Yaman darıxdırıcı ölkədə yaşayırıq. Bunu demək elə bir səhv-filan və yaxud da ki, kəşf olmaz, hamıya bəlli məsələdi. Yazda, yayda da gün o qədər uzanır ki, onu başa vurmaq və darıxmamaq əsl problemə çevrilir.
Darıxanda mədəniyyət xəbərlərinə baxmağı sevirəm. Amma ölkədə əsl mədəni həyat yaşanılmadığından bu xəbərlər də lap üzücü olub.
Ümumiyyətlə, bütün xəbər proqramları dönüb olub əsl ailə xronikası – ulu öndərdən başlayırlar və axırda kiçik öndərdə qurtarırlar. Gəl, indi tamaşa et bunlara, görüm, necə edirsən!
Işin tərsliyindən bu il də sən demə bunların yubileylər ili imiş-birinin yubileyi o birisinə qarışıb, birindən başlayıb o birisində bitirirlər və hamısı da görkəmli, böyük, xeyirxah insan…
Bilirsiniz, məni ən çox nə təəccübləndirir? Sən demə, biz adi bəndələr, ulu Yaradanın diqqətindən kənarda qalanlar dahilərin əhatəsində yaşayırıqmış. Amma bundan heç xəbərimiz də olmayıb! Biri dahi siyasətçi və böyük dövlət xadimi, o birisi dahi həkim, üçüncüsü isə dahi yazıçı…
Nobel komitəsinin bizimlə nə ədavəti var?
Bəli, Nobel komitəsinə acığımız tutmaq üçün əməlli-başlı əsasımız var. Nə səbəbə bu qədər dahi komitənin diqqətindən kənarda qalıb?
Çox alimlər, böyük simalar tanıyıram ki, bəli, Nobel komitəsi hansısa səbəbdən onları vaxtilə unudub. Amma dahilik vəsiqəsini tək Nobel komitəsi vermir ki! Başqa insanlar da var, onlar belə adamların xidmətini qeyd edirlər. Amma bizim dahilər haqqında yalnız özümüz danışırıq…
Bu gün o qədər də dərinliyi varmayacam, siyasətin milli dahilərindən çox yazdığımdan ədəbiyyat dahilərinə keçəcəm.
Sizə elə gəlmir ki, dahi, böyük sözlərini əməlli-başlı ucuzlaşdırmışıq? Məsələn, 20 əsr Azərbaycan sovet ədəbiyyatı olsa-olsa yalnız bizim özümüz üçün hansısa məna kəsb edir.
Bu dövrün ədəbiyyatının böyük hissəsini sakitcə unutmaq olardı. Vacib deyil ki, hər əsrdə ədəbiyyat dahisi olsun. Nizamidən Füzuliyə qədər neçə əsr keçib?
Hələ də mədəniyyətin sovet strukturunu, təsnifatını saxlayırıq. Bəli, sovetlərin öz qayğısı vardı, onlar sovet mədəniyyəti yaratmaqla məşğul idi. Ona görə də sovet yazıçılarının böyük hissəsi dərsliklərə düşdü, tarixə həkk olundu.
Bizə elə gəlir ki, bu adamları dərsliklərdən çıxarsaq çox böyük fəlakət baş verəcək. Amma belə deyil. Mədəniyyətdə bəzən iki böyük hadisə arasından yüz il vaxt keçir.
Uşaqlara nə öyrədirik?
Indi uşaqlarımız da çaş-baş qalıb, özümüz də. Uşaqlar bilmədikləri, təsəvvür etmədikləri şeylər haqqında, kolxozların yaranması haqqında böyük “ədəbi əsər”lər oxumaq məcburiyyətindədir. Amma bunların əvəzində onlara dünya ədəbiyyatının incilərini öyrətmək olardı.
Yadıma gəlir, sovetlərin vaxtında hər dərslikdə bir nəfər dünya ədəbiyyatını təmsil edən şəxs olurdu. Hətta yadımda da qalıb, unutmamışam – deyəsən, Şekspiri və bir də Moleyri öyrədirdilər.
Ona görə dünya ədəbiyyatı haqqında ciddi təsvvürümüz yoxdur. Əsl ədəbiyat inciləri bir tərəfdə qalıb, amma biz çobanların məşəqqətli bolşevikləşməsi prosesindən, traktorçunun dağları yarmasından, kolxoz sədrinin pis adamların, antisosialist ünsürlərin təsiri altına düşməsindən danışırıq.
Düzdür, sovetləşmə dövründən də qiymətli əsərlər yazılıb. Niyə uzağa gedək? Elə M.Şoloxovun “Sakit Don”u buna misal ola bilər. Bu mənada rusların işi asandır, çünki onların sovet yazıçıları adlandıqları şəxslər belə çox böyük ədəbiyyat simalarıdır. Blok, Yesenin, Mayakovski, Bulqakov, Platonov, Pasternak – bunlarsız ədəbiyyatı təsəvvür etmək olarmı? Amma bizdə belə deyil axı!
Niyə özümüzə təlqin etmişik ki, bu dövrün ədəbiyyatı olmadan boşluq yarana bilər? Çox sakitcə təzə bir təsnifat vermək olardı, kolxoz ədəbiyyatından da uşaqlarımızın canı qurtarardı…
Böyük uğurla bütöv bir nəsli ədəbiyyatdan atmaq olar. Qoy, onları tədqiqatçı alimlər, sovet dövrünü araşdıranlar oxusun. Uşaqlarımızın bu “ədəbiyyat”la zəhləsini tökməyin nə mənası var?!
Sonra da deyirik ki, gənclər kitab oxumur, ədəbiyyatla maraqlanmırlar. Axı biz onlarda ədəbi zövq formalaşdırmırıq! Əksinə, onlarda ədəbiyyata qarşı yüngül münasibət, hətta ikrah hissi yaradırıq.
Fikir vermişəm, dünya ədəbiyyatı, xüsusən də 20 əsrin və son illərin ədəbiyyatı bizim üçün qaranlıq aləmdir. Nobel mükafatı almış onlarla ədəbi sima haqqında bizim hətta özmüzün təsəvvürümüz yoxdur, ondan qala uşaqlar və gənclər ola…
Kiçik sözardı
Siyasətdən başladığım yazını ədəbiyatla bitirdim. Amma demək istədiyimi ümid edirəm ki, başa düşəcəklər. Ona görə ki, bizdə dahilər də yuxarıdan, lap yuxarıdan təyin olunur…

Ulu öndərdən kiçik öndərə qədər
•


