Bu həftənin siyasi gündəmini yenidən özümüz üçün xatırlayaq. Hakimiyyət öz repressiv siyasətini davam etdirir. Yenə də ictimai fəallara, müstəqil jurnalistlərə qarşı böhtan və hədələr kampaniyası aparılır, ümumən xalqa qarşı yalan və oğurluq xətti yürüdülür.
Müxalifət cinahı isə birlik mövzusuna köklənib. Həm də necə!
AXCP sədri Əli Kərimli birləşməyə çağırış etdi, sonra müxtəlif adamlar bu təklifə dəstək verdiyini açıqladı. “Filankəs də birlik çağırışına dəstək verdi” başlıqlı xəbərlər həddən artıq çox idi. Daha sonra bu xüsusda fikir bildirməkdə Rüstəm Ibrahimbəyov fəallaşdı. Istər-istəməz birlik söhbətləri onun adı üzərinə gəlməli olur, çünki o, gündəmdə olan əsas birləşmə modelinin – Milli Şura ideyasının müəllifidir. Nəhayət, Rüstəm müəllim ayrıca bir çağırışla çıxış etdi, siyasi liderləri birliyə çağırdı və bütün həftə birlik məsələsinə həsr olundu.
Ilk baxışdan çox yaxşıdır – birləşməni vacib sayanlar düşünə bilər ki, məsələ gündəmdədir, aktualdır. Amma ilk baxışdan yaxşı olmayan bir şey də var. Birlik çağırışları güclüdürsə, deməli, birləşmə üçün hələ çox səy tələb olunur və hətta birləşmə alınmır, birləşmək istəməyənlər də var. Birləşmə alınmış olsaydı və ya yaxud bu yöndə hər şey yolunda getsəydi, bu cür çağırışlara da ehtiyac qalmazdı.
Görüşlər, danışıqlar əla getsəydi, ümidverici olsaydı, sıx çağırışlara nə ehtiyac vardı? Birlik çağırışları güclüdürsə, deməli, işlər hələ də yoluna düşməyib.
Bu sadəcə pessimiz deyil, illərin təcrübəsidir. Mən özüm də uzun illər bu mövzuda yazmışam. Uzun illər mən də birliyə sadə bir yazar çağırışları etmişəm. Başqaları “xeyri yoxdur, özünü yorma” deyəndə, yorulmadan bu məsələyə yazılar həsr etmişəm. Siyasətçilərlə, onların mövqeyini müdafiə edən yazarlarla mübahisələrə, polemikalara girmişəm. Amma bir gün gəldi ki, bu birlik söhbətlərindən yoruldum. Yalnız ona görə ki, nədən belə olduğunu tam anlaya bilmədim. Anlaya bilmədim ki, bunlar sadəcə iddialardan doğur, yoxsa kimlərsə məqsədli şəkildə birləşmənin baş tutmaması üçün səy göstərir. Bir şeyə əminəm və bilirəm ki, hakimiyyət narazı qüvvələrin, müxalifətin birləşməsinin gerçəkləşməməsi üçün əlindən gələni edir. Min oyundan çıxır. Amma biz də bu oyunların hamısını anlaya bilirikmi?
Bütün hallarda mən bu məsələdə elə indi xeyli pessimistəm. Qədərincə bu söhbətlərdən kənar qaçır, birləşmə mövzusunda deyilən sözlərə, fikirlərə şərh vermirəm. Eyni zamanda bu o demək deyil ki, heç nəyi izləmirəm və deməyə sözüm yoxdur. Sözləri sonra da, məsələn, payızda da demək olar. Çünki digər tərəfdən, kənarda durmaq həm də ümidin hələ də qalmasıdır. Qoy sərbəst qərar vermək mühiti olsun və hər kəs öz məsuliyyətini bilsin, hər kəsin mövqeyi aydın görünsün.
Indi… “Milli maraqlarımızı önə qoyduq deyə razılığa gələ bilmədik” deyərək cəmiyyəti aldatmaq mümkün deyil. “Biz güclüyük, zəifə güzəştə getməli deyildik” deyə zəifə güc göstərmək dövrü də deyil. “Partiya maraqlarımızı ortaya qoymaq demokratiyanın şərtidir” deyərək şərtləri pozmaqla iz azdırmaq da mümkün deyil. “Bizim liderimiz daha öndədir, yaxud daha mübarizdir” deməklə qürrələnməyin də xeyri yoxdur. Hamının bu şeylər gördüyü və anladığı dövr gəlib. Hakimiyyətin dərin gizlinləri uzaq ofşorlardan açılırsa, bu məsələdə də hər şey açılmış olacaq. Hələlik nəticəyə varmaq üçün açıq danışmamaq da olar…
Nəticəyə isə varmaq gərəkdir. Hər kəsin bunu anlaması lazımdır ki, birləşmək çox yaxşı olardı. Bu məsələdəki pessimizmimə görə demirəm. Mən əsas məsələdə nikbinəm. Azərbaycanda gedən proseslər artıq müxalifətdən və iqtidardan tam asılı deyil. Amma ən azı hər kəs bu proseslərə töhfə verə bilər. Heç olmasa hakimiyyətin arzuladığı ssenariləri pozmaq olar.

Məgər birləşmirlər?
•