ADNA faciəsinin günahkarları tapıldı

Inkişafın pik həddini yaşayan ölkəmizin, uzaqgörən siyasət yürüdən hakimiyyətinin, çevik və peşəkar hüquq-mühafizə orqanları ADNA-da baş vermiş terror aktının günahkarlarını hadisənin 4-cü ildönümündə yaxalayıblar.

Sən demə, 13 nəfərin ölməsində, 12 nəfərin yaralanmasında günahkar olanlar AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, “NIDA” Idarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik təşkilatının üzvü Ilkin Rüstəmzadə imiş.
Ancaq bu ağır cinayəti törətmiş şəxslərə 10 sutka həbs veriblər. Humanizmin analoqsuz fəvvarələndiyi ölkədə belə hallar təbiidir.
Rüşvət vermək üçün adam, pul gizlətmək üçün ada, heykəl qoymaq üçün şəhər tapan rejim, ADNA faciəsinin günahkarlarını, əlbəttə, tapacaqdı.
Eşq olsun xalqın ölüsünə də, dirisinə də hörmət qoyan yaptokratiyaya.
30 aprel həm də rejimin simasıdır.
4 il öncə baş vermiş faciə hər birimiz üçün ağırdır və bunun kədərini həmişə yaşayacağıq.
Ancaq 30 apreldə dünyasını dəyişmiş insanlar, həm də öz ölümləriylə antimilli rejimin maskasını çıxartdılar. Bəli, xalq gördü ki, bu hakimiyyət yalnız “Azadlıq”, “Istefa” şüarlarına qarşı amansız deyil, həm də “terrora yox” şüarına nifrət edir.
30 aprel sübut etdi ki, bu rejim təkcə insanların mülkiyyət hüququna, seçmək hüququna, sərbəst toplaşmaq azadlığına qənim kəsilməyib, həm də terror qurbanı olmuş insanları, göz yaşı ilə anan gənclərin kədərinə də qənim kəsilib.
Xalqı sevincdən məhrum etməkdən ürəyi soymayan rejim onun kədərlənməsini də cinayət sayır.
Mayın 10-da ulu öndərlərinin heykəli üzərinə milyonlarla gül düzülməsinə şərait yaradanlar, aprelin 30-da qətlə yetirilmiş gənclərin xatirəsinə bir qərənfil qoymağa imkan vermədilər.
30 aprel hər kəsə göstərdi ki, rejim bu xalqın itkisini öz itkisi saymır.
30 apreldə həlak olanlara sevgi ifadə elədikləri üçün 3 gənci həbsə atdılar.
Bu xalqı, bu ölkəni sevməyin cinayət olduğunu, hakimiyyət başqa cür necə izah etməlidir?
Dünən həbs olunan gənclərə hökm çıxaran hakim, övladının da o faciədə həlak ola biləcəyi ehtimalını düşündümü?
Gəncləri həvəslə maşına basan polis bunu nəyə görə etdiyini düşünürmü?
30 aprel həm də hakimiyyətin bütün bəhanələrinin öldüyü gündür.
Ünvanına yetişməmiş qərənfillər, havada oynayan dəyənəklər, qolu burulan gənclər və 4 tərəfi mühasirəyə alınmış faciə korpusu rejimin xalqa münasibətinin göstəricisidi.
Hakimiyyətin “bacarıqlı” polisləri dünənki “qəhrəmanlığı” 4 il öncə, hadisədən əvvəl göstərməliydilər.
Insanlıqdan məhrumetmə ilə cəzalanmışlar azadlıqdan məhrumetmə ilə cəzalandırırlar.
30 aprel facəsindən təxminən 6 ay əvvəl ölkə başçısı Qurana əl basaraq “Mən hər bir Azərbaycanlının prezidenti olacam” demişdi. Ancaq 6 aydan sonra prezidentin 13 vətəndaşı həlak oldu, 4 il sonra isə həlak olanları ananlar 10 sutka həbs olundu.
Məntiqlə yanaşsaq, Qurana basılan əl, terrora qarşı yox, “terrora yox” deyənlərə qarşı hərəkətə keçdi.
Bu matəm günündə dənizkənarı parkda konsert verməyi də bizdən “əsirgəmədilər”.
Dünyada ikinci bir rejim tanımıram ki, öz xalqına qiymət verməməsini bu qədər açıq şəkildə etiraf etsin.
Dünyada belə bir xalq da tanımıram ki, öz qiymətsizliyini bu qədər asan qəbul etsin.
30 aprel rejimin də, xalqın da bəhanələrini kəsmək üçün əvəzsiz faktdır.
Səhv etmirəmsə, Yaspers Karlın fikridi: “Avtoritar rejimlərdə hakim elitanın təsiri elədir ki, hakimiyyətə heç bir ləyaqəti olmayan, amma mühitə uyğunlaşa bilən insanlar gəlir”.
Ölümüzü ağlamağa, dirimizi saxlamağa imkan verməyənlərin mühitinə uyğunlaşmayaq, yoxsa ləyaqətimizi itirəcəyik.