Rəsmi Bakı onun Qərb əleyhinə bəyanatını təkzib etdi; İran isə növbəti qalmaqallı fikirlərini yaydı
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ramiz Mehdiyevin Irana səfəri çərçivəsində bu ölkənin rəsmi xəbər agentliyi IRNA tərəfindən yayımlanan Qərb əleyhinə fikirlərini təkzib edib. “Təəssüf ki, Iran mətbuatında müzakirə predmeti olmayan bəzi mövzularla bağlı məlumatlar verilir.
Belə addımların nə səbəbdən atıldığı sual doğurur. Məsələ bundadır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Iran mətbuatına heç bir müsahibə verməyib. Buna görə də belə məlumatların Iran mətbuatına ötürülməsi sual yaradır. Axı görüşlərdə müzakirə mövzusu ikitərəfli münasibətlər olub”, – deyə Novruz Məmmədov bildirib.
Mehdiyevin Iran prezidenti Mahmud Əhmədinejad və başqa rəsmi şəxslərlə görüşdə Qərbi ittiham edən fikirlər işlətdiyi Bakıda təkzib olunduğu bir vaxtda Iranın “Aran News” agentliyi məsələni yenidən aktuallaşdıran xəbər yayıb.
Agentlik Ramiz Mehdiyevin Iran parlamentini sədri Əli Laricani ilə görüşündən hazırladığı xəbərdə bildirir ki, Azərbaycan PA rəhbəri bəzi ölkələrin Bakı-Tehran əlaqələrindən narahat olduğunu və onu pozmağa çalışdığını deyib.
Agentlik yazır ki, görüş zamanı Əli Laricani Azərbaycanla Iran arasındakı tarixi və mədəni bağlılıqlara toxunaraq deyib: “Iki qonşu və müsəlman ölkənin xalqları və məsulları bir-birlərinə qarşı dərin yaxınlıq və dostluq hiss edirlər və bunu daha da dərinləşdirmək lazımdır.
Iran qarşılıqlı hörmət və ortaq mənafe çərçivəsində iki ölkə arasında əlaqələr və əməkdaşlıqların daha da genişləndirilməsini dəstəkləyir.
Region ölkələri öz problemlərini bir-birləri ilə yaxın əməkdaşlıq yolu ilə həll etməyə tamamilə qadirdirlər. Bu istiqamətdə Iran Islam Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazır olduğunu bir daha vurğulayır”.
Xəbərə görə, Ramiz Mehdiyev Tehrana səfərindən razı qaldığını bildirib, Iranı Azərbaycanın dostu və qardaşı adlandıraraq deyib: “Azərbaycan Respublikası və Iran xalqlarını dərin tarixi köklər bir-birinə bağlayır və Azərbaycan Respublikasının tarixi Iranın ümumi tarixinin önəmli bir hissəsi hesab olunur.
Tarixi, mədəni, dini və coğrafi ortaqlıqlar böyük potensiallar və mənafelərlə birgə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə əlverişli zəmin yaradıb və bu zəminlərdən faydalanmaq lazımdır.
Iran Islam Respublikasının rifah və inkişafını onun müstəqillik və ərazi bütövlüyünə hörmətlə yanaşı öz ürəyimizin arzusu bilirik və inanırıq ki, iki ölkə arasında dostluq münasibətlərinin artırılması istiqamətində heç bir səyi əsirgəmək lazım deyil.
Iki ölkənin dinc qonşuluq münasibətlərindən kənar bəzi ölkələr iki müsəlman qonşu ölkənin dost əlaqələrini əngəlləməyə cəhd göstərirlər. Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır”.
Məlumatda deyilir ki, Ramiz Mehdiyev Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində “Iranın tutduğu gözəl mövqeyə görə öz təşəkkürünü bildirib” və münaqişənin həlli üçün Iranın sona kimi əməkdaşlıq etməsini istəyib.
Əli Laricani Ramiz Mehdiyev vasitəsilə azərbaycanlı həmkarı Oqtay Əsədovu Irana dəvət edib.
Bu arada hökumətyönlü politoloq Rasim Musabəyov Iranı ittiham edib. Məlumat üçün deyək ki, IRNA Ramiz Mehdiyevin fikirlərini yayanda Rasim Musabəyov bunu Iran mediasının növbəti təxribatı ola biləcəyini söyləmişdi.
Dünən isə politoloq haqqin.az saytına açıqlamasında qəti şəkildə bildirib ki, bu təxribatdır, özü də çox primitiv şəkildə düşünülmüş təxribatdır. “Iran dini-ideoloji dövlətdir. Onun təbliğati manipulyasiyaları həm daxili, həm də xarici auditoriyaya hesablanıb. Daha doğrusu Iran bununla öz əhalisinə və dünyaya prosesləri özlərinin görmək istədiyi təqdim edirlər. Iran mətbuatının hərəkəti primitivdir və asan başa düşülür”.
Rusiyalı politoloq Modest Kolerov isə bildirib ki, Azərbaycan hakimiyyəti eyni vaxtda Ramiz Mehdiyevi Irana, başqa bir qrup emissarı isə ABŞ-a göndərməklə səhvə yol verib. “Azərbaycanın bu qocaman siyasətçisinin danışıqların predmeti ilə bağlı dərhal öz versiyasını səsləndirməli olduğunu bilməməsi səfərin tələsik, hazırlıqsız və qəfil olduğunu göstərir. Bu isə o deməkdir ki, səfərin bütün riskini Tehran yox, Bakı yaradıb”.
İnformasiya şöbəsi