«Antidemokratik seçki keçirməkdə, qanunları pozmaqda bu iqtidarın alternativi yoxdur»
Rövşən Əhmədli: «Həqiqi, müsbət dəyişiklik, bütün demokratik insanları bir komandada görmək istəyiriksə, birlik çox vacibdir»
Hazırda həbsdə olan Islam Partiyasının sədri Mövsüm Səmədovun azadlığa çıxması və seçkidə namizədliyinin verilməsiylə bağlı imzatoplama kampaniyası aparılır. Partiya üzvləri regionlara səfərləri zamanı vətəndaşlara bu münasibətlə müraciət edirlər. Mövzu ilə bağlı bu və başqa suallarımızı Islam Partiyasının sədr müavini Rövşən Əhmədliyə ünvanladıq.
– Bizdə çox çətinliklə bölgələrdə görüşlər keçiririk və bu görüşlər zamanı toplanan imzalar Hacı Mövsüm Səmədovdan xahiş olunur ki, qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməyə razılıq versin. Hələ ki, bu toplanan imzalar onun razılığının verilməsi üçündür. Son seçimi, razılığı, əlbəttə, Islam Partiyasının sədri verəcək.
– Siz eyni zamanda “EL” Hərəkatında təmsil olunursunuz. Hazırda müxalifətin birliyi istiqamətində gərgin danışıqlar gedir. Bu prosesləri necə qiymətləndirirsiniz? Müxalifətin birliyi xalqa nə verə bilər? Gözləntiləriniz nədən ibarətdir?
– Biz əgər həqiqi, müsbət dəyişiklik, Azərbaycanda bütün demokratik insanları bir komandada görmək istəyiriksə, belə birlik çox vacibdir. Hesab edirəm ki, Azərbaycanda dəyişiklik istəyən bütün insanlar birliyin olmasında maraqlıdır. Mənim gözləntilərim çoxdur. Əgər güclü komandanın dolğun, ətraflı proqramı olarsa, biz niyyətlərimizi insanlara təqdim edə biləriksə, xalq bizim reallaşdırmaq istədiklərimizi anlayarsa, millətin ümidsizliyi itər. Məhz belə bir komandanın vasitəsilə müxalifətin namizədinin qələbəsinə nail olmaq mümkündür. Elə “EL” hərəkatının da əsas məqsədi bundan ibarətdir ki, ən birinci belə bir komanda yaranmalıdır. Daha sonra isə namizəd məsələsinin müəyyənləşdirilməsinə keçmək olar. Hazırda cəmiyyətdəki mühiti dəyişmək, inamı qazanmaq müzakirə olunmalıdır. Hazırda müxalifət daxilində də danışıqlar bu istiqamətdə gedir.
Əli Kərimlinin təklifini müsbət dəyərləndiririk
– AXCP sədri Əli Kərimlinin partiya üzvləri ilə keçirdiyi müşavirədə demokratik düşərgəyə birlik çağırışı etməsi geniş ictimai müzakirəyə səbəb olub. Siyasi liderlərə müraciət edən Ə.Kərimli onlara xalqın maraqları naminə siyasi ambisiyalarından əl çəkmələrinin zəruri olduğunu bildirdi. Səslənən təklifi necə dəyərləndirirsiniz?
– Əli Kərimlinin təklifini müsbət dəyərləndiririk. Əslində bu məsələ – milli maraqlar naminə geri çəkilmək vacib amillərdən biridir. Çünki irəli getmək istəyiriksə, mütləq bir addım geri çəkilməliyik. Bundan sonra yarana biləcək birliklə həyata keçirmək istədiyimiz məqsədlərə doğru gedə bilərik. Müxalifətin birləşdiyi Milli Şuranın yaranandan və orada hamının maraqları təmin edildikdən sonra namizədlik məsələsin müzakirə edə bilərik. Təbii ki, fərqli təkliflər də ola bilər. Amma hər halda bunu bir araya gəlib, müzakirə etmək lazımdır. Artıq zamanımız da azdır. Amma bu işdə hamımızın məsuliyyəti var.
– Ümumiyyətlə, siyasi partiyalarla Islam Partiyası arasında birlik istiqamətində, onun həyata keçirilməsi üçün hər hansı bir maneə, problem varmı?
– Təəssüf ki, Azərbaycanda siyasi qüvvələr arasında yaxınlaşma zaman-zaman yalnız seçkilər ərəfəsində olub və o da bir qayda olaraq əməkdaşlıq görüntüsü yaratmaq məqsədi daşıyıb. Həqiqi əməkdaşlıq üçün bu gün Islamçıların da düşüncəsində fərqli cəhət yoxdur. Inanclı kəsim də bu gün vətəndaşlarımıza qarşı yürüdülən təcavüzün, qanunsuzluğun qurbanıdır. Heç bir Islamçı qeyri-demokratik düşüncəyə sahib deyil. Bəlkə də daha artıq demokratdırlar. Sadəcə olaraq dinləmək, ünsiyyətdə olmaq, bu insanları tanımaq lazımdır. Hazırda Islamçıları demokratik düşüncəyə əks görmək yanlışdır. Islamçılar demokratik düşüncəli vətəndaşlarımızın içərisində olublar və hazırda da vardırlar. Demokratik mübarizə bizim də başlıca fəaliyyət amilidir. Biz də ölkənin inkişafı baxımından başqa yol görmürük. Yalnız həqiqi, hüquqi, demokratik dövlət qurulmalıdır. Bu hamımızın arzusudur.
Demokratiyaya çoxdan hazırıq
– Hazırda bir çox islamçı qondarma ittihamlarla həbsdədir. Amma son zamanlar beynəlxalq mətbuatda hakimiyyət barəsində korrupsiya ilə bağlı müxtəlif məlumatlar verilsə də iqtidar bu məlumatlarla bağlı heç bir hesabat vermir. Baxmayaraq ki, offşordakı məlumatlar işıq üzü görən kimi Monqolustanın baş naziri tutduğu postdan istefa verdi. Azərbaycan hakimiyyəti isə heç bir addım atmaq niyyətində deyil?
– Əgər bu gün pul hesabına parlamentə seçilirlərsə, nə gözləmək olar. Parlamentin formalaşdırılması ilə bağlı faktlar meydana gələndən sonra özünə hörmət edən insanlar gərək özləri məsələ qaldıraydı ki, parlament buraxılsın. Xalqın iradəsinə uyğun olaraq parlament formalaşdırılmalıdır. Bu ölkə hüquqi ölkə olsaydı, bu qədər məlumatlara aydınlıq gətirilərdi, istefa mədəniyyəti olardı. Deyilənlər yalandırsa, bu məsələləri təkzib etsinlər. Azərbaycanda isə nə baş verənlərə izahat verilir yazılanlar böhtandır, yalandır, nə də cavabdeh olan məmurlar vəzifələrindən kənarlaşdırılır. Biz təəccüb etməməliyik ki, bu gün Azərbaycanın bölgələrindəki əhali məmur özbaşınalığından, qanunsuzluqdan boğaza yığılıb. Elə bu üzdən də onlar haqları uğrunda mübarizəyə qalxırlar. Və nəticədə insanların hüquqlarını pozanları cəzalandırmaq yerinə vətəndaşların özlərini zindana salırlarsa, baş verənlərə təəccüblənməyə dəyməz.
– Hakimiyyət təmsilçiləri tez-tez belə bir “arqumenti” də dillərinə gətirirlər ki, Azərbaycan cəmiyyəti demokratiyaya, dəyişikliklərə hazır deyil. Siz, Azərbaycan toplumunun dəyişikliklərə, demokratiyaya hazır olduğunu düşünürsünüzmü?
– Azərbaycan xalqı demokratiyaya çoxdan hazırdır. Sadəcə olaraq hakimiyyət buna hazır deyil.
Hakimiyyət hazırda yalnız zora söykənib
– Bəzən hazırda ölkədə yaranmış durumu, xalqla demokratik düşərgənin eyni mövqedən çıxış etməsini 90-cı illərlə müqayisə edirlər. Siz bu müqayisəni necə dəyərləndirirsiniz?
– O zaman da müəyyən idarəetmə formasının cəmiyyət üçün yetərli olmadığı ortada idi. Təbii ki, gedən proseslər də ümumilikdə bir Xalq hərəkatını təmsil edirdi. Dünyada gedən oyanış prosesi bir ölkəni əhatə etməklə, digərindən yan keçə bilməz. Bu tarixi bir prosesdir və Azərbaycanın da onlara daxil olması qaçılmazdır. Amma zaman və insanlar dəyişir. Oxşar hadisələr ola bilər. Lakin bu günlər nə beynəlxalq aləmin Azərbaycanda baş verənlərə münasibəti eynidir, nə də ki, hazırda mövcud olan siyasi partiyalar 90-cı ildə var idi. Eyni zamanda bu gün az və zəif də olsa demokratik təsisatlar da mövcuddur. Mübarizə aparmaq üçün Azərbaycanda bu gün hüquqi müstəvi olmamasına baxmayaraq, hazırkı situasiya xeylaq fərqlidir.
– Hakimiyyətin regionlarda müxalifət partiyaların toplaşmasına imkan yaratmaması artıq adi hala çevrilib. Iqtidar vətəndaşların şəxsi evlərinə soxularaq, hətta evlərdə keçirilən tədbirlərə belə müdaxilə edilər. Bu cür hal nədən xəbər verir?
– Bu onu göstərir ki, Azərbaycanda Konstitusiyanın tələblərini pozanlar məhz onun qorunmasına, tələblərini yerinə yetirməyə cavabdeh olanlardır. Demokratiya qanunların aliliyinin təmin olunduğu ölkələrdə olur. Azərbaycanda bu qədər qanunlara riayət olunmaması halları varsa, insanların mülkiyyət hüququ tanınmırsa, bütün bunlar vətəndaşlarımızı normal dövlət quruculuğu istiqamətində yollar axtarmağa vadar edir. Ölkədə hüquqi dövlət olsa, qeyri-qanuni qadağalar ola bilməz. Baş verənlər göstərir ki, ölkədə idarəetmənin yolları qurtarıb və yalnız zora söykənərək, insanların fəaliyyətlərini məhdudlaşdırmağa üstünlük verilir. Amma hakimiyyət öz siyasətini, davranışlarını əvvəlki qaydada həyata keçirə bilməyəcək.
Bu cür idarəçilik heç bir yerdə təkrarlanmır
– Hakimiyyətin apardığı daha bir təbliğat onların heç bir alternativinin olmadığı ilə bağlıdır. Iqtidar təmsilçiləri bəyan edir ki, xalqda hazırkı rejimə böyük rəğbət var. Bu həqiqətənmi belədir və normal seçki keçirilsə, hakimiyyətin namizədinin orada uğur qazanmaq şansı nə dərəcədə olardı?
– Hakimiyyət düz deyir. Antidemokratik seçki keçirməkdə, qanunları pozmaqda həqiqətən də bunların alternativi yoxdur. Böhtan, şər, sifarişli məhkəmədə bu hakimiyyətin tayı-bərabəri yoxdur. Bu cür idarəçilik heç bir yerdə təkrarlanmır. Amma bu gün Azərbaycanda demokratik seçkilər keçirilərsə, hesab etmirəm ki, 95 faiz – yəni haqqı tapdanan insanlar bu hakimiyyətin əleyhinə səsverəcəklər.
– Təhsil naziri vəzifəsindən uzaqlaşdırılandan sonra bu sahədə ciddi islahatların keçiriləcəyinə inanırsınızmı? Hazırda təhsilimizi narahat edən problemləri belə dəyişikliklər reallaşdırmaqla çözmək mümkündürmü? Çünki bir qayda olaraq hakimiyyətin oxşar dəyişikliklərinin bir nəticə verməməsinin şahidi olmuşuq…
– Vaxtilə 90-cı ildə də mübarizə yalnız fərdlərin dəyişdirilməsi üçün deyildi. Yəni fərdə qarşı mübarizə aparılmırdı. Mübarizə ümumilikdə demokratik dəyişikliklər uğrunda idi. Hazırda da Azərbaycanda bir fərdin dəyişdirilməsi heç nəyi həll etmir. Bir fərdin dəyişməyi ilə o struktur, o idarəetmə siyasəti dəyişmir. Əvvəlki idarəçilik fəlsəfəsi strukturun başında dayananın dəyişməsinə rəğmən davam edir. Ona görə cəmiyyəti narahat edən problemlərin həlli əsaslı demokratik islahatlardan keçir. Görüntü xatirinə kimisə dəyişmək vəziyyətdən çıxış yolu deyil.
Xəyal


