Ramiz Mehdiyev İranda Qərbi, İlham Əliyevin strateqi isə ABŞ-da Tehranı ittiham etdi
Azərbaycan iqtidarının «balanslı» siyasəti iflasa uğradı
Prezident seçkisi yaxınlaşdıqca Azərbaycan hakimiyyətində dəngənin pozulduğu açıq-aydın sezilir. Qərbin demokratiya çağırışlarını sərtləşdirməsi, Bakının yaxın qonşuları ilə münasibətlərində problemlərin olması iqtidarda parçalanmaya səbəb olub. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Iranda, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyinin isə Vaşinqtonda daban-dabana zidd açıqlamaları belə deməyə əsas verir.
Iranın rəsmi IRNA agentliyinin məlumatına görə, Ramiz Mehdiyev Iran prezidenti Mahmud Əhmədinejatla görüşündə deyib ki, Azərbaycan Iranla əlaqələri genişləndirməyə çalışır və bu planda istifadə olunmamış böyük imkanlar var. O deyib ki, Qərb Azərbaycanda bir neçə “rəngli inqilab”a təşəbbüs göstərib. Lakin onların heç biri baş tutmayıb. “Son on ildə Azərbaycanın möhkəmlənməsi və inkişafı Qərbi məyus edir, odur ki, onlar Azərbaycanda sülhü və sabitliyi pozmaq üçün müəyyən addımlar atırlar”, – Ramiz Mehdiyev vurğulayıb və “Azərbaycanda təhlükəsizliyi pozmaq üçün müxtəlif qurumlara və ölkə vətəndaşlarına bir milyon dollar paylayan MDI-in Bakı nümayəndəsinin hərəkətini” qeyd edib.
Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, iki müsəlman ölkənin dinc qonşuluq münasibətlərinə, dostluq əlaqələrinə xələl vurmaq istəyən xarici qüvvələr var: “Onları kənarlaşdırmaq və iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirməyi düşünmək lazımdır”. Ramiz Mehdiyev daha sonra Mahmud Əhmədinejata müraciətlə deyib: “Sizin adınız və əməlləriniz daxili, regional və qlobal siyasətə qızıl hərflərlə yazılıb, biz bunu aydın şəkildə görürük və bu səbəbdən də sizə belə hörmət edirik”.
Göründüyü kimi Ramiz Mehdiyev Iranda açıq mətnlə Qərbi ittiham edib.
Lakin Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi şəxsində Bakıdan Vaşinqtona gedən bir qrup emissar bu günlərdə “Iran və digər qonşular tərəfdən regional təhlükənin səsini” Amerikaya çatdırmaq üçün görüşlər keçirirlər. “Biz Amerika xalqına Iranın Azərbaycana qarşı təzyiqinin artdığını bildirmək üçün buradayıq. Tehran bizim xarici siyasətimizə müdaxilə etmək istəyir və bu, bizi narahat edir. Biz istəyirik ki, ABŞ-ın bizim strateji tərəfdaşımızın ən azından bu proseslər barədə məlumatı olsun və bizi dəstəkləsin”, – deyə nümayəndə heyətinin üzvü Asim Mollazadə “Turan”ın müxbirinə bildirib.
Aprelin 29-da Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən müzakirələrin mövzusu “Iran-Azərbaycan əməkdaşlığı və Qafqazda strateji rəqabət” olub.
Bununla belə, müzakirələr Azərbaycan hökumətinin Vaşinqtondan hansı dəstəyi almaq istədiyi və Bakıda ABŞ Milli Demokratiya Institutuna qarşı davam edən kampaniya, Qərbin Azərbaycanda rəngli inqilablar hazırlamaqda ittiham edilməsi fonunda onların nə dərəcədə ciddi səslənməsi suallarına cavab verməyib.
Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, Iran-Azərbaycan münasibətləri gərginliyin artması ilə səciyyələnir. “Son illər Tehran Azərbaycanın dünyəviləşməsini və mədəniyyətini təhlükə kimi görür”.
Öz növbəsində, dəvət edilmiş CSIS-in Rusiya və Avrasiya üzrə elmi əməkdaşı Sergey Markedonov bildirib ki, Iran “Yaxın şərq problemlərinin Qafqaza ötürülməsi” imkanı ilə əlaqədar region üçün təhlükə yaradır. “Iran region dövləti olmağa çalışır. Tehranın Qafqaz regionu ilə bağlı siyasəti praqmatizm və inqilabi ideyaların qarışığıdır”, deyə o bildirib.
Eyni zamanda, Yaxın Şərq Institutundan Aleks Vatanka və bəzi Vaşinqton analitikləri hesab edirlər ki, Iran-Azərbaycan münasibətləri “yüksəlişlər və enişlərlə” səciyyələnir və gələcəkdə də bu, çətin ki, dəyişsin (contact.com).
Ramiz Mehdiyevin Iranda Qərbi, Ilham Əliyevin strateqlərinin isə Vaşinqtonda Tehranı ittiham etməsi hakimiyyət daxilində ciddi parlaçanmanın olması ilə iqtidarın “balans” siyasətinin iflasa uğradığının göstəricisi sayıla bilər.
Siyasət şöbəsi