Əliyevlər əleyhinə qlobal “silah”

Yaxud güclülərin gücsüzlüyü sindromunu necə keçməli?

Hər kəs deyir ki, Azərbaycan cəmiyyəti yeniliklərə acdır.  Yəni, hamı ağzını tutub yuxarı, Allahdan dəyişiklik istəyir. Ötən müddətdə heçmi dəyişiklik olmayıb? Olubsa, toplumun buna münasibəti necə olub? Bizim üçün ən başlıca sual budur ki, cəmiyyətin böyük  dəyişikliklərə iddialı qrupları bu yeniliklərdən necə yararlanıblar?
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrin yayılması böyük sürət götürdü. Demokratik toplumlardan fərqli olaraq, qapalı toplumlarda, o cümlədən Azərbaycanda internet əyləncə-yaradıcılıq məkanından daha çox, sosial-siyasi müzakirə və mübarizə müstəvisinə çevrildi. Ölkədə rəsmən 500 min üzərində “Facebook” istifadəçisi var. “Youtube” və “bloq” fəaliyyətləri də demək olar ki, bütün ölkəni əhatə edir. Elşad Abdullayevin ifşa videolarına təkcə “Youtube” vasitəsilə bir neçə yüz min insan baxıb, oradakı həqiqətlərdən xəbər tutub.
Internet məkanı təkcə həqiqətlərin göstərilməsində mühüm rol oynamayıb, həm də bu məkanda həqiqi ictimai rəyi formalaşdırmaq mümkün olub. Insanlar faktları görüb, analiz edib, müzakirələrdə birbaşa iştirakla müəyyən nəticələrə gəliblər. Bütün bunları biz hakimiyyətin yaratdığı  informasiya blokadası kontekstində necə dəyərləndirmişik?

Xalq hardadır?

Bəzən belə fikirlər səslənir ki, virtual məkanda baş verənlər mahiyyətcə virtuallıqdan kənara çıxmır. Burada baş verənlərin böyük dəyişikliklər yaradacaq gücü yoxdur. Bunu deyərkən Yaxın Şərqdə olanları unutmurlar, təbii ki. Sadəcə, xatırlamaq istəmirlər. Bunun kökündə duran əsas səbəb isə odur ki, bir öncəki texnologiyanı mənimsəmiş sosial və ya siyasi nəsil yeniliyi ciddiyə almaq istəmir. Çünki bu yeniliyin özünün yeni simaları var. Məsələn, bir tanınmış siyasi partiyanın ikinci şəxsi qismində olan siyasətçinin siyasətə dair fikirləri bir neçə on nəfər tərəfindən, gənc bir bloqçunun eyni məsələyə dair fikri isə yüzlərlə şəxs tərəfindən dəstəklənir. Bu o deməkdir ki, yeni texnologiya öz dilini, bu dildə yazan və anlayan nəsli yetişdirib. Bu nəsli nəzərə almadan ölkədə böyük proseslərə nail olmaq  mexaniki baxımdan mümkün deyil. Bunu xüsusi olaraq izah etməyə ehtiyac varmı ki, bu gün bizim “xalq” dediyimiz  kateqorial deyil və real anlayışın altında ifadə olunan həmin aktiv təbəqə elə internet məkanında xırda icmalarla fəaliyyət göstərir. Bunu dərk edə-edə imtina etməyin yalnız bir məntiqli səbəbi ola bilər: bu dərinlikdə yox olmaq qorxusu. Qorxular isə təbii ki, qələbə üçün ən böyük maneədir.

Bu, atom silahından da təhlükəlidir, amma kimə?

Dünyda baş verən bir neçə hadisə əsas yaradır ki, biz yenidən bu məsələyə qayıdaq. XX əsrin ən böyük silahı “Atom bombası” idisə, XXI əsrdə bu öz yerini həvəslə internetə verdi. Ikinci silahın üstünlüyü bundadır ki, o, daha kütləvi məhvlərə yol açmır. Konkret hədəfləri sıradan çıxarmağa imkan verir. Informasiyalar bir neçə dəqiqə ərzində dünyanın bütün nöqtələrinə çata, təkzib və ya təsdiqlənə bilir. Buna görə də yeni siyasi şəraitin yaranması qaçılmaz olur və köhnə status-kvodan qopa bilməyənlər tarixə qaynaqlanmış olurlar. Bu gün bir xalqın öz diktatorunun əməllərindən xəbər tutması üçün böyük məhkəmələrə ehtiyac yoxdur. O faktlar açılır, müzakirə edilir və qənaət formalaşır. Bütün bunların hamısı internetdə baş verir. Bu mənada biz interneti öz ölkəmizdə Əliyevlər əleyhinə qlobal silah kimi də qiymətləndirə bilərik. Daha böyük mənada isə şəffaflığın uzunömürlü olması üçün internetin bundan sonrakı tarixə əvəzsiz töhfəsi olacaq.