«Avropa ölkələri demokratiyanın başlıca şərtlərindən biri olan söz və mətbuat azadlığını təmin etməlidir»
Avropa Şurasının baş katibi Työrborn Yaqland 3 May – Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bəyanat verərək, Avropa Şurasına üzv dövlətlərinin hökumətlərini mətbuat, söz və fikir azadlıqlarına tam şəkildə hörmətlə yanaşmağa çağırıb. APA-nın məlumatına görə, baş katib bəzi bölgələrində jurnalistlərin hələ də təqib olunduqlarını və senzuraya məruz qaldıqlarını bir daha xatırladıb.
“Əsl demokratiyanın mövcudluğu o zaman mümkündür ki, jurnalistlər təqib və senzura təhlükələri olmadan, azad və sərbəst şəkildə işləyə bilsinlər. Çox təəssüf ki, biz yenə də bəzi bölgələrdə mətbuatın nəzarətdə saxlanılması və ya tam susdurulması və avtosenzura mexanizmi tendensiyalarına cəhdlərin şahidi oluruq. Avropa Şurası Avropa Insan Haqları Məhkəməsi ilə birgə ifadə azadlığının müdafiəçiləri qismində səyləri davam etdirir, lakin hökumətlər Konvensiyaya əsasən öz üzərilərinə götürdükləri öhdəlikləri təmin etmək üçün daha çox iş görə bilərlər və bunu etməlidirlər”.


