Haqqın yoxdur!
Seçkiyə qalan bir neçə ay ərzində ölkədə, eyni zamanda dünyada Azərbaycanla bağlı ciddi kataklizmlər baş verməsə, ölkə başçısı Ilham Əliyev 2013-cü ilin prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcək. Zatən bu qərar 2009-cu ildə saxta referendum təşkil edildiyində – Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident olmasına qadağa qoyan maddə ləğv edildiyində artıq verilmişdi. Konstitusiyaya bu antidemokratik dəyişiklik yerli və xarici siyasətçilər, həmçinin ekspertler tərəfindən çox ciddi arqumentlərlə tənqid edildi. Açıq-aydın dünyəvi, demokratik prinsiplərə və ənənələrə zidd olan bu dəyişiklik artıq hüquqi qüvvə daşıyır və Ilham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyi irəli sürməsi üçün heç bir hüquqi maneə yoxdur. Bununla belə hesab edirəm ki, onun üçüncü dəfə namizədliyini verməyə haqqı yoxdur. Heç də ona görə yox ki, bu hakimiyyət iliyinə qədər korrupsiyalaşıb. Hesab edək ki, bu ölkədə korrupsiya yoxdur, ölkə başçısı özü də başda olmaqla komandası ilə birlikdə korrupsionerlərə və rüşvətxorlara göz açdırmır. Dubay mülkləri, Çovdar qızıl yatağı, ölkədən çıxarılmış 48 milyard, xaricdə alınmış saysız-hesabsız daşınmaz əmlaklar və s. haqqında danışılanlar, yazılanlar yalandır, ortaya qoyulmuş sənədlər saxtadır. Ölkə başçısı və onun ailəsi gündə bir xurma ilə keçinir. Fərz edək ki, bu ölkədə hüquq-mühafizə orqanları kriminallaşmayıb, iqtidarın siyasi qətllərdə və adam oğurluqlarında əli yoxdur, məhkəmələr tam müstəqildir və ədalətli qərarlar çıxarırlar. Onu da fərz edək ki, indiyədək keçirilmiş bütün seçkilər ədalətli və şəffaf olub, onların hamısında YAP qalib gəlib. Elə təsəvvür edək ki, siyasi partiyalara və müstəqil mətbuata heç bir basqı yoxdur. Bütün müxalifət partiyalarının qərargahları var, istədikləri vaxt Respublika Sarayında öz tədbirlərini keçirə bilərlər. Ölkə televiziyasında, xüsusən də AzTV və ITV-də üərkləri istədikləri qədər danışa bilirlər. Müxalif siyasətçilər ölkənin istənilən bölgəsinə gedib üzvləri və əhali ilə rahatca görüşlər keçirir, hakimiyyəti tənqid edirlər. Bir-iki qanunla qadağan edilmiş yerlərdən başqa Bakının istənilən meydanında mitinq təşkil edirlər. Azad mətbuat, ölkə başçısı da daxil olmaqla istənilən məmuru sərbəstcə tənqid edir və buna görə onlara gözün üstə qaşın var deyən olmur. Nə qədər çətin olsa da, fantaziyamıza güc verərək onu da təsəvvür edək ki, ölkədə işsizlik yerli-dibli aradan qaldırılıb, əhali, xüsusən də dövlət işində işləyənlər aldıqları maaşdan yerdən-göyədək razıdırlar. Azad sahibklarlıq üçün elə şərait yaradılıb ki, hətta avropalılar öz hökumətlərinə Azərbaycanı nümunə göstərirlər. Inhisarçılığın nə olduğunu iş adamları ancaq kitabdan öyrənirlər. Zülfüqarlı qardaşlarının mülklərinin əlindən alınması hadisəsi ümumiyyətlə baş verməyib. Beləliklə, nə qədər çətin olsa da ölkədəki durumla bağlı iqtidarın xeyrinə olacaq şeylər fikirləşək və onları reallıq kimi qəbul edək. Hətta faktiki olaraq belə olmuş olsa belə, yenə də Ilham Əliyevin üçüncü dəfə prezidentlıiyə iddialı olmağa haqqı çatmır. Niyə? Deyim, siz də qulaq asın. Bu ölkənin bir nömrəli problemi Qarabağ problemidir, daha doğru desək, işğal olunmuş ərazilərimizin azad olunması məsələsidir. Əvvəla onu nəzərə alaq ki, torpaqlarımızı məhz bu hakimiyyət düşmənə təhvil verib. 20 ildə bir qarış da olsa ərazimiz azad edilməyib. 20 illik YAP hakimiyyətinin son on ili Ilham Əliyevin payına düşür. Əslində hələ 2003-cü ildə prezidentliyə namizədliyini irəli sürmüş Ilham Əliyev bir prezidentlik müddətində Qarabağla bağlı seçicilərə konkret söz verməli idi. Deməli idi ki, bir prezidentlik müddətində Azərbaycan üçün şərəfli və sərfəli sülhə nail olacaq. Əgər bunu bacarmasam, ikinci dəfə prezidentliyə iddialı olmayacam. Amma Ilham Əliyev ikinci dəfə də prezident oldu və bu müddət ərzində də Qarabağ probleminin həllində nəinki heç bir irəliləyiş olmadı, əksinə vəziyyət bir az da ümidsizləşdi. O, indi də üçüncü müddət prezidentliyə can atır. Hansı haqla və üzlə? Bunun bir sonu olacaq, ya yox? Nəzərə almaq lazımdır ki, ötən hər gün bizi Qarabağdan və onu qaytarmaq şanslarından bir az da uzaqlaşdırır. Iş o yerə çatıb ki, daha YAP-çılar bayramlarda “Inşaallah, növbəti il bu bayramı Şuşada keçirəcəyik” deyimini də aradan qaldırıblar. “Lazım gəlsə, torpaqlarımızı hər an azad etməyə gedərik” şüarı indi ölkədə ən geniş yayılmış lətifələrdəndir. Məgər lazım deyil? Beş illik prezidentlik müddəti ona görə müəyyənləşdirilib ki, hakimiyyətə gəlmiş şəxs bu müddət ərzində müəyyən planları və proqramları həyata keçirə bilsin. 1999-cu ildən bu yana düz 4 belə 5 illik müddət keçib. Amma Qarabağdan hələ də səs-soraq yoxdur. Bu gedişlə əminəm ki, Ilham Əliyev on dəfə də prezident olsa, Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq. Odur ki, səmimi olaraq var qüvvəsi ilə çalışdıqdan sonra bir nəticə qoya bilmədinsə, deməli kənara çəkilməlisən. Hətta xalq həqiqətən də, sənin yenindən prezident olmağını tələb etsə belə, “məni üzürlü sayın, bacarmadım” deməyi bacarmaq lazımdır. Yoxsa yerdən qaynayan və müştərisi qapının ağzında gözləyən nefti satıb sağa-sola xərcləməyi kim bacarmaz ki? Elə bir neft ölkəsi varmı ki, o neftini satmağı bacarmasın? Odur ki, deyirəm, Ilham Əliyevin bir daha prezident kürsüsünə iddialı olmağa haqqı yoxdur!