Yalandan “yalan danışmışdım” deyir…

“Mənə pul, ev və xaricdə sığınacaq vəd etdi və mən də Bakıya gəlib mətbuat konfransı keçirərək Naxçıvan haqda yalanlar söylədim. Özümə edilən təzyiqlərdən danışdım” – bu sözləri “Səs” və “Lider” telekanallarının hazırladığı və yaydığı videosüjetdə muxtar respublikanın Nehrəm kənd sakini Əşrəf Həsənov deyir. 
Bir az əvvəl üzləşdiyi zülmlərdən danışmaq üçün Bakıya – jurnalistlərə pənah gətirən ahıl yaşlı Əşrəf kişiyə “pul, ev və xaricdə sığınacaq vəd verən” isə, onun dediyinə görə, “Azadlıq” radiosunun müxbiri Yafəz Əkrəmoğludur. Xatırladım ki, Yafəzin öz evi yoxdur, ucuz olsun deyə Bakı ətrafında kirayədə yaşayır. Son vaxtlar təqiblərə tuş gələn bu jurnalistə qarşı iddiaların haradan gəldiyi, nə məqsəd daşıdığı da məlumdur, amma bir şey sual doğurmaya bilməz…
Bəs nə əcəb yalan danışdığını etiraf edir bir insan? Vicdanımı ağrıyıb bu Əşrəf dayının? Əgər bunlar vicdan ağrısına görədirsə, “pul, ev və xaricdə sığınacaq” naminə niyə yalan danışırdı? Onda vicdanı yox idimi?
Amma Əşrəf kişi özünü necə dolaşdırdığının fərqində deyil. Birincisi, pul və ev vədi qarşılığında böhtan danışmaq, yalan söyləmək təkcə mənəvi problem deyil, qanunsuz hərəkətdir, cinayət sayıla bilər. Ikincisi, əvvəl danışdıqlarını “pul, ev və xaricdən sığınacaq” marağına görə yalandan deyibsə, onun indi də başqa vədlərə görə yalan danışmadığına kimsə zəmanət verə bilməz. Üçüncüsü, jurnalistə böhtan atmaq özü də cinayətdir…
Əşrəf kişi doğrudan da özünü bərk dolaşdırıb. Həm deyir Yafəz ona ev vəd verib, həm də xaricdə sığınacaq. Xaricdə sığınacaq vəd edilirsə, Bakıda ev lazım olmur. Ikisindən biri olmalıdır. Digər tərəfdən, onun o zaman danışdıqları nə qədər qeyri-adi, nə qədər özəldir ki, ona bu qədər dəyərli vədlər verilib – “pul, ev və xaricdə sığınacaq?”. Naxçıvanda haqsızlıq olduğunu deyən bir deyil, iki deyil. Üstəlik, orada insan haqlarının durumunun ağır olması da təzə söhbət deyil, ən mötəbər hesabatlarda var və Əşrəf Həsənovun dediklərindən də daha sərt şəkildə. Onun danışıb-danışmaması prinsipal olaraq nəyisə dəyişmir.
Amma… “məni Yafəz öyrətdi və mənə pul, ev və xaricdə sığınacaq vəd etdi” deyən Əşrəf kişi özünün indi yalan danışdığını sübut edən başqa bir məqamı unudub. Unudub ki, o, bu sözləri təkcə Yafəzə deməyib. Yanvarın 31-də “Turan” informasiya agentliyi belə xəbər yayıb:
“Saat 15.30 radələrində mülki geyimli bir qrup şəxs Naxçıvanın Nehrəm kənd sakini Əşrəf Həsənovun həyətinə girərək, onu oğurlamağa çalışıblar. Bu barədə ”Turan”a Həsənov özü bildirib.ÿ
“Bir neçə saat əvvəl mənə özünü MTN Babək şöbəsinin əməkdaşı kimi təqdim edən bir nəfər zəng etdi və rəisin yanına gəlməyimi tələb etdi. Bunun səbəbi ilə bağlı sualıma cavabda zəng edən şəxs soruşmamağı, oraya gəlməyi tələb etdi. Mən imtina etdim və iki saat sonra 10-12 nəfər evimə hücum edərək, məni zorla tutub aparmaq istədilər”, deyə Həsənov bildirib”.
Xəbərdə qeyd edilən hadisə Əşrəf Həsənovun Bakıda keçirdiyi mətbuat konfransından bir həftə sonra baş vermişdi. Maraqlıdır ki, onun həyat yoldaşı da bunu təsdiq edib: “Naməlum şəxs qapını döydü, nə istədiyini soruşdum, o, həyat yoldaşımı aparmağa gəldiyini bildirdi. Başa düşdüm ki, onu həbs etmək istəyirlər və səs-küy qaldırdım. Bu zaman bir neçə nəfər hasardan atlayaraq məni və nəvələrimi yıxdılar. Onlar evə girməyə çalışdılar, amma səs-küyə qonşular gəldilər”.
Bu sözləri Yafəz yaymayıb, Əşrəf kişi də deməyib, onun həyat yoldaşı başqa bir KIV-ə söyləyib. Ən başlıcası odur ki, yalan olsaydı, qonşuların səs-küyə gəldiyini deməzdi…
Internetdə qısaca axtarış versək görəcəyik ki, hələ ötən il Əşrəf Həsənov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindən şikayət etmişdi və xəstəxana rəhbərliyi isə onun 42 manatının geri qaytarıldığını təsdiq etmişdi. Xəstəxana rəhbərliyini də Yafəz öyrətməmişdi ki?!
Bir sözlə, Əşrəf kişini pis dolaşdırıblar. Indi də yalandan “o zaman yalan danışmışdım” deyir…