Abbas Abbasovdan hakimiyyəti qıcıqlandıran tədbir

Moskvada onun azərbaycanlı tələbə və gənclərlə görüşü birmənalı qarşılanmır

Rusiya Azərbaycanlıları Təşkilatları Ittifaqının rəhbəri Abbas Abbasov Moskvada azərbaycanlı tələbələr və gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərros”un vitse-prezidenti də iştirak edib.
Perspektivli gənclərə diqqətlə yanaşdığını deyən A.Abbasov onların ölkənin və cəmiyyətin gələcəyi olduğunu deyib, həmçinin gəncləri yaşadıqları ölkənin gələcəyinə görə məsuliyyətli olmağa çağırıb. Bəzi məlumatlara görə, görüşdə Bakıdan getmiş bir qrup tələbə də iştirak edib.
Görüşün sonunda Abbas Abbasov gənclərin sual və təkliflərini dinləyib, onlara fəaliyyətlərində dəstək və lazımı yardım edəcəklərini vəd edib.
Ilk baxışdan bu görüş heç nə ilə diqqəti çəkmir və Azərbaycan hakimiyyəti üçün təhlükə yaratmır. Ancaq “Azərros” və RATI ilə bağlı istənilən tədbiri Azərbaycan hakimiyyəti süngü ilə qarşıladığından bu dəfə də reaksiyanın fərqli olmayacağını gözləmək olar. Hətta Abbas Abbas dəfələrlə hakimiyyətə “sədaqət andı” içsə də, bu, YAP iqtidarını arxayın salmayıb. Bu baxımdan Moskvada gənclərlə görüşü də rəsmi Bakı təhlükə kimi qəbul edə bilər.
Bu halda hakimiyyətin bu dəfəki reaksiyası necə olacaq?
Aydın Mirzəzadə: “Gənclərin fəallığa dəvət edilməsi müsbət haldır”
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə xarici ölkələrdə əslən Azərbaycandan olan şəxslərin fəaliyyətinin heç bir narahatçılıq doğurmadığını deyir.
Abbas Abbasova gəldikdə, YAP təmsilçisi onun fəaliyyətində Azərbaycan hakimiyyətinin siyasətinə əks mövqeyin görünmədiyini bildirdi.
A.Mirzəzadə gənclərin fəallığa dəvət edilməsini, yaşadıqları ölkədə Azərbaycana xas müsbət xüsusiyyətləri göstərməsini isə müsbət hal kimi qiymətləndirdi və onların uğuruna sevindiklərini qeyd etdi. Hakimiyyətin RATI və “Azərros”un fəaliyyətindən narazılıq etməsinə gəldikdə, YAP təmsilçisi bu təşkilatların fəaliyyətinin Azərbaycana aid olmadığını və rəsmi Bakıda heç bir narahatçılıq doğurmadığını bildirdi: “Rusiyadakı təşkilatların fəaliyyəti ilə bağlı narahatçılığın olması fərziyədir. Azərbaycandan kənarda fəaliyyət göstərən təşkilatların işi həmin ölkəyə aid məsələdir. Azərbaycanda da heç bir narahatçılıq yaratmır. Abbas Abbasov özü isə hər zaman Ilham Əliyevin siyasətini dəstəkldiyini deyib”.
Zahid Oruc: “Ilham Əliyevin liderliyi Rusiyanın maraqlarını təmin edir”
Iqtidara yaxın Ana Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc Rusiyada azərbaycanlı milyarderlərin birləşməsinin Azərbaycan hakimiyyətinin əleyhinə hesablanmadığını, lakin orada toplaşanların müəyyən dairlərədən tapşırıq aldığından Azərbaycan iqtidarı tərəfindən sərt qarşılandığını deyir. Bununla belə Abbas Abbasovun azərbaycanlıları təşiklatlandırması, fəaliyyət göstərdiyi dövlətə təsir imkanları əldə eməsi, o cümlədən şimal qonşumuzun ölkəmizə yönəlik kursuna təsir etməsi müsbət qarşılanmalı, alqışlanmalıdır. Azərbaycan diaspor birliyinin rəqabətdə üstün mövqeyə sahib olmasına rəsmi Bakı da dəstək verir.
Lakin Z.Oruc ortada digər məqamların olduğunu da bildirdi: “Bir çox məxfi məsələlər var ki, cəmiyyət bundan xəbərsizdir. Hakimiyyətdə gerçək planlar barədə informasiyalar mövcud idi. Bunlar nəzərə alınaraq ciddi reaksiyalar bildirilirdi. Ancaq Rusiyadakı azərbaycanlar milli mənafe üçün çalışırlarsa, buna mənfi münasibət ola bilməz. Rusiyanın kimisə Azərbaycanda dövlət postuna gətirməsi, burda Gürcüstan ssenarisinin təkrarlanması mümkün deyil. Müəyyən təzyiq niyyətləri var. Ancaq Rusiya da dərk edir ki, Ilham Əliyevin liderliyi onun maraqlarını təmin edir”.
Z.Orucun sözlərinə görə, Abbas Abbasovun gəncləri təşkilanlandırmasının, onları fəallığa çağırmasının Azərbaycanda süngü ilə qarşılanması üçün əsas yoxdur. Bu mənada hakimiyyət tərəfindən isterik bəyanatlar da olmayacaq: “Yetər ki, Abbas Abbasov bu prosesi əldə saxlasın. Bunu kəşfiyyat dairələrinin Azərbaycanın əleyhinə döndərməsinə imkan verməsinlər. Hər halda gənclərlə görüşün Azərbaycan hakimiyyətinin siyasətinə qarşı yönəldiyi hesab etmirəm. Abbas Abbasov dəfələrlə Azərbaycan dövlətinə sadiq oldğunu dilə gətirib. Ancaq başqa maraqlara xidmət edən fəaliyyətin qarşısı alınmalıdı və alınacaq”.

Fizzə