qeyri-ciddi təsir bağışlayırdı. Çünki hazırkı tablo hakimiyyətin bütünlükdə siyasi plansızlığı və strateji baxışlarının olmamasından formalaşıb. ABŞ-da Iran əleyhinə, Iranda ABŞ əleyhinə, Rusiyada hər kəsin əleyhinə bəyanat verməklə dövləti uzun müddət idarə etməyin mümkünlüyünü düşünənlər, hətta qeybətcil adamların son aqibətindən də nəticə çıxarmayıblar…
Ramiz Mehdiyevin bu səfəri ətrafında baş verənləri şərh etməzdən əvvəl isə biz Azərbaycan hakimiyyətinin içində çabalamaqda olduğu geosiyasi bataqlığa bir nəzər salmalıyıq. Rəsmi Bakını kimlər, hansı oyunlara görə batırmaq istəyir?
Əlbəttə, bir qədər geri boylanaraq da xeyli səbəblər sadalamaq olardı. Fəqət, indi vəziyyət xeyli fərqlidir. Son bir ayın yaratdığı siyasi mənzərə – Ramiz Mehdiyevin səfəri və bu səfər ərəfəsində baş verən bir çox əlaqəli məsələlər olaylara işıq tutur. Əlbəttə, biz çalışacağıq ki, hadisələrə ciddi analitik baxışımızı ortaya qoyaq. Amma vəziyyətin xeyli dərəcədə komediya janrına çevrildiyini də danmaq olmaz. Tamamilə başqa məsələdir ki, gülüş obyektinə çevrilmiş hər olay öz qəhrəmanının faciəsidir. Bu kontekstdə isə biz Əliyevlər hakimiyyətindən, onun öndə gedəni, baş biləni Ramiz Mehdiyevdən danışırıq.

Şah İsmayıl və “güclü İran”…

Amma ac insanın tarixlə doyması çox da inandırıcı deyil. Bu böyük fəndgirlik elə də uzunömürlü olmadı. Farsların adını duymaq istəmədikləri Şah Ismayılı tərif edəndən sonra Ramiz Mehdiyev Əhmədinejada sonu görünməyən təriflər yağdırmağa məcbur qaldı. Bu, onun şəxsi faciəsi idi. Amma təmsil etdiyi hakimiyyətin faciəsi də o idi ki, Ramiz Mehdiyev həm də Heydər Əliyevin mədhiyyə orkestrinin bədii rəhbəridir. Onun Iranda ABŞ əleyhinə səsləndirdiyi ittihamlar isə vəziyyəti tamam başqa istiqamətdə aydınlatdı. Məlum oldu ki, Ramiz Mehdiyev heç də “boz kardinal” deyilmiş. O, lazım olanda yalvarmağı da bilirmiş…
Əslində isə Azərbaycandakı hakim rejimin mahiyyəti bu səfərdə çox çılpaq şəkildə ortaya çıxdı. Öz milləti üçün qorxulu yuxuya çevrilmiş Ramiz Mehdiyev Ilham Əliyevə demədiyi fikirləri Əhmədinejada dedi. Bununla da ortaya qoydu ki, o, hakimiyyətin maraqları naminə ən gözlənilməz addımları atmağa hazırdır. Görüş zamanı arxasında dövlət bayrağının olmamasına göz yumması da qoca kommunistin çətin həzm edəcəyi vəziyyətlərdən idi. Onun üçün bayraq sadəcə, ritualdır. Amma deməli, vəziyyət çox pisdir. Illərdir özü haqqında formalaşdıra bildiyi tək fikir – “əzazil olsa da, dövlətçilik təcrübəsi var” – bircə anda çilik-çilik oldu.

Novruz Məmmədov dedi ki…

Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov dedi ki, Ramiz Mehdiyevin adından səslənən fikirlər böhtandır. Bunun üstündən az keçməmiş, Iranın “Aran” agentliyi onun çıxışının stenoqramını yaydı.
Işin maraqlı tərəfi təkcə bu deyil. Həm də odur ki, Ramiz Mehdiyevin bu səfəri barədə Azərbaycanın heç bir rəsmi qəzeti bir cümlə də yazmadı. Elə isə biz sual veririk: Iran agentlikləri Ramiz Mehdiyevin demədiklərini yazıb, bəs hanı onun dedikləri, siz niyə dediklərini yazmamısız?
Görünür, vəziyyət həm də ona görə mürəkkəbdir ki, hakimiyyət nümayəndələri bu qədər əziklik nümayiş etdirəndən sonra da Iranın könlünü ala bilməyiblər. Bəzi ekspertlər yanlış olaraq, Azərbaycan hakimiyyəti ilə rəsmi Tehran arasındakı münasibətləri dövlətlərarası konflikt kimi təqdim etməyə cəhd göstərirlər. Bu belə olsaydı, Azərbaycan hakimiyyəti indiyə qədər bircə dəfə Güney Azərbaycandakı problemlərə toxunardı. Əksinə, mühacirləri həbs edib, Iran rejiminə təhvil verməzdi.
Bu istiqaməti onunla yekunlaşdırmaq olar ki, Ramiz Mehdiyev Iranda guya gizlicə Əhmədinejada tərif deməklə, onun Ilham Əliyevə olan qəzəbini soyutmaq istəyirdi. Fəqət, Iran Israil prezidenti Şimon Peresin bugünlərdə “Azərbaycan olmasa, Iran Yaxın Şərqdə çox genişlənərdi” bəyanatından yapışıb, rəsmi Bakını ram etdirmək istəyir. Yəni, sözlə can qurtarmaq mümkün deyil – Azərbaycan Xəzər hövzəsində Qərblə əməkdaşlığa son qoymalıdır. Bu isə mümkün görünmür və deməli, Iranın təzyiqləri davam edəcək. Ramiz Mehdiyevin xəlvətdə dediklərini ona görə açıb tökdülər ki, rəsmi Bakının Qərblə münasibətləri tamam pisləşsin və Irana yıxılmaq məcburiyyətində qalsın.

Qərbin yeni oyunu “oynamamaq”dır…

Bəs necə olur ki, Ramiz Mehdiyev Iranda bu qədər canfəşanlıq edərkən, onun komandasındakı gənclərdən biri Vaşinqtonda eyni tonla Iranın Azərbaycan və dünya üçün təhlükə olmasından danışır. ABŞ xalqına müraciət edir və deyir ki, bu məsələdə həssas olsunlar. Asim Mollazadə həyəcanını və Islam fundamentalizmindən qorxusunu ifadə etməkdən çəkinmir. Yoxsa, Fərhad Məmmədov və Asim Mollazadə hesab edirdilər ki, onların Vaşinqtondakı çıxışından sonra Iran Azərbaycan hakimiyyətinin başqa qanadlarını Ramiz Mehdiyevdən xilas edəcək? Başqa sözlə, bu həm də Ramiz Mehdiyevin səmimi olmadığını sübut eləmək idi. Sübuta ehtiyacı olmayan yalanı sübut etməyə cəhd isə sadəcə, onu deməyə əsas verir ki, əslində, ehtiyac duyulan məsələ sübutlar deyil, tamaşadır.
Qərb isə artıq yeni oyun qaydası ilə işləyir. Bu qaydaya əsasən, oynamaq qadağandır. Çünki iştirakçılar həddindən artıq çoxdur. Indi demokrat kimi görünən diktatoru gizləmək mümkün deyil. Dünyada elə bir əhval-ruhiyyə formalaşıb ki, xalqa hörmətsiz yanaşan bir siyasətçiyə salam verən başqa biri demokratik yolla seçilsə belə, nüfuzunu itirir və növbəti seçkiyə şansı azalır. Yəni, Qərb artıq Ilham Əliyevi, onun komandasını gizləmək fikrində deyil. Bu, praqmatik olaraq da artıq işə yaramır. Elə buna görə də orada Iranla bağlı deyilənlər də vəziyyətdən çıxış yolu deyil. Artıq o reallıq yoxdur ki, Ilham Əliyev anti-Iran mövqeyində olduğuna görə ABŞ onu bağışlamağın mümkünlüyü haqda düşünsün. Üstəlik, onun ikinci şəxsi Əhmədinejada bu qədər qızğın təriflər həsr edə bilirsə…

Bu da bir balansdır, ancaq…

Əslində, bu siyasət də balanslıdır. Ilham Əliyev sadəcə, onu bilir ki, kimə nə etsən, başqasına da onu etməlisən ki, sənə pis baxmasınlar. Məsələn, bir zamanlar hamıya neft və qaz verirdilər. Bakı-Novorosiysk kəməri, Bakı-Tbilisi-Ceyhan və s. buna misaldır. Daha sonra Ilham Əliyev hər kəsə hücum etməyə başladı. ABŞ və Türkiyə əleyhinə rəsmi qəzetlər od püskürdü. “WikiLeaks”dən Türkiyə və Rusiya əleyhinə materiallar çıxdı. Indi isə reallıq başqadır deyə, Ilham Əliyevin komandası səpələnib dünyaya, balanslı şəkildə hamıya yalvarırlar. Azərbaycanın geopolitika alimi olan prezidenti düşünür ki, bəlkə ortada durub Iranla ABŞ-ı bir-birinə qırdırdıq. Bununla da necə deyərlər, “cahangirlər savaşıb, bir-birini zəiflədər, biz də fürsətdən istifadə edərik”. Amma görünən odur ki, bu, orta əsrlərdə, atlı çaparların zamanında mümkün idi. Indi isə heç kimi aldatmaq mümkün deyil. Düz əyrini təkcə kəsmir, həm də həyatdan silir.
Bu cür balanslı yalvarışın bir nəticəsi də o ola bilər ki, bu əzazillərin hamısı birdən bizim hakimiyyətə rəhm edə bilərlər. Bir sözlə bütün mümkün nəticələr müdrikcəsinə  hesablanmışdır.

Ciddiyyətə necə keçək?

Bu gün ən aktual məsələ budur ki, Azərbaycan cəmiyyəti  yaşanmaqda olan komediyanın pərdə arxasındakı faciədən necə xilas olmalıdır? Bu oyunu necə durdurmaq olar? Dövlətin  yalançı və elastik alətə çevrilməsinin qarşısını necə alaq?
Əlbəttə, hadisələrin ciddiliyini dərk edən insanlar bir an öncə xalqı bu dəhşətli sonu yaxınlaşdıran gülüşdən ayılmağa vadar etməli, təşkilatlandırmalıdır. Çünki bu cür bütün haqq-hesabı bir-birinə qarışmış siyasi komandanın sağlam qərarlar qəbul edə bilmədiyi ortadadır. Bu gün xarici siyasətdə belə, özünü göstərən başsızlıq onu deməyə əsas verir ki, hazırda hakimiyyət strukturlarında sadəcə, qarşılıqlı əlaqə itib. Yəni, mərkəzi beyin zədələnib və bunu bir an öncə yeniləmək lazımdır.