«Əli Kərimlinin fikirlərilə razıyam, birlik geniş əsaslı olmalıdır»
Sülhəddin Əkbər: “Azərbaycan cəmiyyəti bu seçkilərə bir dəyişiklik fürsəti kimi baxır”
“Azadlıq” qəzetinin müsahibi ACP sədri Sülhəddin Əkbərdir. ACP sədri ilə müsahibəmizin əsas mövzusu isə hazırda müxalifət daxilində gedən inteqrasiya prosesi və baş verənlərdən gözləntilərlə bağlıdır. Çünki hazırda mətbuatın əsas diqqət mərkəzində olan mövzulardan biri məhz müxalifətdaxili son inteqrasiya prosesidir. Bəzi informasiyalara görə, danışıqlarda artıq konkret nəticələr də var. Amma danışıqlarla bağlı gözləntilər müxtəlifdir. Mövzu ilə bağlı bu və başqa sualları müsahibimizə ünvanlandıq.
– Sülhəddin bəy, bu seçkilər daha çox kimin marağındadır. Siyasi qüvvələrin, yoxsa xalqın, cəmiyyətin?
– Bu seçkilər mütəxəsislərin də qiymətləndirdiyi kimi əvvəlki seçkilərdən fərqlənir. Bu seçkilərin əvvəlki seçkilərdən ilk fərqi xalqın bu seçkilərə marağının artması ilə bağlıdır. Daha dəqiq desək, əslində yaxın siyasi tarix nəzərə alınarsa, Azərbaycan cəmiyyətində seçkilərə inamsızlıq var. Sadəcə olaraq Azərbaycan cəmiyyəti bu seçkilərə bir dəyişiklik fürsəti, imkanı kimi baxır. Ona görə Azərbaycanın siyasi müxalifət liderlərinin məsuliyyəti bu seçkilərdə daha artıqdır. Çünki bu fürsət və imkan düzgün dəyərləndirilməsə, cəmiyyətdə olan xəyal qırıqlığı təzələnəcək, daha da dərinləşəcək. Yenidən cəmiyyətdə sosial depressiya başlayacaq. Hər seçkidən sonra Azərbaycan cəmiyyəti seçki sonrası travmatik durum yaşayır. Məncə, bunun daha ağır nəticələri ola bilər. Hazırda biz çox həsas bir durumdayıq.
– Bu travmanın yaranmaması, gərginliyin olmaması və seçkilərin Azərbaycan xalqının iradəsinə uyğun nəticələnməsi üçün müxalifət daxilində strateji olaraq fəaliyyət, dialoq varmı? Ümmumiyyətlə, şansları necə qiymətləndirirsiniz?
– Öncə onu deyim ki, strateji qiymətləndirmə və vahid strategiya yoxdur. Müxalifət daxilində dialoqa gəlincə, bu proses var. Amma bir neçə hissədən ibarətdir. Bu danışıqların, proseslərin gələcəyi ilə bağlı isə bir qeyri-müəyyənlik var. Heç kimə sirr deyil ki, Azərbaycan kimi avtoritar ölkələrdə demokratik dəyişikliklər üçün üç mühüm amil lazımdır. Birinci amil demokratik qüvvələrə kütləvi xalq dəstəyinin olması, ikinci, hakimiyyət daxilində dəyişikliyə dəstək və üçüncü, demokratik dünyanın ölkədə baş verənlərə reaksiyası. Üç amilin içərisində də biri çox mühümdür. O da kütləvi xalq dəstəyinin olmasıdır. Xalq dəstəyi üçünsə açar rolunu müxalifətin birliyi oynayır. Bu gün Azərbaycan cəmiyyətində birlik istəyinin, arzusunun nə qədər açıq olduğu gözəl görünür. Xalq dəstəyinin qazanılması üçün məhz bu faktorun reallaşması gərəklidir. Xalq dəstəyi qazanılacağı təqdirdə digər iki faktor özlüyündə işə düşəcək. Yəni həm prosesə hakimiyyət içərisindən dəstək gələcək. Müxalifətə keçməklə bağlı tərəddüd edənlər bu qorxunu yenəcəklər. Ikincisi, beynəlxalq birlik Azərbaycanda dəyişikliklərin perspektivini görüb, baş verənlərə sərt reaksiya verəcəkdir. Belə bir nəticəyə regionda və dünyada baş verən prosesləri nəzərə alaraq gəlmək olar. Məhz bütün bu proseslərin baş verməsində müxalifət liderlərinin məsuliyyəti çox böyükdür.
Xalqın müxalifətdən yeganə tələbi birlikdir
– Məsuliyyət böyükdür deyərkən nəyi nəzərdə tutursunuz? Konkret olaraq müxalifət liderlərinin üzərinə hansı vəzifələr düşür?
– Artıq qeyd etdim. Bir tərəfdən xalq bu seçkilərə ölkədə siyasi dəyişikliklər üçün bir fürsət kimi baxır. Yəni söhbət yalnız seçkilərdən getmir. Bir tərəfdən xalq bu seçkiləri konkret siyasi dəyişikliklərin bir vasitəsi kimi görür. Digər tərəfdən isə bunun üçün müxalifətdən tələbi birlikdir. Birliyin olacağı halda xalq mesaj verir ki, biz dəstək verəcəyik. Bu mesajın düzgün alınması və ona uyğun da düzgün strategiyanın çızılması vacibdir. Məhz bu strategiya daxilində hərəkət edilməlidir. Hansısa partiya və ya onun lideri müqayisə etsə ki, mən böyük təşkilatam, digəri kiçikdir, bunlar heç nəyi dəyişməyəcək. Bu gün müxalifətin aparıcı partiya liderlərindən danışsaq, görərik ki, bir liderin pasportu yoxdur, ölkədən çıxa bilmir, digəri ölkə daxilində rayonlara səyahət edə bilmir. Və ya mən ACP sədri kimi Sumqayıta gedə, orada tədbir keçirə bilmirəm, partiyanın lideri ölkəyə gələ bilmir. Bütün bunların məsuliyyətini anlamaq lazımdır. Ona görə qeyd-şərtsiz birləşmək lazımdır. Xalqın kodlarını açmaq üçün açar müxalifətin inteqrasiyasıdır.
Danışıqlar dar çərçivədə aparılmamalıdır
– Bilirsiniz ki, zaman-zaman belə diskusiyalar olur. Hətta bəzi fikirlər var ki, birləşməyin ən yaxşı yolu xalqla bir araya gəlməkdir? Hazırda sosial şəbəkələrdə xeyli ictimai liderlər formalaşıb. Yəni zaman dəyişib. Yeni oyun qaydaları var. Xalq özü kiçik qruplardan ibarətdir. Ona görə biz birləşərkən bütövlükdə mücərrəd mənada xalq sözündən istifadə etməliyik, yoxsa xırda qrupları təşkilatlandırıb, onların maraqlarını uzlaşdırıb, birliyə nail olmalıyıq?
– Məsələni bir qədər də konkretləşdirmək istəyirəm. Aylardır ACP müxalifətin bir araya gəlməsi istiqamətində danışıqlar aparırdı. Ilk olaraq bu prosesə AXCP ilə başladıq. Bizim mövqeyimiz açıqdır. Biz müxalifətin geniş birliyinə nail olunmasını təklif edirik. Bilirsiniz ki, hazırda çoxlu təkliflər meydana çıxıb. Həmin təkliflərdən biri də Rüstəm Ibrahimbəyovun Milli Şuranın yaradılmasıyla bağlı ideyadır. Biz Milli Şuranın yaradılmasına müxalifətin geniş koalisiyasının yaradılmasının bir yolu kimi baxaraq bunu təqdirəlayiq hesab etdik və həm partiya lideri, həm də partiya rəhbərliyi olaraq bu ideyanı alqışladıq. Amma çox təəssüf ki, bu danışıqların aparılması prosesi ziyanlı oldu. Əgər biz geniş koalisiyanın yaradılmasını istəyiriksə, birinci kriteriyalar aydın olmalıdır. Bu geniş koalisiyada hansı prinsiplər əsasında seçim olmalıdır? Deyək ki, ACP lideri konkret kriteriyalar irəli sürüb ki, Milli Şurada kimlər ola bilər. Məsələn, Milli Şuraya Azərbaycan müstəqillik qazanandan sonra seçilmiş, bu gün də müxalifətdə olan sabiq deputatlar daxil ola bilər. Ikinci kateqoriya Azərbaycanda siyasi islahatlar, rejim dəyişikliyi istəyən bütün partiyaların liderləri olmalıdır. Üçüncü kəsim Azərbaycanda demokratiya və insan haqları uyğunda mübarizə aparan vətəndaş cəmiyyətinin nümayəndələri, yeni ictimai xadimlər ola bilər. Birinci iki kateqoriya aydındır. Üçüncü kateqoriyada müəyyən subyektiv yanaşmalar ola bilər. Azərbaycanda insan haqları və demokratiya uğrunda mübarizə aparanların bəziləri mübahisəsiz hamı tərəfindən qəbul olunur, bəzilərinin namizədliyi mübahisəli ola bilər. Həmin şəxsləri də səsvermə yolu ilə qəbul etmək olar. Bildiyiniz kimi, 1918, 1991-ci illərdə Azərbaycanda Milli Şura təcrübəsi var. Məsələn, ikinci Milli Şuranın yaradılmasında mən şəxsən iştirak da etmişəm. Həmin birliklərin bir hüquqi legitimliyi var idi. 1918-də, 1991-ci ildə də yaranan Milli Şuralar da deputatlardan ibarət olaraq formalaşmışdı. Bizim deputatlardan ibarət Milli Şura yaratmaq imkanımız yoxdur. Deməli, hüquqi legetimlik olmayacaq. Ona görə də yaranacaq Milli Şuranın siyasi və ictimai legitimliyi mümkün qədər üstün olmalıdır. Siyasi legitimlik deyəndə nə nəzərdə tutulur? Azərbaycanda müxalifətdə olan bütün partiyaların mümkün birliyi, bütün partiyalar olmasa, heç olmasa mütləq əksəriyyət bir araya gələ bilsin. Ictimai legitimlik dedikdə də vətəndaş cəmiyyətinin bu təşkilatı dəstəkləməsi nəzərdə tutulur. Çünki bu iki faktor olmasa, legitimlik məsələsi sual altında olacaq. O zaman da biz xalq dəstəyini qazana bilməyəcəyik. Ona görə biz düşünürük ki, Milli Şuranın yaradılması bir konkret kriteriyalar əsasında olmalıdır, ikincisi, danışıqlar prosesi şəffaf keçirilməli, geniş əsaslı olmalıdır. Yoxsa bu danışıqlar dar çərçivədə – AXCP-Müsavat-EL Hərəkatı çərçivəsində aparılacaqsa, bu dar çərçivəli danışıqlardan geniş koalisiya çıxmayacaq. Elə ondansa bu gün EL Hərəkatı Ictimai Palataya daxil olsa, daha effektiv bir birlik yaranar. EL Hərəkatının rəhbərliyi Ictimai Palatada Koordinasiya Şurasında təmsil olunur. Yox, biz həqiqətən də adına uyğun olaraq Milli Şura yaratmaq istəyiriksə, başqa cür hərəkət etməliyik. Bu istiqamətdə AXCP sədri Əli Kərimlinin də fikirləri ilə tanışam. Tamamilə düzgün yanaşmadır. Bu birlik geniş əsaslı olmalıdır. Sadəcə olaraq AXCP sədri Əli Kərimli ilə ACP rəhbərliyinin fikirləri böyük ölçüdə üst-üstə düşür. Amma bir fərq var ki, Əli bəy bu yolun düzgün olmadığını qeyd edərək, düzgün yolun hansı olduğunu göstərməsinə baxmayaraq, özü də dar çərçivəli danışıqlarda iştirak edir. Biz bu dar çərçivədə müxalifətin birlik danışıqlarını ziyanlı hesab edirik. Bu danışıqların müxalifətin birliyinə yox, onun yenidən qruplaşmasına və parçalanmasına aparacağını düşünürük. Hörmətli Rüstəm Ibrahimbəyovun liderlərə müraciəti oldu. Həmin müraciətdə də o narahatlıqlar öz əksini tapıb. Narahatçılıq var ki, proses belə getsə, burada bir sıra müxalifət partiyalarının liderləri iştirak etməyəcək. Mən özüm də iştirak etməyəcəm. Vaxtımız da az qalıb.
Xəyal