Şahtaxtından olan bir qrup ziyalı həmkəndliləri, jurnalist Yafəz Əkrəmoğlunun müdafiəsinə qalxdı
Şahtaxtından olan bir qrup ziyalı jurnalist Yafəz Əkrəmoğluna qarşı aparılan çirkin kampaniyaya etirazlarını bildiriblər. Ziyalılar son dövrlər iqtidaryönlü mətbuatda, xüsusilə Naxçıvanın rəsmi orqanı olan “Şərq qapısı”, “Səs” qəzetlərində, Lent.az xəbər portalında və digər mətbuat orqanlarında “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəm oğlu Həsənovun əleyhinə sifarişli yazılara etiraz edirlər.
Onlar “Şərq qapısı” qəzetinin 23 aprel 2013-cü il tarixli sayında dərc olunan “Fərari və talançılar necə ”əsgərsevər” oldular?” başlıqlı yazını oxuduqdan sonra Yafəz Həsənovu yaxından tanıyan ziyalılar kimi cavab vermək qərarına gəldiklərini vurğulayırlar. Həmin yazıda Yafəz Əkrəmoğlu fərari, cinayətkar və əxlaqsız kimi kimi qələmə verilir. Həmin ittihamlara cavab olaraq ziyalılar yazır:
“Yafəz Həsənov ziyalı ailəsində doğulub və uşaq yaşlarından öz əxlaqı ilə Şahtaxtı kəndində hər zaman seçilib. Ona fərari damğası vurmaq istəyənlərin nəzərinə çatdırırıq ki, Yafəz Həsənov çox vətənpərvərdir və bu böhtanlar ona yapışmaz. Bu müraciəti edənlərin bəziləri vaxtilə orta məktəbdə Yafəz Həsənova dərs deyənlərdi. Ona görə də onun xarakterinə yaxından bələd olan ziyalılar kimi deyə bilərik ki, o vətənpərvər bir şəxsdir. Onun vətənpərvərliyi və mərdliyi jurnalist fəaliyyətində də özünü göstərir. Görünür, bunu qəbul edə bilməyənlər və onu susdura bilməyənlər çıxış yolunu böhtan atmaqda görürürlər. Yafəz Həsənov gənc yaşlarından milli hərəkata qoşularaq vətənin azadlığı, daha sonra demokratiya uğrunda mübarizə aparıb. O, müharibə illərində döyüş bölgəsi olan Naxçıvanda 4 ilə yaxın hərbi xidmətdə olub. Onu fərari sayanların özləri, yaxud övladları nəinki döyüş bölgəsi, ümumiyyətlə, əsgərlik üzü görməyən harınlamışlardı. Yafəz Həsənovun düz sözü ilə razılaşmayanlar onu həm də həbsdə olan cinayətkar kimi təqdim etmək istəyirlər. Bəli, Yafəz Həsənov həbsdə olub, həm də bir dəfə yox, bir neçə dəfə qısamüddətli və uzunmüddətli. Bu həbslər hakimiyyətin siyasi sifarişlə olub. 1993-1994-cü illərdə, Naxçıvanda bütün vətənpərvər insanları ucdantutma müxtəlif ittihamlarla həbs etməyə başladılar. Həmin dövrdə Yafəz Həsənov da odlu silahla iğtişaşa cəhd kimi çox gülünc bir ittihamla uzun müddət həbsdə oldu. Ittiham o qədər absurd idi ki, sonradan özlərinə haqq qazandırmaq üçün onu başqa bir saxta ittihamla əvəz etdilər. Sonra bunu da sübuta yetirə bilmədilər. Biz hesab edirik ki, cinayətkar Yafəz Həsənov yox, onu dəfələrlə əsassız olaraq həbsdə saxlayan indiki rejimdir.
“Şərq qapısı” qəzeti Yafəz Həsənovu həm də savadı olmayan jurnalist kimi qələmə verməyə çalışıb. Necə olur ki, XXI əsrə “iks-iks el əsri” deyən Vasif Talıbov Naxçıvanda rəhbər ola bilər, ixtisası mühəndis olan Yafəz Həsənov jurnalist işləyə bilməz.
Şahtaxtı ziyalılar kəndi kimi dünyaya səs salıb. Biz Yafəz Həsənovla həmkəndli olmağımızla fəxr edirik. Fəxr edirik ki, o, Naxçıvanda baş verən özbaşınalıq və hakimiyyətin törətdiyi cinayətləri cəsarətlə Azərbaycanın və dünyanın diqqətinə çatdıra bilir. Müraciət edən bizlərin əksəriyyəti Naxçıvandakı qəddar rejimin əlində qaçıb Bakıya sığınanlarıq. Biz, hakimiyyət tərəfindən Yafəz Həsənova qarşı aparılan böhtan kampaniyasının dayandırılmasını tələb edirik. Burdan bəyan edirik ki, Şahtaxtı ziyalıları, sakinləri həmişə haqqın tərəfində olub və olacaqlar”.


