Azərbaycanın Atletiko Respublikasına çevrilməsi

Iş elə gətirdi ki, Ispaniyanın “Atletiko Madrid” futbol klubu da Azərbaycanın siyasi oyunlarının iştirakçısı oldu. Ola bilsin ki, siz bu günlərdə həmin klubun sadəcə Bakıdakı bir futbol oyununa baxmısınız və ağlınıza da başqa bir şey gəlməyib. Lakin bu, xalis siyasi hoqqa və hesablanmış bir hiylə idi. Həmin oyunun arxasında bilirsinizmi nə dururdu? Bu, xalqın “neft gəlirləri hara xərclənir” sualına bəri başdan verilmiş cavabdır: görmürsünüz, biz o boyda futbol klubunun yaxasına AZƏRBAYCAN kəlməsi yazdırmışıq. 
Bu da bizə neft gəlirləri! Biz “Atletiko Madrid” adlı bir klubun igid futbolçularının şəklinə baxıb xoşbəxt olmalıyıq. Hətta istəyən kəs Arda Turanın topa təpik atdığı bir şəklini böyüdüb evindən asa və Ilham Əliyevə də dua edə bilər ki, məhz onun sayəsində bu qıvrımsaç, saqqallı türk balasının sinəsində ölkəmizin adını görmək bizə nəsib oldu.
Bax, bu qədər sadə bir oyundan söhbət gedir. Neft gəlirlərindən sizə bu cür şeylər çata bilər. Üstəlik, xeyli binanın üzü yenilənmiş, xeyli divar rənglənmiş, bir sözlə, həmin konfet kağızı söhbəti…
Amma sizin öz oğlunuz sinəsinə AZƏRBAYCAN yazdırıb şəhərə çıxsa, bir az xoşbəxtliyin dadı qaça bilər. Çünki sayıq polislərimiz bunu görüb, həmin gəncin aksiyaya, mitinqə getməsindən şübhələnə bilər və mümkündür ki, uşağı saxlayarlar.
Vəziyyət doğrudan da belədir. Aprelin 30-da, yəni Neft Akademiyasında müəmmalı terrorun ildönümündə Atletika bayramı təşkil edən Azərbaycan hakimiyyəti dillərindən və ürəklərindən Azərbaycan kəlməsi səngiməyən gənclərin dinc matəm yürüşünü dağıtdı və onlardan 3 nəfərinə 15 sutka həbs cəzası verdi.
Vəziyyət bu qədər aydındır. Əcnəbi klub olan “Atletiko Madrid”in 11 nəfər gənci sinəsində Azərbaycan kəlməsi ilə oyuna çıxdığına görə 20-25 milyon avro qazanır, bizim gənclər isə küçədə Azərbaycan deyəndə həbs edilirlər. NIDA hərəkatının həbs olunan rəhbərliyi niyə şərlənib? NIDA elə AZƏRBAYCAN kəlməsinin ürəkdən və nida ilə deyilməsidir. Buna görə həmin oğullar cəza çəkir.
Sizcə, idmana niyə bu qədər önəm var bizim ölkədə? Guya Azərbaycanda kütləvi idman marağı var? Sadəcə, bu, klassik “çörək və tamaşa” siyasətidir. Əslində, klub idmanı bizdə sıfırdan da aşağıdır. Ölüvay klubların hamısı neft gəlirləri ilə saxlanılır və böyük xərclər hesabına çox sayda legioner alırlar. Ilham Əliyev isə idmandan elə ağızdolusu danışır ki, adam özünə də çempion kimi baxır…
Amma görün Elmlər Akademiyasının prezidenti bu günlərdə nəyi etiraf edib. Biləsiniz ki, bu il doktoranturaya qəbulda yerlər dolmayıb. Artıq bizim ölkədə adamlar alim olmaq istəmir. Bu ayrı məsələ ki, onların həmin qəbuldan sonra gerçək alim olacağı da mümkün deyil. Fakt isə budur ki, əvvəllər qəbul hətta tapşırıq və rüşvətlə keçirdisə, indi alimlik dərgahına gələn yoxdur. Yapçıların inkişafdan yekə-yekə danışması ilə deyil. Dağ boyda fakt ortadadır – ölkədə elmə maraq tam ölmüşdür.
AMEA-nın təzə və qoca prezidentiÿAkif Əlizadəÿbunu açıq şəkildə etiraf etməli olub: “Bu yerlərin dolmamağı onu göstərir ki, elmə maraq azalmaqdadır. Bizim ən böyük vəzifəmiz AMEA-nın, elmin nüfuzunu qaldırmaqdır. Indi gəncləri doktoranturaya güclə gətirmək mümkün deyil. Biz gənclər arasında AMEA-nın imkanlarını, maddi-texniki bazası haqqında məlumatları, akademiyanın gələcək stimulları haqqında təbliğatı elə aparmalıyıq ki, onlar elmə cəlb olunsun”.
Lakin bu alim görmək istəmir ki, qazandığı vəzifəyə görə təşəkkür etdiyi prezident əcnəbi gənclərin sinəsinə AZƏRBAYCAN kəlməsi yazdırmağa milyonlar xərcləyir və Azərbaycana bir atlet ölkəsi kimi baxır. Elm isə batsa da, batsın. Azərbaycan gənci digər idman növlərində uğurla çıxış edə bilməsə də, yaxşı əlçalan olmalıdır. Bu da xüsusi idman növüdür və hər ölkədə olmur.