Ömrün peşə zəfəri və…

… peşənin ömür zərəri

Sonuncu mogikan Şakir Yaqubovun 60 yaşıyla həm də 60 il yaşamasının etirafına

Şakir müəllimlə tanışlığımın tarixi əsrdən əsrə keçmiş qədərdir: 1981-ci ildən – “Azərbaycan gəncləri” qəzetiylə! Bu tanışlığın əzabını atam çəkib: o gündən “Azərbaycan gəncləri” qəzeti evimizə iki nüsxədə gəlib! Ki… təki tək qardaşım ağlamasın və biz ikimiz də “Şakir Yaqubov” imzasıyla olan hər nəsnəni eyni vaxtda oxuyaq, bir-birimizi qırmayaq! İstər futboldan, istər elm və təhsildən, istərsə də ailə-məişət mövzularında olan yazıları olsun – fərq etməzdi!!! Şakir Yaqubov birinci oxunmaq istəyiylə arzulanan, sinov gedilən müəllif idi bizdə –  ikimiz də sinfimizdə nümunəvi və ikimiz də əlaçı şagirdlər idik.

Şakir Yaqubov tirajı bir buçuq milyon olan dərginin aparıcı yazarıydı – onda biz, kənd uşaqları və orta məktəb şagirdləri fərqində deyildik bu faktların. İndi… mən fərqindəyəm! Və sevinirəm ki, ondakı o bir buçuq milyonun içində də, sonralar – 50 yaşında 50 şəyirdinin sırasında da, indi – 60 yaşında “salam”ını ürəkdən aldıqlarının siyahısında da varam! Çünki mənim üçün son nəfəsimə qədər SÖZÜN XATİRİNƏ HƏTTA GECƏNİN BİR ALƏMİ QAPISIINA GƏLƏN ŞEYTANIN DA QABAĞINA DÜŞÜB AĞSAQQALLIQ EDƏCƏK QƏDƏR     USTAD olan bir imzadır! Eyni zamanda İNSANDIR – heç vaxt söz adamı olduğunu unutmayan, sözüylə özü TAM olan bir mogikan!!!

İndi Şakir müəllim yazmır! Fəqət bu dəqiqə də Şakir müəllimin əlinin altında bir kitablıq yazıları olduğuna adım qədər əminəm! “Niyə” sualının cavabını verdiyimin zənnindəyəm – Şakir müəllim heç vaxt “partizanlıq” etməyib deyə, durub Onun yazmamasına “buntar” titulu qoşmaq yersizdi!
Özüylə sözü bir olan ustad sırf şəxsi – övladıyla bağlı acılı problemi yaşadığından meydanı özünə dar bilir, bir az da ar bilir: NAMUSLU SÖZÜYLƏ BÖYÜTDÜYÜ balasına bu an xilas verə biləcək qədər olmayan sözü kim(in) üçün desin ki!!! Amma vaxt vardı ailələr Şakir Yaqubovun sözü üstündə ucalırdı, Şakir Yaqubovun mətbu sözü ağsaqqal sözündən ötəydi ki, qan bağlansın!
Şakir Yaqubovun sözü qələbəydi!
Şakir Yaqubovun sözü zəfər idi!

Şakir Yaqubovun sözü tankın-topun ağrısını unutduracaq qədər idi milyonlar üçün – 1990-cı ilin yanvarında informasiya blokadasının yarılıb meydanlara nüsxələri milyondan artıq yayılan “Səhər”in manşetinin müəllifi Şakir Yaqubov idi: mən şahidəm kuryer kimi!

Həəə… gidi dünya!!! Şakir Yaqubov indi söz yazmır – bu isə nə qədər adamın-insanın-oxucunun tamarzı qalması deməkdi!
Bircə dəfə 50-ni qeyd elədi – amma Şakir Yaqubovun ömründə qeyd olunası azından əlli ZƏFƏR ANI var juralisitkada! Qəzetçiliyindən tutmuş ta redaktəsinə, faktologiyasına qədər!
Şakir Yaqubov həm də abırlı imzalardandı, minnətdar isimlərdəndi, təvazökar yazarlardandı – bir dəfə olmadı ki, özündən bir deyəndə, beş də özündən əvvəl olanlardan, işlədiklərindən deməsin!!!

Dedi – həmişə düzünü dedi, düz dedi!
Əvəzində… indi pensiya alır və bir də səmimiyyətinə inandığı bir ya iki şəyirdindən salam!
Əvəzində zəfərlə başa vurduğu jurnalist ömrünün mükafatı kimi bir xeyli dərman alır!
Bütün fəaliyyəti boyu da fərqli bir yazar taleyi yaşayıb – yeganə jurnalistdir ki, Azərbaycan müstəmləkə olanda da, müstəqil olanda da ölkənin “əməkdar mədəniyyət işçisi” adına layiq görülüb: bu da sizə professionallığının etirafı!!!

Peşəkarın siyasi mənsubiyyəti olmur – SÖZÜN, DOĞRU SÖZÜN peşəkarının!!!
Şakir Yaqubovun bütün dönəmlərdə örnək olası bir yazar taleyi var – Onun kimi yazmaq istəyənlər, Onun kimi qəzetçi olmaq istəyənlər, Onun kimi redaktorluq etmək istəyənlər bəlkə də Ondan artığına nail olacaqlar, amma və lakin… Şakir Yaqubov ola bilməyəcəklər: özüylə sözünün tamlığını sındırmadan getdi!!!
O – “partizan” olmadı!
O – “azmış oğul” da olmadı!
O – jurnalistin peşə ömrünü zəfərlə başa çatdıran hələ ki, ilk və sonuncu jurnalistdi! İnanmıram bir kimsə bunu təkzib edə bilsin, etmək həvəsinə düşsün!
İmkan olsaydı, 60 yaşının 60-na da əlifba hərflərini ismin 6 halında hallandıra-hallandıra, faktla şahid durardım ki, USTAD ÖMRÜ yaşayıb!
İmkan olsaydı, Şakir Yaqubovun bir vaxtlar qələmiylə tanımadıqlarına etdiyi xeyirxahlığın tam məcmusunu özünə mükafat verərdim!
İmkan olsaydı… imkan… ehhh!

Və mən… həyatın təzadlarından salamat çıxmasam da, bu gün bir təzadla barışıram: necə və nə cür yazmağı öyrədib də nə üçün yazmağı öz öhdəmə buraxan MÜƏLLİMİMİN sayəsində jurnalistikanın istənilən sahəsində qələm işlədə bilirəm…
MÜƏLLİMİMİN öz ad günündən bəzən dörd, bəzən də üç gün sonra qeyd etdiyim ad günümə bundan böyük töhfə-hədiyyə bilmirəm – xoşbəxtəm ki, MÜƏLLİMİMİ təbrik etmək haqqını hələ itirməmişəm, xoşbəxtəm ki, hələ salamımı ürəkdən alır, xoşbəxtəm ki, bu gün “Şakir Yaqubov” imzasıyla yazı oxumasam da, bu imzayla ömrümün sonuna qədər möhtəşəmliyi ilə məni heyrətləndirəcək yaradıcılığı ilə küllən tanışam!

SON SÖZ ƏVƏZİ: Bu yazını Şakir Yaqubovun ad gününə həsr olunan yazı hesab etmək olar, amma heç bir halda Onun yazmamağından və yaxud da jurnalistikadan getməyindən yox! Çünki Şakir Yaqubov ÇOX AZ imzalardandır ki, yazmadan da jurnalistikada qala bilən, qalan və qalacaq ustadlardandır.
Bax, bunu çatdırmaq istəyirdim.

Çatdıra bildimmi ya yox – bu məni narahat etmir, əminəm: bunun belə olduğunu etiraf edəcək kamil və müdrik söz adamlarının sayğıdəyər oxucular arasında bəs qədər olduğunu bilirəm!
Dərin hörmət və sayğılarla,

Aydın Canıyev!