Unutdurulan Azərbaycan tarixi

III
Azərbaycan Türklüyü 20-ci yüzilin başlanğıc çağlarında azacıq olanaqdan yararlanaraq bir arada üç demokratik respublika qurdu – ADR, Qars Demokratik Respublikası, Araz Türk Respublikası. Bu, bir arada, elə çətin dönəmdə, I Dünya savaşı içində, dövlətçiliyini yüz ildən bəri itirmiş bir ulusun birdən-birə üç dövlət qurması deməkdir. Bu bir Azərbaycan Türk fenomenidir! Antanta dövlətləri bölgəni tutandan sonra biz yenicə yaratdığımız o dövlətin ikisini itirdik, ancaq fakt faktlığında qalır. Qurmuşduq, qurduğumuzu yelə vermədik: dünyanın böyük, gücümüzdən qat-qat üstün güclərinə uduzduq. Elə darlıq içində yox yerdən bir arada üç respublika quran Azərbaycan Türklüyü, sənin böyüklüyün, ucalığın, yenilməzliyin qarşısında yalnız baş əymək olar!
O böyüklüyün, o ucalığın, o yenilməzliyin kökləri tarixin dərinliklərinə gedib çıxır. Ortada min illərin itirilməyən gələnək-görənək bağlılığı var. O bağlılıq dünyada ayrıca bir dünya olan Azərbaycan dünyasıdır. Rus imperiya ağalığından qurtar, qurtaran kimi də üç respublika yarat. Bu elə-belə ola bilməz, axı. Bu bir sistemli düşüncə, yenilməz ruh işidir. Bu yerdə fransız filosofu Le Bona üz tutmaq gərəyi yaranır: “Gələnəklər olmadan nə ulusal (milli) ruh, nə də sivilizasiya ola bilər. Buna görə də insanın var olmasından bəri başlıca uğraşmalarından biri gələnəklər şəbəkəsi yaratmaq olmuşdur…”. Bax bu, kökü minilliklərə bağlı GƏLƏNƏKLƏR şəbəkəsi, yüz illik imperiya asılılığından sonra belə, Azərbaycan Türklüyünün yaddaşından silinməmiş, düşüncəsindən düşməmişdi. Min illərin dövlətçilik tarixinə bağlı GƏLƏNƏKLƏR şəbəkəsi gündəlik yaşamdan alınsa da, yaddaşda, düşüncədə, ruhda qalmış, yaşamışdı. Le Bon gələnək-görənəklərin xarakteri ilə bağlı yazır: “Sevinmək gərəkdir: iş başqa cür yox, belədir; ortaq gələnəklərin, ideyaların, duyğuların, inancların, düşüncə oxşarlığının elə bu şəbəkəsi ulusun ruhunu oluşdurur. Bu şəbəkə sarsılmaz olduqca ulusun ruhu da sarsılmaz olur. Gerçəkdə o, yalnız o ulusu saxlayır – şəbəkə dağılsa, ulus da dağılar”. Baxın, bu bir anatomiyadır – sosial anatomiya. Bizi bütöv, güclü ulusal varlıq olaraq saxlayan ŞƏBƏKƏNI tanımaq, ona tapınmaq, onu qorumaq – budur bizim borcumuz!
Içdən-dışdan yaramaz bir kampaniya ilə üzləşmişik: tariximiz yağı yarğılamasına çəkilir. Babək, Şah Ismayıl, Nadir şah, Ağaməhəmməd şah Qacar… hamısı pislənir, hamısı dışlanır: “Babək bizə örnək ola bilməz”, “Şah Ismayıl Azərbaycanı birləşdirərkən qanlı qırğınlar törədib”, “Nadir şah tariximizə ləkədir”; “Qacar Şuşaya hücum eləmişdi”. Bu sayaq bir-birindən gülünc, yaramaz yanaşmalar. Babək ərəb xilafətinin ən güclü çağlarında 22 il Azərbaycan uğrunda ölüm-dirim savaşı apardı, 6 ərəb ordusunu darmadağın etdi. Kiçicik partiyasının əl-ayağını bir yerə yığa bilməyən kimsə Babəki örnək saymır. Azərbaycanı qılınc gücünə birləşdirib böyük, güclü imperiya dövləti yaradan Şah Ismayıl, Nadir şah, Ağaməhəmməd şah Qacar qınaq obyektinə çevrilir. Şah Ismayıl daha çox ölkəni birləşdirmə yolundakı qırğınlara, şiəlik yolu tutduğuna görə qınanır. Qardaş Türkiyə, Fransa, Ingiltətə, Almaniya, Rusiya – bütün bu dövlətlər, eləcə də bir çox başqaları çoxsaylı qanlı qırğın yolu ilə birləşdirilməklə bütöv dövlətə çevriliblər. Şiəlik tarixi prosesin doğurduğu siyasi gerçəklik idi. Borçalını gürcülərə verən Nadir şah üçün Gürcüstan onun imperiyasının bir parçası idi. Qacar, Çingiz xan yasalarına söykənərək böyük, bütöv Azərbaycan yaradırdı.
Biz bu gün onların əyər-əskiklərini söz qonusu etməməli, ulusumusu bir ideya yörəsində, bir bayraq altında birləşdirməklə bizə qazandırdıqları üsütünlükləri, uğurları önə çəkməliyik. Onları aşağılamaq onların başçılığı altında Azərbaycan savaşı aparmış minlərlə, milyonlarla doğmalarımızın ruhunu incitməkdir…