Bankın Sankt-Peterburq filialının rəhbərliyi hansı binanı ələ keçirib?
“Azadlıq”ın ötən sayında Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialına Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qara maskalı əməkdaşları basqın edildiyi barədə məlumat dərc edilib. Hadisənin motivi barədə geniş məlumat olmasa da, filialın rəhbərliyi ilə bağlı bəzi informasiyalar əldə edilib. Bəlli olub ki, filialın müdiri Fuad Qasımov olsa da, əslində banka qeyri-rəsmi olaraq Malik Babayev rəhbərlik edir. Bildirilir ki, onlar bankdan 25 milyon çıxararaq otel inşa edirmişlər.
Hansısa səbəbdən otel inşası FTX-nin diqqətini cəlb edib. Məlumatlarda həmçinin qeyd edilir ki, Fuad Qasımov hazırda Almaniyadadır. Bəzi iddialara görə, o, nə baş verəcəyindən əvvəlcədən xəbər tutaraq aradan çıxıb.
Baş verənlərlə bağlı Beynəlxalq bankın nə Moskva, nə də Sankt-Peterburq filiallarından heç bir məlumat almaq mümkün olmayıb. Bankın Bakıdakı mərkəzi ofisinə edilən zənglər də nəticə verməyib.
Bununla belə vaxtaşırı Rusiya mətbuatında Beynəlxalq Bankın Sankt-Peterburq filialı, həmçinin adıçəkilən otelin tikintisi ilə bağlı maraqlı yazı dərc edilib.
Məqalən ixtisarla təqdim edirik: “Azərbaycanlı biznesmenlər Sadovaya küçəsi 12 ünvanında, ”Bakı” və “Çar” restoranlarının yerləşdiyi binanı ələ keçirib. Hələ 2010-cu ilin avqust ayında Rusiya mətbuatının yazdığına görə, bu istiqamətdə olan danışıqlarda Azərbaycanın Sankt-Peteqburqdakı keçmiş konsulu Qudsi Osmanov da iştirak edib. Azərbaycan Beynəlxalq Bankı isə bu məqsədlə təxinən 10 mln dollar pul ayırıb. Binanın otel yaxud ticarət mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulsa da, orada olan və keçmiş konsulun qohumu Mustafa Osmanova məxsus “Bakı” restoranı fəaliyyətini davam etdirəcək. Binadakı digər icarəçilərin taleyi hələ sual altındadır. “Ginza” holdinqinə məxsus restoran və kafelərin sahibləri ilə danışıqlarda nəticə əldə etmək isə çətindir.
Malik Babayevin rəhbəri olduğu Azərbaycan Beynəlxalq Bankın şöbəsi olan Beynəlxalq Baltik Investisiya Şirkəti (BBIŞ) binada yenidənqurma işləri apararaq onun otel kimi fəaliyyət göstərməsini istəyir. Ancaq bunun üçün binadakı bütün icarəçilər oranı tərk etməli idi. Binanın təmir və yenidən qurulmasına 20 mln dollar vəsait sərf etməklə oranı 110-120 nömrəlik otelə çevirmək olar. Malik Babayevin sözlərinə görə, BBIŞ Peterburqun mərkəzində daha iki otel inşa etdirəcək. Artıq bir beş ulduzlu otelin inşası başa çatdırılıb. Maraqlıdır ki, bu şəhərdə ən böyük diaspora məhz Azərbaycan diasporasıdır. Şəhərdə Azərbaycan mənbələri olan digər şirkətlər də fəaliyyət göstərir.
Keçmiş konsul Qüdsi Osmanov Azərbaycan diasporası üzvlərinin Peterburqun işgüzar həyatında əhəmiyyətli rol oynadığını deyir. Onların arasında ən tanınmışlardan biri Azərbaycan Beynəlxalq Bankının Peterburq filialının direktoru Fuad Qasımovdur.
Malik Babayevin layihəsini həyata keçirmək üçün lazım olan 25 mln dollar kredit də məhz onun təmsil olunduğu bank tərəfindən ayrılıb. Bankı BBIŞ-nin daha iki otel tikməsi üçün 70 mln dollar ayırmağa planlaşdırır”.
Fizzə


