İsmayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqubluya əlavə ittiham irəli sürülüb. Məlumatı “Media forum” saytına vəkil Akif Əlizadə verib.
Vəkil aprelin 26-da Tofiq Yaqublu ilə görüşüb: “Tofiq bəyi indiyədək Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham edirdilər. Aprelin 26-da müstəntiqlə birlikdə Bakı İstintaq Təcridxanasına getdik. Müstəntiq dedi ki, əlavə ittiham irəli sürüləcək. Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verildi və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürüldü. Bu, daha ağır ittihamdır. Çünki 233-cü maddə ictimai qaydanın pozulması hərəkətlərində iştirakı nəzərdə tuturdusa, 220.1-ci maddə kütləvi zorakılığın törədilməsi ittihamıdır. Bu maddə dörd ildən on iki ilədək həbs nəzərdə tutur. Məndə olan məlumata görə, yeni ittiham İsmayıllı hadisələrində təqsirləndirilən bütün şəxslərə elan olunub”.
Akif Əlizadə qeyd edib ki, Tofiq Yaqublu yeni ittiham üzrə dindirilib: “O, bütün bunları inkar etdi, hər hansı kütləvi iğtişaşda, ictimai qaydanı pozan hərəkətlərdə iştirak etmədiyini söylədi. Ona verilən bütün ittihamlar saxtadır. Tofiq bəy ittihamın əksini sübut edən ifadə verdi, dəlillər, arqumentlər ortaya qoydu, özünü günahkar bilmədiyini dedi. Mən də hesab edirəm ki, bu, əsassız bir ittihamdır. İttiham qərarında elə məsələlər yazılıb ki, onların Tofiq Yaqubluya heç bir aidiyyəti yoxdur. İsmayıllıda kütləvi iğtişaş baş verib, insanların əmlakı yandırılıb, məhv edilib, zədələnib. Guya Tofiq bəy insanları belə hərəkətlər etməyə təhrik edib, onları nəyisə yandırmağa, daş atmağa çağırıb. Amma bunun heç bir əsası yoxdur, bunları təsdiqləyən sübut ortaya qoymayıb. Çünki o, İsmayıllıya hadisələr baş verəndən sonra “Yeni Müsavat” qəzetinin əməkdaşı, jurnalist kimi gedib. Bu səfər baş vermiş hadisələrin araşdırılması məqsədi ilə həyata keçirilib. Özü də Tofiq Yaqublu İsmayıllıya öz qərarı ilə deyil, işlədiyi qəzetin rəhbərliyinin ezamiyyət vərəqəsi ilə gedib. Əksinə, Tofiq bəyə qarşı qanunsuzluq törədilib, onun jurnalist kimi fəaliyyətini həyata keçirməsinə imkan verilməyib. Çox qısa zamanda orada olub, sonra zorla geri qaytarılıb. Orada hər hanası hərəkətdə iştirak etməyib, heç kimi görməyib. Biz bu ittihamların əsassız olduğunu həm istintaqda, həm də məhkəmədə sübut edəcəyik”.