«Texnikabank»ın Yasamal filialının müdirini MTN-də infarkt vurub
«Bu iş üzrə həbs olunanlarla bağlı hər hansı arzuolunmaz hal yaşansa, məsuliyyət məhkəmənin üzərində qalacaq»
“Texnikabank” işi üzrə həbs olunan şəxslərdən biri – bankın Yasamal filialının müdiri olmuş Azər Cəfərli Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında infarkt keçirib. Vəziyyəti kəskin ağırlaşan Azər Cəfərli Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə dünən “Texnikabank” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub.
Qeyd edək ki, bu iş üzrə 25 nəfər mühakimə olunur, onlardan da 6-sı həbsdədir. Həbsdə saxlanılanlar arasında AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov da var.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Azər Cəfərlinin başına gələnlər barədə məlumat veriləndən sonra vəkillər həyəcan təbili çalıblar. Azər Cəfərlinin vəkili Əkbər Bağırov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, bu vəziyyətdə Azər Cəfərlinin həbsdə saxlanılması onun həyatına açıq-aşkar təhlükədir.
Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyev də bənzər vəsatətlə çıxış edib. Vəkil bildirib ki, dağınıq skleroz kimi çox ciddi xəstəlikdən əziyyət çəkən Elnur Seyidov 13 aydır həbsdədir. Onun durumunun ağırlığını sübut edən kifayət qədər tibbi rəylər istintaqa təqdim olunsa da, nə barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib, nə də müayinə və müalicəsinə imkan yaradılıb. Müdafiəçinin sözlərinə görə, qanun dustağın, hətta özünün istədiyi müalicə müəssisəsində müayinə və müalicəsinə icazə verir. Elnur Seyidov isə nəinki öz istədiyi müalicə müəssisəsində, heç saxlanıldığı istintaq təcridxanasında da heç bir tibbi yardım almır. Baxmayaraq ki, Seyidov dağınıq sklerozdan əziyyət çəkməklə yanaşı, həm də onun qan təzyiqi çox yüksəkdir. Belə bir vəziyyətdə müalicəsiz qalması isə həyatına real təhlükə deməkdir.
Fəxrəddin Mehdiyev təqsirləndirilən 25 nəfərdən 19-nun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyini qeyd edərək, məhkəmənin hökmü bəlli olana qədər digər 6 nəfərə qarşı da eyni münasibət göstərilməsinin vacibliyini vurğuladı: “Kim təminat verə bilər ki, Azər Cəfərli ilə bağlı baş verənlər digərlərinin başına gəlməyəcək?”
Elnur Seyidovun timsalında ağır xəstəlikdən əziyyət çəkən adamın həbsdə saxlanılması və müalicəsinə imkan verilməməsini işgəncə kimi qiymətləndirən Fəxrəddin Mehdiyev həmçinin “Texnikabank” işi üzrə təqsirləndirilən şəxslərin MTN-də saxlanılmasına da etiraz etdi.
“Biz məhkəmənin hazırlıq iclasında da Elnur Seyidovun səhhətindəki problemləri əsas gətirərək, barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmışdıq. Təəssüf ki, məhkəmə vəsatətə formal baxaraq, onu təmin etmədi. Bu adamın həyatına real təhlükə var. Əgər hər hansı xoşagəlməz hal yaşansa, məsuliyyət məhkəmənin üzərində qalacaq. Biz istintaqa onun xəstəliyilə bağlı yetərincə sübutlar təqdim etsək də, əhəmiyyət verilmədi. Istəməzdik ki, istintaqın günahını məhkəmə öz üzərinə götürsün”, – deyə vəkil bildirib.
Elnur Seyidov özü də vəziyyətinin ağırlığından danışıb.
Vəkillər müdafiə etdikləri şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatətləri yazılı şəkildə məhkəməyə təqdim ediblər.
Qeyd edək ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri, iş materiallarında mütəşəkkil cinayətkar dəstənin başçısı kimi təqdim olunan Etibar Əliyev də səhhətindəki problemlərlə əlaqədar dünənki məhkəmə iclasında iştirak etmirdi. Təqsirləndirilən şəxslərdən ikisinin iştirakı olmadığından vəsatətlərin müzakirəsi mayın 1-də keçiriləcək növbəti məhkəmə iclasına saxlanıldı.
Aytən Məmmədova


