Amnistiya niyə siyasi məhbuslara şamil edilmir?

Qurban Məmmədov: «Bu hakimiyyətin əxlaqı belədir»

Gözəl Bayramlı: «Hakimiyyət qeyri-səmimiliyini ortaya qoydu»

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə imzalanacaq Amnistiya Aktı siyasi motivlərlə həbs edilən məhbuslardan heç kimə şamil edilməyəcək. Baxmayaraq ki, beynəlxalq təşkilatların hakimiyyətə qarşı irəli sürdüyü iradlardan biri məhz siyasi məhbuslarla bağlıdır.
Hətta Binə, Quba, Ismayıllı olaylarında həbs olunanlara qarşı irəli sürülən maddə (ictimai qaydanın pozulması hərəkətlərində iştirak) aktın təsiri altına düşməyib. Ismayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri Ilqar Məmmədova da eyni maddə üzrə ittiham olunurdu. Lakin bu yaxınlarda onlara qarşı daha ağır ittihamlar irəli sürüldü. Bu da böyük ehtimalla onların amnistiyaya düşməməsinə hesablanmış bir addım idi. Tofiq Yaqublunun qızı Nigar Yaqubluya irəli sürülən ittihamın maddəsi də aktın təsiri altına düşmür. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Islam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı alim Abgül Süleymanov, keçmiş nazirlər Fərhad Əliyev və Əli Insanov, AXCP sədri Əli Kərimlinin qohumu, “Texnikabankın” Yasamal filialının keçmiş müdir müavini Elnur Seyidov, AXCP fəalı Təzəxan Mirələmlinin oğlu Vasif Mirələmov, NIDA-çı gənclər, baş redaktor Hilal Məmmədov, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı Ilham Əmiraslanov, ilahiyyatçı Taleh Bağırzadə, AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikov, AXCP üzvü Ilqar Rzayev də amnistiya ilə azadlığa çıxmayacaq.
Bu isə cəmiyyətdə birmənalı qarşılanmır.
Tanınmış vəkil Qurban Məmmədov bir qayda olaraq amnistiya aktı hazırlanarkən siyasi məhbusların ittiham olunduğu maddələrin ora salınmadığını deyir: “Mən həbsdə olanda mənə görə 178-ci maddəni amnistiyaya salmadılar. Bu maddə ilə ittiham olunan 34 adam mənə görə həbsdə qaldı. Baxmayaraq ki, bu maddə amnistiyaya düşə bilərdi. Indi də baxırlar siyasi məhbusların maddələrinə və o maddələri amnistiyaya salmırlar. Bu hakimiyyətin əxlaqı belədir”.

AXCP sədrinin müavini Gözəl Bayramlı də indiyə qədər verilən bütün amnistiyaların siyasi məhbuslara şamil olunmadığını xatırlatdı. Baxmayaraq ki, amnistiya aktı hakimiyyətin xalqa tərəf atdığı addım sayılır, bu dəfə də iqtidar yalnız öz məqsədlərini güddüyünü nümayiş etdirdi: “Hakimiyyət qeyri-səmimiliyini ortaya qoydu. Əslində bu amnistiya ilk növbədə siyasi məhbuslara şamil olunmalı idi. Çünki bu, cəmiyyətlə barışa bir cəhddi. Ancaq elə elədilər ki, onlardan heç biri azadlığa çıxmasın. Bir tərəfdən amnistiya təşəbbüsü ilə çıxış edirlər, digər tərəfdən ”terrora yox” deyən gəncləri həbs edirlər. Hakimiyyətin öz addımlarında uyğunsuzluq var”.
G.Bayramlının sözlərinə görə, bu addım hakimiyyətə nifrət bəsləyən cəmiyyətdə narazılığı bir qədər də artıracaq. Çünki cinrayət törətmiş şəxslər azadlığa buraxıldığı halda günahsızlar həbsdə qalır: “Amnistiyanı alqışlayırıq. Ancaq günahsızların həbsdə qalması, insanlar arasında ayrı-seçkilik salınması qeyri-səmimi münasibətin göstəricisidir”.

Fizzə