Samir Əliyev: «Bütün dünyada gedən bu proses bizə də təsir göstərir»
«Dolların ucuzlaşması ölkənin ixrac potensialını aşağı salır»
Azərbaycanda dolların məzənnəsi son 12 ildə ən aşağı həddə düşüb. Ucuzlaşmanın bundan sonra da davam edib-etməyəcəyinə və ölkə iqtisadiyyatına necə təsir göstərəcəyinə iqtisadçı Samir Əliyev aydınlıq gətirəcək. S.Əliyevin sözlərinə görə, dolların sürətlə ucuzlaşması dünyada gedən proseslərlə bağlıdır:
“Bütün dünyada dollar ucuzlaşır, bu da istər-istəməz Azərbaycana da öz təsirini göstərir. Azərbaycanda neftin qiyməti qalxdığına görə gəlir də artıb. Neft ölkələrində milli valyutaların getdikcə möhkəmlənməsi onlar üçün xarakterik bir haldır. Azərbaycanda da manatın möhkəmlənməsini müşahidə edirik. Mərkəzi Bank 2011-ci ilin pul-kredit siyasəti barədə bəyanatında bildirib ki, manatın kursunun sabitliyinə çalışacaqlar. Hər hansı bir kəskin dəyişməyə imkan verməyəcəklər. Son illər bu, Mərkəzi Bankın prioritet istiqamətinə çevrilib. Dünyada dollar bahalaşanda Mərkəzi Bank buna getmədi. Dolların kursunun 80,37 qəpikdən yuxarı qalxmasına imkan vermədi. Indi əksinə proses gedir. Dünyada dollar ucuzlaşır, milli valyutalar möhkəmlənir. Azərbaycanda yenə onun çox da ucuzlaşmasına imkan verilmir. Dolların kursu 79,43 qəpikdən aşağı düşmür. Yəqin ki, Mərkəzi Bank dolların çox da ucuzlaşmasına imkan verməyəcək”.
S.Əliyev dolların ucuzlaşmasının ölkə iqtisadiyyatına mümkün təsirlərinə də toxundu: “Biz dollardan asılı ölkəyik. Azərbaycan ixracının 95 faizi neft və neft məhsullarıdır. Ölkə büdcəsinin 90 faizə qədəri neft gəlirləri hesabına formalaşır. Neft də dollarla satıldığından gəlirlər ölkəyə bu valyuta ilə gəlir. Ona görə dolların kursunda baş verən dəyişiklik ölkə bazarlarına, o cümlədən ərzaq məhsullarının qiymətinə birbaşa təsir göstərir. Mərkəzi Bank bu baxımdan dolların kəskin bahalaşması və ya ucuzlaşmasına imkan vermir. Dolların ucuzlaşması ölkənin ixrac potensialını aşağı salır. Bizdə də ixrac neft üzərində qurulub. Dolların ucuzlaşması yerli sahibkarlığa da mənfi təsir göstərir. Xarici məhsullarla müqayisədə yerli malların rəqabət qabiliyyəti aşağı düşür. Nəticədə sahibkarlığın inkişafı dayanır. Başqa ölkələr, məsələn, Rusiya və Ukrayna bunun qarşısını almaq üçün öz valyutalarının möhkəmlənməsinə imkan vermirlər. Konkret Rusiya bazara çoxlu vəsait buraxaraq daxili istehsalı qoruyur”.
Gültəkin