“Siyavuş Novruzova ancaq idmandan sual verilməlidir”

Eldar Namazov: «Siyasətdən nə başı çıxır ki, ciddi suallarla onu sıxışdırırlar»

YAP icra katibinin müavini Siyavuş Novruzov növbəti dəfə “El” Hərəkatı və onun təmsilçilərinin ünvanına təhqirlər yağdırıb. Trend-ə müsahibəsində S.Novruzov bu hərəkatı klub adlandırıb, onun bütün üzvlərini bir yerdə Azərbaycanda bir “JEK” müdirinə dəymədiyini bildirib: “Hərəkatın arxasında xalq qüvvələri durur.
”El”də isə ordan-burdan qovulmuşlar, Rusiyanın agentləri, Azərbaycanda üç adamın yanında hörməti olmayan, yararsız rejissorlar, heç bir yerdə özünə yer qazana bilməyən adamlar toplaşıb. Onların hamısı bir yerdə Azərbaycanda bir “JEK” müdirinə dəyməzlər. Yəni bir “JEK” müdiri “El” hərəkatına yığışanları necə lazımdır idarə edər”. Açıqlamasında hərəkatın rəhbəri Eldar Namazovu da hədəfə alan S.Novruzov onu Rusiyanın agenti adlandırıb: “Eldar Namazov, oradan-ora qovulur, buradan-bura. Rusiyanın agentidir. ”El” layihəsi də Rusiyanın bir layihəsi idi, amma gördülər ki, mənasızdır. Bunlar hamısı şoudur, seçki ərəfəsi olan məsələlərdir. Ona görə heç bir perspektivləri yoxdur, bir az gəzişəcəklər, orda-burda danışacaqlar, oturacaqlar, duracaqlar, bununla da yekunlaşacaq”.
Eldar Namazov isə “Azadlıq”a açıqlamasında S.Novruzovun fikirlərinin həmişəki kimi gülüş doğurduğunu deyib. Onun sözlərinə görə, jurnalistlər S.Novruzova siyasətlə bağlı ciddi suallar verib sıxışdırmamalıdılar. Ona ancaq bildiyi sahədən – idmandan sual verməlidilər: “Siyavuş Novruzov siyasətə kənd məktəbində bədən tərbiyəsi müəllimliyindən gəlib. Mən istəməzdim ki, jurnalistlər onu qəliz siyasi suallarla sıxışdırsınlar. Bu, onun sahəsi deyil. Ona Rüstəm Ibrahimbəyovdan, hansısa siyasi hərəkatlardan suallar verirlər. O da bu sahədə savada malik olmadığına görə ağlına gələni danışır. Siyavuş Novruzovdan məzmunlu cavab istəyirsinizsə, bildiyi sahədən suallar verin. Turnikdə fırlanmaq, dombalaq aşmaq və s. Çətin suallarla bu adamı yormayın”.