Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehranda prezident Mahmud Əhmədinejatla görüşü zamanı Qərbi sərt tənqid etməsi və səsləndirdiyi digər fikirlər maraq doğurur. Rəsmi IRNA agentliyinin məlumatına görə, M.Əhmədinejat Azərbaycan və Iran xalqları, həmçinin iki ölkə hökumətləri arasındakı münasibətləri “qardaş münasibətlər” adlandırıb. Lakin sionistlərin, Qərb ölkələrinin və ABŞ-ın xüsusi xidmətləri bu münasibətləri zəiflətməyə çalışırlar.
R.Mehdiyev isə öz növbəsində qeyd edib ki, Azərbaycan Iranla əlaqələri genişləndirməyə çalışır və bu planda istifadə olunmamış böyük imkanlar var. O deyib ki, Qərb Azərbaycanda bir neçə “rəngli inqilab”a təşəbbüs göstərib. Lakin onların heç biri baş tutmayıb: “Son on ildə Azərbaycanın möhkəmlənməsi və inkişafı Qərbi məyus edir, odur ki, onlar Azərbaycanda sülhü və sabitliyi pozmaq üçün müəyyən addımlar atırlar”. MDI-ni Azərbaycanda təhlükəsizliyi pozmaq üçün müxtəlif qurumlara və ölkə vətəndaşlarına bir milyon dollar verməkdə ittiham edən R.Mehdiyev vurğulayıb ki, I.Əliyev Irandakı hakim rejimi dəstəkləyir, prezident M.Əhmədinejatı isə öz dostu və tərəfdaşı sayır.
R.Mehdiyev M.Əhmədinejata müraciətlə deyib: “Sizin adınız və əməlləriniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb, biz bunu aydın şəkildə görürük və bu səbəbdən də sizə belə hörmət edirik”.
Prezident Administrasiyasının rəhbəri Irandakı görüşlərində bundan başqa vurğulayıb ki, iki müsəlman ölkənin dinc qonşuluq münasibətlərinə, dostluq əlaqələrinə xələl vurmaq istəyən xarici qüvvələr var: “Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır”.
R.Mehdiyevin səfərinin E.Məmmədyarovun Israil səfərindən sonraya təsadüf etməsi də maraq doğurur. Bəzi ekspertlərin fikrincə, R.Mehdiyevin səfəri Iranın könlünü almağa da hesablana bilər. Amma bununla belə R. Mehdiyevin Qərbin ünvanına səsləndirdiyi fikirlər nəticəsiz qalmayacaq.
Vəfa Quluzadə: “Inqilabları ABŞ yox, ölkələrin daxilindəki gərgin situasiya, durum törədir”
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın xarici siyasətində müşahidə olunan ziddiyyətli situasiya vəziyyətin qəliz və ümidsiz olduğundan xəbər verir: “Irana ünvanlanan bu bəyanatlar ümidsizlikdən irəli gəlir. Görün vəziyyət necədir ki, belə açıqlamalara yer verilir. Amma düşünmürəm ki, Iran Azərbaycanın bu bəyanatlarının səmimiliyinə inansın”.
R.Mehdiyevin Qərbin Azərbaycanda rəngli inqilablar törətmək niyyətində olduğu ilə bağlı fikirlərinə gəlincə, V.Quluzadə vurğuladı ki, bu yanaşma reallıqdan uzaqdır: “ABŞ demokratik inqilablar törətmir. Belə inqilabları ölkələrin daxilindəki gərgin situasiya, durum törədir. Böyük Oktyabr inqilabını törədənlər bolşeviklər deyil, Romanovlar və Rusiyada o zamankı durum idi. O zaman Rusiyada ciddi islahatlara ehtiyac var idi. Amma bu islahatlar edilmədi və nəticədə də inqilab baş verdi. Heç inqilabın olacağını o zaman Lenin də bilmirdi. O, hələ 1917-ci ildə bildirmişdi ki, Rusiyada inqilab hələ baş verməyəcək. Gürcüstanda Şevardnadzenin dövründə vəziyyət çox acınacaqlı idi. Ona görə gürcü xalqı Saakaşvilini xilaskar kimi qarşıladı. Ortada ziddiyyətlər var. Peres bəyan edir ki, Azərbaycana Iran və Rusiyadan ciddi təhlükə var. Amma Iranda tam əksi bəyan olunur və kömək gözlənilən Qərb hədəf alınır”.
Fuad Qəhrəmanlı: “Hər bir dövlətə xoş gələn bəyanatların verilməsi Azərbaycanda sistemli xarici siyasətin olmadığını göstərir”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, R.Mehdiyevin bəyanatları xarici siyasətdə ciddi ziddiyyətlərdən xəbər verir. Bir müddət bundan öncə S.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-da səfərdə olarkən Azərbaycana Iran və Rusiyanın təzyiqlərinə qarşı durmaq üçün dəstək istənildiyini xatırladan F.Qəhrəmanlı vurğuladı ki, indisə Iranda bir müddət əvvəl dəstək istənildiyi Amerika əleyhinə bəyanatlar verilir: “Bu onu göstərir ki, əslində xarici siyasətdə sistemsizlik hökm sürməkdədir. Belə bir təsəvvür var ki, hər bir dövlətə ona xoş gələn bəyanatlar verməklə sanki onun dəstəyini qazanmaq olar. Baş verənlərə paralel olaraq Israil ilə münasibətlərə də diqqət yetirmək lazımdır. Azərbaycanın indiki halda Israil ilə münasibətləri yüksək səviyyədədir. Israil ilə Iran münasibətlərini nəzərə alaraq Tehrana xoş gələn bəyanatların səsləndirilməsi göstərir ki, Azərbaycanda sistemli xarici siyasət yoxdur”.
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyət seçki ərəfəsində Iranın özünə loyal münasibətini təmin etməkdə maraqlıdır. Iranda Azərbaycanın bu mövqeyini gözəl başa düşdüklərini deyən AXCP yetkilisi bildirdi ki, Iran tərəfi də Azərbaycanın Qərb tərəfindən demokratiya ilə bağlı təzyiqlərlə üzləşdiyini nəzərə alaraq bu durumdan istifadə etməyə çalışır: “Azərbaycan hökuməti növbəti dəfə seçkiləri saxtalaşdırmağa çalışır. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti qonşu dövlətlərin dəstəyini almaq üçün hər bir vasitəyə əl atır. Iranda səsləndirilmiş bəyanatlar da seçki ərəfəsi Iranın dəstəyini almağa xidmət edir. Guya ki, Iran qonşuluğunda onun maraqlarını təmin edən rezjimin olması qənaəti ilə seçki saxtakarlığına daha yumşaq yanaşacaq. Bu baxımdan indiki halda xarici siyasətdəki bəyanatlar hər kəsin dəstəyini almağa xidmət edir. Amma həmin dövlətlər başa düşürlər ki, bu açıqlamalar Azərbaycanın məqsədyönlü siyasəti deyil, yalnız seçki maraqları ilə bağlı olan yanaşmadır”.
Hikmət Hacızadə: “Xarici siyasətdəki bu ziddiyyətlər sadəcə olaraq məsləksizlikdir”
Politoloq Hikmət Hacızadənin fikrincə, baş verənlər hakimiyyətin xarici siyasətindəki xaosu göstərir: “Qərb həmişə Azərbaycanı Iran və Rusiyanın təhdidindən qoruyub. ”WikiLeaks”ın məlumatları göstərdi ki, Azərbaycan Irandan gələn təzyiqlərin qarşısını almaq üçün ABŞ generallarına dəfələrlə müraciət edib. ABŞ-ın yardımı müqabilində onlara göstərilən münasibət budur? ABŞ olmasa Iran və Rusiya Azərbaycanı yer üzündən silər. Xarici siyasətdəki bu ziddiyyətlər sadəcə olaraq məsləksizlikdir. Azərbaycan hakimiyyəti həmişə həmsöhbətinin xoşuna gəlməyə çalışır. Belə yolla xarici siyasət qurula bilməz”.
Xəyal


