Bundan sonra DUI-də 2 partiya – Azadlıq və Milli Qurtuluş partiyaları fəaliyyətini davam etdirəcək
Dünən Demokratiya Uğrunda Ittifaqın Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. Yayılan məlumatlara görə, toplantıda Böyük Azərbaycan Partiyası Siyasi Şurasının partiyanın Demokratiya Uğrunda Ittifaqda fəaliyyətinə xitam verilməsi qərarı müzakirə edilib. Demokratiya Uğrunda Ittifaqın fəaliyyətinə xitam verilməsi, buraxılması təklifi geniş müzakirə edilib. Böyük Azərbaycan Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası ümumiyyətlə, Demokratiya Uğrunda Ittifaqın fəaliyyətinə xitam verilməsi təklifi ilə çıxış ediblər.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Azadlıq”a açıqlamasında bildirdi ki, təşkilatlarının Siyasi Şurası bu həftənin birinci günü DUI-dəki fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib. E.Musayevin sözlərinə görə, bu barədə informasiya DUI-nin toplantısında səsləndirildikdən sonra KXCP sədri Mirmahmud Mirəlioğlu ümumiyyətlə, DUI-nin fəaliyyətinin dayandırılmasını müzakirəyə təqdim edib: “Mirmahmud bəyin təklifindən sonra yeni situasiya yarandı. Ona görə də iki partiyanın fəaliyyətini DUI-də dayandırması qurumun fəaliyyətinin dayandırılması kimi dəyərləndirildi. Amma Milli Qurtuluş və ”Azadlıq” Partiyaları DUI-dəki fəaliyyətlərini davam etdirməyi məqsədəuyğun saydılar”. DUI-dəki fəaliyyətin dayandırılmasının səbəblərinə gəlincə, E.Musayev bildirdi ki, bu qərara partiyanın Siyasi Şurası ölkədəki mövcud situasiyanı dəyərləndirdikdən sonra gəlib.
“Mirmahmud Mirəlioğlu yalan deyir, Demokratiya Uğrunda Ittifaq dağılmayıb”. Bu açıqlamanı isə APA-ya “Azadlıq” Partiyasının sədri Əhməd Oruc verib. O, bildirib ki, DUI-də 2 partiya – Azadlıq və Milli Qurtuluş partiyaları öz fəaliyyətini davam etdirir. Ə.Oruc deyib ki, KXCP sədri bir neçə gün öncə DUI-də təmsil olunan partiyaların xəbəri olmadan bu qurumun qərarının əleyhinə addım atıb: “Ötən həftə KXCP DUI-nin qərarının əksinə olaraq Ictimai Palatada təmsil olunmaq haqda qərar verib və Ədalət Yusubovu təmsilçi təyin edib. Bu, görünməmiş bir şeydir. Ondan mövqeyini qətiləşdirməsini istədikdə DUI-nin fəaliyyətinə xitam verilməsi təklifi ilə çıxış etdi. Biz isə DUI-nin buraxılmasının tərəfdarı olmadığımızı və çıxmaq istəyirsə, qərar verməsini xahiş etdik. Mirmahmud Mirəlioğlu DUI-nin qərarını pozduqlarına görə KXCP-nin DUI-dən çıxarılacağından ehtiyatlandığından bu açıqlamanı verib”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, DUI təsisçilərin razılığı ilə fəaliyyətini dayandırıb: “BAP Siyasi Şurasının DUI-də fəaliyyətlərinə xitam verilməsi ilə bağlı qərarları var idi. Onu müzakirə etdik və müsbət qiymətləndirdik və biz də onlara dəstək verdik. Bundan sonra DUI-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələni iki gün müzakirə etdik. Bu qənaətə gəldik ki, DUI-nin fəaliyyətinə xitam verək”.
DUI-nin fəaliyyətinə xitam verilməsi məsələsinin gündəmə birdən-birə gəlmədiyini də deyən M.Mirəlioğlu bununla bağlı ilin əvvəlindən müzakirələrin aparıldığını söyləyib. M.Mirəlioğlu DUI-də ikitərəfli əməkdaşlığın davam edəcəyini də qeyd edib: “KXCP-nin Ictimai Palatada təmsilçiliyi məsələsi də bitib. Ictimai Palatada təmsil olunan partiya üzvlərinin təmsilçisi kimi isə KXCP-dən Ədalət Yusubovu təyin etmişik. Bundan sonra hansısa birliyin yaradılması da gündəmdə deyil”.
Xəyal