Mehdiyevin rəqibi onun qəzetinə necə yol tapdı?

Uzun müddət görünməz olan Yusif Hümbətov «Yeni Azərbaycan»da zühur elədi

Prezident Admnistrasiyasının (PA) ərazi-idarətemə orqanları ilə iş şöbəsinin sabiq müdiri, hazırda “Azərsutikinti”nin rəhbəri vəzifəsində çalışan hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzetində məqalə ilə çıxış edib. Yusif Hümbətovun məqaləsi eks-dövlət başçısı Heydər Əliyevə həsr olunub.
PA-dakı vəzifəsini itirdikdən sonra uzun müddət görünməz olan Yusif Hümbətovun qəfildən “Yeni Azərbaycan” qəzetində görünməsi kifayət qədər maraqlı olaydı. Məlumat üçün deyək ki, Yusif Hümbətov PA rəhbəri Ramiz Mehdiyevlə konfliktdə olan şəxs kimi tanınıb. Onun “vurulmasında” da Ramiz Mehdiyevin müstəsna rol oynadığı iddia edilir. Keçmiş şöbə müdirinin uzun müddət görünməz olması da Ramiz Mehdiyevin bütün qapıları onun üzünə bağlaması ilə izah olunur. Bəs indi birdən nə baş verdi ki, Yusif Hümbətov PA rəhbərinin nəzarətində olan bir qəzet Yusif Hümbətova yer verdi?

Bəzi ehtimallara görə, bu son vaxtlar Ramiz Mehdiyevin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə bağlıdır.
Yusif Hümbətovun məqaləsində də kifayət qədər maraqlı məqamlar var. Məsələn keçmiş şöbə müdiri iddia edir ki, Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının nümayəndələri ilə münasibətləri normal olub: “Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının nümayəndələrinə münasibəti normal idi. O, bir tərəfdən onları səriştəsizlikdə, fəaliyyətlərindəki nöqsanlara görə tənqid edirdi, digər tərəfdən milli həmrəyliyə görə onlarla əməkdaşlıq etməyə hazır olduğunu əməli ilə təsdiq edirdi. Heydər Əliyev məni Prezidentin ərazi idarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin edəndə ilk tövsiyəsi belə oldu:
– Cəbhəçilərin, müsavatçıların arasında ağıllı adamlar var. Çalış onlarla münasibət qur ki, biz onları işə cəlb edək.
Heydər Əliyev bilirdi ki, mən vaxtilə Ali Sovetdə bərabər işlədiyim üçün onların çoxunu tanıyıram”. “Köhnə qvardiyan”ın “vurulmuş” bəzi üzvləri Yusif Hümbətovun məqaləsindəki bu məqamı təsadüfi saymır. Onların fikrincə, keçmiş şöbə müdiri bununla sətiraltı hakimiyyətlə müxalifət arasındakı münasibətlərin düşmənçilik səviyyəsinə çatmasında Ramiz Mehdiyevin rolu olduğuna işarə edir.