Palatanın növbəti sessiyası fevralın 26-da olacaq
Fevralın 24-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib.
“Media forum” saytının məlumatına görə, toplantıda ölkədə kütləvi aksiyaların keçirilməsinin zəruriliyi vurğulanıb və bu istiqamətdə hazırlıqlara başlanmasına qərar verilib.
İclasda İctimai Palatanın 2-ci sessiyasının gündəliyinə dair təkliflər irəli sürülüb. Sessiyanın gündəliyinə Koordinasiya Şurasına yeni üzvlərin qəbulu, komissiyaların yaradılması və digər məsələlər daxildir. Şuranın toplantısında bildirilib ki, İctimai Palataya üzv olmaq üçün 33 nəfər müraciət edib. Məlumata görə, onların arasında ziyalılar, QHT rəhbərləri, yazıçılar, jurnalistlər, istefada olan yüksək rütbəli hərbçilər də var. Sessiyada həmin müraciətlərə baxılacaq.
İctimai Palatanın 2-ci sessiyası fevralın 26-da saat 14-də Müsavat Partiyasının qərargahında keçiriləcək. Bundan öncə, fevralın 26-da saat 12-də İctimai Palatanın üzvləri “Xətai” metrostansiyası yaxınlığında toplaşaraq Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər.
Koordinasiya Şurası fevralın 20-də hərbi hissələrin birində 7 əsgərin qətlə yetirilməsi ilə bağlı müzakirələr də aparıb. Bununla bağlı qəbul olunan bəyanatda baş vermiş hadisə mövcud hakimiyyətin ordu quruculuğu sahəsində yanlış siyasətinin nəticəsi kimi qiymətləndirilib.
Toplantıda Liviyada hakimiyyətin xalqa qarşı zorakılığını pisləyən bəyanat da qəbul edilib.



