Elşad Abdullayev Baş Prokurorluğa inanmır
Gülər Əhmədovanın vəkili də prokurorluğu ittiham edir
“10 ildir ki, guya bunlar qardaşım Mahir Abdullayevin işini araşdırırlar. Amma ortada bir nəticə yoxdur. Yalnız zərərçəkəni, yəni, məni susdurmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Ona görə də mənim bunlara etibarım qalmayıb”. Bu sözləri “Azadlıq”a fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Baş Prokurorluğun onu ifadə verməyə dəvət etməsinə münasibət bildirərkən deyib.
Elşad Abdullayev əlavə edib ki, Mahir Abdullayevin işi açıq cinayətdir: “Hər şey göz qabağındadır. Mən bu qədər sənədlər, videomateriallar yaymışam. Bütün bunlar cinayətin açılması üçün kifayətdir. Amma bu cinayəti açmırlar. Çünki Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev buna imkan vermir. Onun bu cinayətdə rolu var”.
Sabiq rektor Gülər Əhmədova ilə bağlı istintaqın gedişinə də münasibət bildirib. Elşad Abdullayev deyib ki, hər vəchlə Gülər Əhmədovanı təmizə çıxarmağa cəhd edilir: “Gülər Əhmədova mənim yaydığım videolarla bağlı Rusiyadan saxta ekspertiza rəyi alır. Bunun özü cinayətdir. Amma heç bir tədbir görülmür. Çünki yenə də Ramiz Mehdiyev imkan vermir. Gülər Əhmədova ilə Ramiz Mehdiyev mənimlə onlar arasında vasitəçi Sevinc Babayevanın bütün dünyanın gözü qarşısında aradan götürdülər. Nə baş verdi? Heç nə. Bu cinayəti ört-basdır etdilər”.
Elşad Abdullayev sabiq deputat Musa Musayevin fikirlərinə də cavab verib: “Musa Musayev, ümumiyyətlə videoda adı hallanan adamlar nədənsə məni hədəf seçiblər. Axı onların adını mən hallandırmamışam. Musa Musayevin adını Gülər Əhmədova hallandırıb. Getsin ona, Ramiz Mehdiyevə cavab versin. Amma Ramiz Mehdiyevdən qorxur. Ona görə də məni hədəf seçib. Deyir ki, guya o vaxt hakimiyyətdə güclü dəstəyim olub. Mənim dəstəyim var idisə bəs niyə deputat ola bilmədim?! Mən deputat seçilmişdim, Mərkəzi Seçki Komissiyası mənim qalib gəldiyimi elan etmişdi. Bununla bağlı sənədlər var (Elşad Abdullayev bu sənədləri redaksiyamıza təqdim edib). Amma bunlar mənim deputat olmağımın qarşısını almaq üçün ”Gülərqeyt” əməliyyatı qurdular. Pulumu aldılar. Deputat da ola bilmədim”.
Sabiq rektor bildirib ki, Gülər Əhmədova ilk görüşü deputat seçilməsi ilə bağlı olmayıb: “Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb. Həmin günün səhəri Gülər Əhmədova yanıma gəlib. Hələ heç mənim nə baş verdiyindən xəbərim yox idi, amma o, artıq Mahirin oğurlandığını bilirdi. Bizim də onunla və Sevinclə ilkin danışıqlarımız Mahirin azad edilməsilə bağlı olub. Sonradan bu deputatlıq məsələsi ortaya çıxandan sonra Gülər Əhmədova dedi ki, pul ver mən bu işi də həll edim. Mən hesab edirəm ki, Mahirin oğurlanmasında Gülərin də rolu var”.
Bizimxeber.az saytı isə maraqlı stenoqram dərc edib. Stenoqram Gülər Əhmədova ilə videoların ekspertizasını aparmasını xahiş edən ekspert arasında gedən söhbəti əks etdirir. Söhbət ötən il oktyabrın 12-də baş tutub. Ekspertin lukin@mail.ru ailto: lukin@mail.ru, Gülər Əhmədovanın isə togrulahmedov@gmail.ru ailto: togrulahmedov@gmail.ru ünvanından yazışdığı bildirilir. Yazışmada sabiq deputat ekspertə müəyyən suallar verərək dəqiqləşdirmə aparır. Ekspert isə ona ekspertlərin ünvanına heç nə yazmamağı, sadəcə Səyyarə Heydərovadan (ekspertizanın təşkilatçısı-S.T.) cavab gözləməyi tövsiyə edir: “Siz maraqlı tərəfsiz, sizinlə heç kim danışmayacaq. Nə lazımdırsa ediləcək, nəticələr ayın 15-16-sı hazır olacaq”.
Gülər Əhmədovanın “Siz əlavə orada heç nə edə bilməzsiz” sualına cavabda isə ekspert bildirib ki, buna imkan yoxdur: “Kasetlərə heç nə əlavə edə bilmərəm. Nə lazımdırsa, Elşad Abdullayev edib. Ekspertlər kasetlər üzərində işləyir, nə olacaqsa, hamısı nəticədə göstəriləcək”.
Bu arada istintaq Elşad Abdullayevin mandat qalmaqalı ilə bağlı yaydığı videonun tam versiyasının ekspertizaya göndərib. Bu barədə “Azadlıq”a Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Vəkil həmçinin bildirib ki, bu video istənilən halda sübut sayıla bilməz: “Istintaq doğru yolda deyil. Çünki yararsız videoları sübut kimi qəbul edir. Bu birbaşa Konstitusiyanın 32-ci maddəsinə ziddir. Amma istintaq nədənsə bunu nəzərə almır”.
Istintaqa kənar təsirlərin ola biləcəyinə gəlincə, Raqif Mustafayev bu barədə konkret heç nə deyə bilməyəcəyini söyləyib: “Bu barədə dəqiq heç nə deyə bilmərəm. Lakin o dəqiqdir ki, istintaq düzgün yol tutmayıb. Istintaq şikayətçini çağırmalı, prosessual qaydada ondan ifadə alınmalı, sonra üzləşmə olmalıdır. Bu zaman ortaya çıxan faktlar sübut edilə bilməz. Şikayətçi gəlmirsə, o zaman cinayət işi niyə başlanıb?!”.