cex-nazir

Çex nazir Əliyevlərin üzr istəyini rədd etdi

cex-nazir“Əliyevlər ailə diktaturasıdır” sözlərimə görə üzr istəməyim üçün Bakıdan mesajlar aldım”

Çex Respublikasının Xarici İşlər naziri Karel Schwarzenberg bu yaxınlarda Azərbaycan hakimiyyətinə qarşı səsləndirdiyi tənqidi fikirlərinə görə üzr istəmək fikrində olmadığını deyib. Nazir Schwarzenberg çıxışında demişdi ki, “Əliyevlər hakimiyyəti uzun illərdir öz xalqını əzən qatı ailə diktaturasıdır”. O həmçinin əlavə edib ki, Qərb bu ölkədə insan haqları pozuntularına göz yummamalıdır.
Çex mediasının yazdığına görə, Karel Schwarzenberg bildirir ki, Bakıdan bu sözlərinə görə üzr istəməsi barədə mesajlar alıb. Ona çatdırıblar ki, üzr istəməsə, çoxdandır gözlənən Bakı səfəri ümumiyyətlə baş tutmaya bilər.

Bakı isə cənab Schwarzenberg-in bu fikirlərini “Xarici İşlər naziri statusuna uyğun olmayan ifadələr” adlandırır. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirir ki, Çex nazirin sözləri onlarda təəccüb və anlaşılmazlıq doğurub: “İki ölkə arasında əlaqələrin dinamikası artıb, prezidentlər səviyyəsində səfərlər mübadiləsi aparılıb, əməkdaşlıq genişdir. Belə bir münasibətlər fonunda bu cür əsassız və məsuliyyətdən uzaq ifadələrin səsləndirilməsi ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil”.
Azərbaycanın Bakıya səfər üçün Schwarzenberg-ə üzr istəmək şərti qoyması barədə suala cavabında Elman Abdullayev bunları deyir: “Hələ Azərbaycana qarşı əsassız fikirlərini səsləndirəndə Xarici İşlər Nazirliyi adından açıqlama verdik. Ordada da aydın şəkildə göstərdik ki, belə ifadələrin səsləndirilməsi birmənalı şəkildə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrdəmənfi şəkildə öz əksini tapıb”.

“Azadlıq” radiosu