Saatlıda ilginc olay baş verib
Aprelin 26-da Saatlı musiqi məktəbinin direktoru Kamal Əlikram oğlu Gülüşov həbs edilib. O, YAP-ın yerli təşkilatının üzvüdür. Həbsə səbəb onun məktəbdə saxta ştat vahidləri yaradaraq, olmayan işçilərin adından maaş alması olub.
Bu barədə “Azadlıq” qəzetini məlumatlandıran mənbə deyib ki, K.Gülüşovu prokurorluq əməkdaşları o, saxta işçilərin maaşlarını bankomatdan çıxararkən saxlayıb.
Məsələnin maraqlı tərəfi odur ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bir neçə gün qabaq Saatlıda vətəndaşlarla qəbul keçirərkən qəbul vaxtının çoxunu K.Gülüşov alıb. K.Gülüşov nazirə musiqi məktəbindəki vəziyyətlə bağlı şikayət edib. O, yerli icra hakimiyyətinin məktəbə biganə münasibətindən gileylənib. Bu isə icra başçısı Siraqəddin Cabbarovun qəzəbinə səbəb olub. İcra başçısı bununla bağlı məktəb direktorunu tənbeh də edib.
Məlumatlara görə, aprelin 26-ı axşam saxlanılan K.Gülüşov gecə saat 3 radələrində sərbəst buraxılıb, lakin bu gün tezdən yenidən rayon prokurorluğa aparılıb.
K.Gülüşov ona kömək etmək üçün icra başçısına ismarış göndərib. İcra başçısı isə ona öz əməllərinin günahını çəkdiyi cavabını göndərib.
Mövzunu diqqətdə saxlayacağıq.
İnformasiya şöbəsi


