Bakıdan Təbrizə gedən AMEA-nın işçisini ETTELAAT həbs etdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat Institutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid Təbrizdə həbs edilib.
APA-nın “Oyannews”a istinadən məlumatına görə, X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində Iran Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X.Xalidin yardımçısı, adının isə Şamax olduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və Iranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil.
Xalidə Xalid
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar – Aşıq Isaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.
Iran Islam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən modern.az-a bildiriblər ki, bu barədə hələlik onlarda rəsmi məlumat yoxdur. Əlavə edilib ki, məsələ araşdırılacaq və alimlərin həbsi ilə bağlı xəbərə aydınlıq gətiriləcək.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik Azərbaycanın Təbrizdəki baş konsulluğuna bu məsələni araşdırmağa təlimat verib: “Konsulluğumuz Iran Xarici Işlər Nazirliyinin Təbrizdəki nümayəndəliyi ilə əlaqə saxlayıb. Bu məsələ artıq araşdırılır və diqqətdə saxlanılır”.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun vitse-konsulu Nəriman Orucəliyev isə APA-ya bildirib ki, bu barədə mətbuatdan xəbər tutublar: “Hazırda bu məsələ konsulun diqqətindədir və tərəfimizdən araşdırılır”.
“Xalidə Xalid aprelin 26-da institutdan özbaşına, heç bir razılıq olmadan, ezamiyyət verilmədən gedib”. Bunu isə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat Institutunun direktor müavini Məhərrəm Qasımlı bildirib. “Bundan sonra ondan xəbər olmayıb. Şöbə müdiri elə bilib ki, o, xəstədir. Lakin məlum olub ki, işdən icazə almadan Irana gedib”, – Qasımlı bildirib.
Qasımlı əlavə edib ki, Xalidə Xalid Ədəbiyyat Institutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir və heç bir elmi dərəcəsi yoxdur.
“Onu ciddi Şəhriyarşünas kimi kim qəbul edib ki? Düşünürəm ki, onun elə bir ciddi elmi fəaliyyəti yoxdur”, – Qasımlı deyib.
Institut rəsmisi Xalidə Xalidin fəaliyyətində ETTELAT üçün şübhəli görünən hər hansı məqamın olmasına şübhə etdiyini də deyib. “Bu məsələ aydınlaşacaq. O, institutda adi bir elmi işçi olub. O, Irana instituta heç bir məlumat vermədən gedib”, – Qasımlı deyib.
Xalidə Xalidin həbsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Irana səfəri ərəfəsinə təsadüf edir. Bu da müxtəlif mülahizələrə yol açıb. Ramiz Mehdiyev Iranda rəsmi Tehranın maraqlarına uyğun bəyanatlar verib, Azərbaycan hakimiyyətinin Tehran rejiminə dəstəyini açıq ifadə edib və Qərbin ünvanına müxtəlif ittihamlar səsləndirib. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin bu bəyanatlarına baxmayaraq Tehran rejimi Azərbaycana bel bağlamır və ölkəmizə qarşı ənənəvi siyasətini davam etdirməkdə israrlıdır. Onların fikrincə, Xalidə Xalidin həbsi bunun təzahürü sayıla bilər.
İnformasiya şöbəsi