İki tanınmış vəkildən Əli Kərimliyə təbrik

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 48 yaşı tamam olur. Ölkənın iki tanınmış vəkili Aslan İsmayılov və Qurban Məmmədov bu münasibətlə Əli Kərimlini təbrik edib.

Aslan İsmayılovun təbrikində deyilir: “Əli bəy, ad gününüzü təbrik edir, Sizə və əzizlərinizə can sağlığı və millətimiz üçün çox vacib, əhəmiyyətli, Sizə və ailənizə isə çox ağır məhrumiyyətlər gətirən fəaliyyətinizdə uğurlar arzulayıram. Müxalifət düşərgəsindəki problemləri vaxtaşırı tənqid etsəm də, bütün partiya liderlərindən məsafədə durmağa, kimlərə isə daha diqqətli olmaqdan çəkinsəm də, Sizin və rəhbərlik etdiyiniz AXCP-nin, Azərbaycanda demokratik dəyərlərin bərqərar olmasında, hamıdan öndə olmanızı qeyd etməmək tərəfimdən yol verilmiş ədalətsizlik olardı. Əminəm ki, son dövrlər müxalifətin saflaşmasına, birliyinə, vətəndaş cəmiyyətinin qurulmasına yönəlmiş addımlarınız uğurla nəticələnəcək”.

Qurban Məmmədov isə təbrikində bildirib:”Hörmətli Əli Kərimli ! Ad gününüz mübarək olsun!
Vətənimizin bu ağır, məsuliyyətli dövründə diktaturadan, korrupsiya və rüşvətxorluqdan, məmur özbaşınalığından və cəzasızlıq mühitindən Millətimizin xilas olması üçün tələb edilən ümumxalq hərakatına rəhbərlik etmək kimi çətin bir vəzifə Sizin öhdənizə düşmüşdür. İnanıram ki, qədirbilən Xalqımızın yardımı ilə bu şərəfli vəzifənin öhdəsindən gələcək və növbəti ad gününüzün Azad Azərbaycanda azad şəraitdə keçirilməsi üçün əlinizdən gələni edəcəksiniz.
Bu yolda Sizə və silahdaşlarınıza, Uca Millətimizə uğurlar arzulayıram !!!
Bir daha təbrik edirəm”.