qvardiya-esgeri-olum

Qvardiya əsgərinin müəmmalı ölümü

qvardiya-esgeri-olumAzərbaycan bayrağının altında dayanan əsgər Məmmədağa Məmmədov necə öldürüldü?

Gülxar Məmmədova: «Bizdən Milli Orduya göndərilməsini xahiş edirdi. Incidildiyini deyirdi, kim idi onu incidən söyləmirdi, onunla görüşəndə də narahat idi»

«Məmmədağa martın 20-də bayramı evdə keçirib. Şad-xürrəm hərbi hissəyə yollandı, dörd gün sonra isə ölüm xəbərini aldıq»

“Oğlumun intihar xəbərinə inanmıram. Məmmədağanın ölümü müəmmalıdır. Bizdən xahiş edirdi ki, onun yerini dəyişək. Bir neçə dəfə də incidildiyini deyib” – bu sözləri martın 24-də ölən əsgər Məmmədağa Məmmədovun anası Gülxar Məmmədova deyir. Xüsusi Dövlət Baş Mühafizə Idarəsinin (XDBMI) əsgəri olan Məmmədağa Məmmədov Səbael Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
1994-cü il təvəllüdlü olan əsgərin öncə özünü asdığı barədə məlumatlar yayıldı. Sonradan güllə ilə qəsd etdiyi bildirildi. Ancaq mərhumun anası onun intihar xəbərinə inanmır. Deyir ki, Məmmədağa Məmmədovun intihar etməsi üçün səbəb olmalıydı.

“Bizdən xahiş edirdi ki, onu Milli Orduya göndərək”

Ötən gün “Azadlıq”ın redaksiyasına gələn əsgərin anası Gülxar Məmmədova deyir ki, oğlu 9 ay idi hərbi xidmətdə idi: “Bu 9 ay müddətində 55 dəfə qaravula çıxıb. Qaravula çıxdığı yer Xüsusi Dövlət Baş Mühafizə Idarəsinin helikopter meydanında olan Azərbaycan bayrağının altı idi. Ilham Əliyev bölgələrə gedən yerdə həmişə mənim oğlum dayanırdı. Həmişə onu tərifləyirdilər. Bir dəfə də olsun ondan bizə şikayət edilməyib. Bir ay çavuşluq kursu keçib. Bir ilinin tamamında çavuş olacaqdı”.
Ana deyir ki, gecə saat 5 radələrində onlara zəng ediblər: “Dedilər ki, gəlin, oğlunuz özünü öldürüb. Məmmədağa real həyata inanan adam idi. Özünü güllə ilə vurması xəbərini qəbul etmirəm. Nəinki mən, onu tanıyan hər kəs intihar etməsinə inanmaz. Bizə dedilər ki, inanın, oğlunuz özünü öldürüb. Oğlumun özünə qəsd etməsi yalandır. Guya avtomatla alnından özünü vurub. Ancaq açılan atəş yaxından vurulan gülləyə oxşamırdı. Uzaqdan atılan gülləyə bənzəyirdi. Yalandan ssenari qurdular. Meyidini mənə göstərdilər ki, guya özü-özünü vurub”.
Hər həftənin şənbə və bazar günü oğlunun yanına gedən ana deyir ki, ayda bir dəfə Məmmədağanı evə buraxırdılar: “Bu müddət ərzində iki dəfə narazılığını bildirib. Deyirdi ki, onu Milli Orduya göndərək. Orada xidmət etmək istəmirdi. Biz də ona cavab verirdik ki, döz. Işiylə əlaqədar oğlumu ora yerləşdirmişdik. Səbəbini soruşanda incidildiyini bildirirdi. Ancaq kimin onu incitdiyini demirdi. Görüşdə də olanda narahat idi. Kimdənsə elə bil çəkinirdi. ”A bala, çörək gətirmişik, rahat ye, söhbət edək” deyirdim, “ay ana, tez elə, tez elə” deyib ətrafa baxırdı. Bir dəfə dedim ki, illər ötəndən sonra sən də əsgərlik xatirələrindən danışacaqsan. Cavab verdi ki, “nə əsgərlik, nə qvardiya”.

“Yalnız bir şey deyirlər ki, oğlunuz özünü öldürüb”

Gülxar Məmmədova oğlunun həmişə üstüörtülü danışıdığını qeyd edir: “Bir dəfə də dedi ki, Milli Qvardiya əvvəlki kimi deyil. Imkanlı uşaqlarla hərbi xidməti keçdiyini söyləyirdi. Mənə elə gəlir ki, Məmmədağanı başqasının yerinə qaravula çıxardırdılar”.
Oğlunun ölüm xəbərini saat 5 radələrində eşidən valideynlərə Məmmədağa Məmmədovun saat 3 radələrində – ikinci dəfə qaravula çıxarkən intihar etdiyini deyiblər: “Məmmədağa birinci postuna çıxıb. Ikinci dəfə yerindən qalxıb gedəndə olub. Qaravul rəisiylə söhbət etdim. Ona dedim ki, oğlum sənin yanından gedib. Bu necə olub, nə baş verib? Cavab verdi ki, rahat durub yuyundu getdi. Üç dəqiqə sonra güllə səsinə qaçıblar. Bilmirəm niyə belə olub. Heç kim heç nə demir. Yalnız bir şey deyirlər ki, oğlunuz özünü öldürüb. Iş gedir, müəmmalıdır, olayın üstü açılmır. Şahidlər var, qaravul rəisi və başqaları açıqlamalar verirlər. Heç anlaya bilmirəm. Martın 20-də oğlum bayramı evdə keçirib. Bayram süfrəsindən şad-xürrəm hərbi hissəyə yollanıb. Qvardiyadan konkret heç nə demirlər. Ehtimal edirlər ki, kiminləsə telefonla danışıb, əsəbiləşib, ola bilsin istədiyi qızla problemi olub, belə edib. Mən buna heç cürə inanmıram. Onu kim vurubsa, yaxud da həqiqətən özü-özünə qəsd edibsə, bu açılmalıdır”.

“Oğlum intihar etsəydi, yaddaş kameralarındakı yazıları bizə göstərərdilər”

Gülxar Məmmədova Qvardiyanın qərargah rəisinin təhlükəsizlik kamerasının yaddaşındakıları onlardan gizlətdiklərini deyir: “Qvardiyanın qərargah rəisi o yerdə heç cürə yaddaş kamerası olmadığını deyir. Ancaq müşahidə kamerası var. Sadəcə gəlib gedəni görmək üçün. Üç dəfə Hərbi Prokurorluqda olmuşam. Üçüncü dəfə olandan sonra dedilər ki, orada yaddaş kamerası olub. Sonra da əlavə etdilər ki, martın 22-nə qədər işləyib. Xarab olduğu üçün firmaya müraciət ediblər. Bayrama görə kameranın təmiri yubanıb. Deməklərindən belə çıxır ki, oğlum ölən vaxtı kamera işləməyib. Buna görə də oğlumun ölüm səbəblərini tam açıqlaya bilmirlər. Necə olur ki, balaca bir dükanda kamera olur. Qəndin, şirniyyatın oğurlanmamasına nəzarət edirlər, dövlətin o boyda obyektində kamera işləmir? Bu qədər də yalan olmaz”.
Mərhum əsgərin anası deyir ki, Məmmədağa Məmmədov intihar etsəydi, yaddaş kameralarını onlara göstərərdilər: “Kameranı bizim gözümüzə soxardılar. Ilham Əliyevin tez-tez gəldiyi yerdə kamera olmur? Kamera yoxdursa, bu, gizli məqamlardan xəbər verir. Deməli, burada bizə deyə bilmədikləri, ehtiyat etdikləri məqamlar var. Oğlum ya kiminsə gülləsiylə öldürülüb, ya da başqa haqq-hesab var. Onun intihar etməsinə inanmıram və bunun üçün səbəb olmalıydı”.

Tək bir istək…

“Məni hər dəfə ya qapı arxasında saxlayırlar, ya da boş-boş sözlərlə yola salırlar. Oğlumun ölüm səbəbini demirlər. Bizə işin hərtərəfli araşdırılması lazımdır. Bilmək istəyirik ki, Məmmədağanı kim öldürüb? Niyə öldürüblər? Hətta intihar edibsə, nədən olub? Bu sualların cavabı verilsin. Başqa heç bir istəyimiz yoxdur”, – deyə ana fəryad edir.
Indi Gülxar Məmmədovanın bir istəyi var. 19 yaşlı oğlunun ölüm səbəbini bilmək: “Tək istəyim ailəmizin yeganə oğlu Məmmədağanın nədən öldüyünü bilməkdir. Vəssalam, başqa istəyim yoxdur”.

Ramin DEKO