İP Koordinasiya Şurası toplandı

Toplantıda hakimiyyətin müxalifətə qarşı artan təzyiqləri, əsgər ölümləri müzakirə olunub

Dünən Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib. Koordinasiya Şurasının dönəm sədri Əli Kərimlinin verdiyi məlumata görə, iclasda bir sıra məsələlərə baxılıb. Ictimai Palatanın üzvü Vidadi Isgəndərlinin əsassız həbsi hakimiyyətin hüquq müdafiəçisinə qarşı təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirilib. Vidadi Isgəndərliyə qarşı təzyiqlərin dayandırılması tələb olunub.
Koordinasiya Şurası həmçinin ötən həftənin sonunda Sabirabadda müşavirə keçirən AXCP üzvlərinə qarşı polis zorakılığını pisləyib: “Bu hadisə onu göstərdi ki, hətta müxalifət fəalları öz həyətlərində toplantı keçirən zaman da onların toplantılarına müdaxilələr olur. Sabirabadda keçirilən toplantı ilə bağlı baş verənlər növbəti müdaxilədir. Bundan əvvəl də Ağstafada AXCP funksionerlərinə müşavirə keçirməyə imkan verməmişdilər”.
Əli Kərimlinin sözlərinə görə, Koordinasiya Şurası Şəkidə baş verən hadisələri də müzakirə edib: “Mənim Şəkiyə getmək planım olmadığı halda, sadəcə, ora gedəcəyim haqda şayiə yayıldığına görə öyrədilmiş adamları kəndlərdən yığıb gətiriblər, yerli müxalifətçilərə təzyiqlər olub. Bu da onu göstərir ki, hakimiyyət müxalifətçilərin regionlara səfərlərinin qarşısını almaq üçün hansı iyrənc üsullardan istifadə edir. Koordinasiya Şurası regionlarda insanların qarşı-qarşıya qoyulmasını pisləyib”.
Koordinasiya Şurası əsgər ölümləri məsələsini də müzakirə edib. Əsgər ölümləri pislənilməklə yanaşı, hakimiyyətin, o cümlədən dövlət başçısının bu sahədə vəziyyətin yaxşılaşması üçün yetərincə səy göstərmədiyi qeyd olunub.

İnformasiya şöbəsi