Balakəndə də kütləvi aksiyalar başlaya bilər

Rüşvətin, korrupsiyanin çiçəklənməsi rayonda inqilab havası yetişdirir

 

“Azadlıq”ın bölgə bürosuna Balakən rayonundan daxil olan şikayətlər daha çox korrupsiya mənşəlidir. Şikayətlərə əsasən, nəticə çıxarmaq çətin deyil ki, burada da Icra Hakimiyyətinin başçısı öz aparatı ilə birlikdə adamların başına oyun açmaqla məşğuldur. Hər gün onlarla insan talana, təhqirə, insanlığa yaraşmayan rəftara məruz qalır. Bu insanların yaşı, cinsi, dövlət, xalq qarşısındakı xidmətləri, bir sözlə, heç bir keyfiyyətləri nəzərə alınmır. Rayondakı aşkar-gizli qanunsuzluqlarla bağlı məlumat vermək üçün insanlar sanki sıraya düzülüblər. Sakinlərin dediklərindən belə məlum olur ki, Balakəndə vəzifədə olan şəxslərin övladları ağlasığmaz işlərlə məşğuldur: “Birinin oğlu Yol Patrul Xidməti işçilərinin üstünə maşın sürür. Başqa bir vəzifəlinin məktəb yaşlı uşaqları çənə sındırır. Təbii ki, müvafiq dövlət orqanları bu hoqqabazlıqlar qarşısında aciz qalıblar”.
Balakənin Katex kəndində rayona gedən yolun kənarında rəhbər şəxslərdən birinə məxsus olduğu bildirilən böyük camış ferması var. Deyilənlərə görə, bu fermanı yeni rəhbərlik kənd icra nümayəndələrinin və bələdiyyə sədrlərinin hesabına həm tikdirib, həm də heyvanlarla təchiz etdirib. Rayonda fəaliyyət göstərən bütün irili-xırdalı sahibkarlar açıq şəkildə deyirlər ki, onlardan icra başçısının adıyla pul yığılır. Hətta bazarda şor-pendir alverilə məşğul olan qadın belə, bildirir ki, rayonda rüşvətsiz heç bir işə yiyələnmək mümkün deyil: “Gündə 3-4 kilo şor satıb çörək pulu qazandığımız halda, adını dövlət məmuru qoyan, boyundan, cəmdəyindən, geyimindən utanmayan şəxs onu min bir bəhanə, hədə-qorxu ilə əlimizdən alırsa, onda biz necə inanaq ki, rayonda rüşvətsiz hansısa iş görmək olar?”
Rayonun icra başçısı Asif müəllimin özünün də əvvəllər biznes fəaliyyətilə məşqul olduğu, vəzifəyə gəldikdən sonra bu fəaliyyətini daha da genişləndirdiyi bildirilir.
Rayon ərazisində elə yerlər var ki, bir neçə nəfərə satılıb. Indi həmin zərərçəkmişlərin şikayətlərinə nə hüquq-mühafizə orqanları əhəmiyyət verir, nə də rayon icra hakimiyyəti. Şəhər bələdiyyəsindən də deyirlər ki, “məsələ bizlik deyil, pul yuxarılara çatıb”.
Sakinlər bildirir ki, rayon rəhbərliyinin qəbul günü Icra Hakimiyyəti binasının birinci mərtəbəsində qəbula gələnlər haqda kitaba məlumat yazılır. Onlar icra hakimiyyətinin hansısa vəzifəlisi tərəfindən ciddi şəkildə sorğu-sual edilir: “Biləndə ki, torpaq, bələdiyyə və ya hansısa məmur barədə narazılıq zəminində şikayətə gəlmişik, onda bizi qeydiyyata almırlar. Deyirlər ki, ”başçı belə məsələlərə baxmır”.
Adının çəkilməsini istəməyən bir müəllim deyir ki, hətta bir neçə dəfə ayrı-ayrı idarə və təşkilatlarla bağlı şikayətə gələn narazı sakinlərlə icra hakimiyyətinin nümayəndələri arasında münaqişə yaranıb. Müəllimin sözlərinə görə, belə getsə, yaxın vaxtlarda rayonda etiraz aksiyaları təşkil olunacaq.
“Rayon ərazisindəki meşəliklər rəsmi qoruq elan edilsə də, meşələr gecə-gündüz qırılır, taxta, xüsusilə, parket şəklində paytaxt Bakıya və ayrı-ayrı rayonlara daşınır. Rayonda meşə materiallarının emalı üçün nəzərdə tutulan və gecə-gündüz fəaliyyət göstərən onlarla sex var. Bu sexlərin əksəriyyəti qanunsuz fəaliyyət göstərir” – bunu da həmin müəllimdən öyrəndik.
 

 

Elçin İsmayıllı